“Əgər mən xəstələnsəm, körpəmin qayğısına kim qalacaq?”. Bu anaları narahat edən çoxsaylı suallardan biridir. Əlbəttə ki, fəal, sağlam körpə hər zaman qayğı tələb edir. Ana xəstə olanda isə, tələb daha da artır. Əmin olmalısız ki, körpənizi südlə əmizdirmək, ona qayğı göstərməyinizi çox asanlaşdıracaqdır. Soyuqdəymə və qrip kimi kiçik nasazlıqlar zamanı ümumiyyətlə körpəni süddən ayırmaq barədə düşünmək lazım deyil. İnfeksiya sizin südünüzlə körpəyə keçmir və o mikroblara artıq siz xəstələndiyiniz gündən məruz qalıb. Bəlkə də ondan daha əvvəl.

Sizə soyuq dəyəndə və ya qripə yaxalandığınızda, südünüz körpənizi infeksiyaya yaxalanmaqdan qoruyur. Süd verən ananın orqanizmi, körpəsinin məruz qaldığı mikroblara xüsusi anti-cisimlər ifraz edir. Bu anti-cisimlər süd vasitəsilə körpəyə ötürülür. Süd verməyə davam eləmək, həmçinin siz özünüzü yaxşı hiss etmədiyinizdə sizin üçün əlavə istirahətdir. Körpəni qəfil süddən ayırmaq, nə sizin üçün, nə də körpəniz üçün yaxşı deyil.

Əgər xəstəliyiniz daha ciddidirsə, Sağlamlıq üzrə Məsləhətçi Şuranın həkimləri yenə də süd əmizdirməyə davam etməyi məsləhət görürlər. Süd əmizdirmə sizdən çox az səy tələb edir, süd əmizdirdikdə siz daha çox istirahət edirsiz. Bundan əlavə, südünüz körpənizin xoşbəxt və sağlam böyüməsinə kömək edir.

Əgər ciddi xəstələnsəniz və həkiminiz körpəni süddən ayırmağı təklif eləsə, ona süd əmizdirmənin hər ikiniz üçün necə əhəmiyyətli olduğunu izah edin. Həkiminiz yenə də körpəni süddən ayırmaqda israrlıdırsa, pediatrla və ya ikinci bir həkimlə məsləhətləşərək körpənizi süddən ayırmamaq üçün bir yol axtarıb tapa bilərsiniz. Öz vəziyyətinizi yerli süd əmizdirmə məsləhətçinizlə müzakirə edə bilərsiz. Çox güman ki o, süd əmizdirməni dəstəkləyən digər həkimlər tanıyır.

 

Mənbə: La Leche League International, “The Womanly Art of Breastfeeding”, Seventh Revised Edition

Tərcümə: Xumar Ərşadlı

 

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.