Ana südünün faydasını bilirik, bəs anaları dəstəkləyirikmi?

Respondentlərin 92,1%-i ana südünü körpə üçün ən yaxşı qida hesab edir. Buna baxmayaraq, Azərbaycanda ana südü ilə qidalanma göstəriciləri hələ də aşağıdır. 545 nəfərin iştirak etdiyi araşdırma bunun səbəbinin anaların seçimindən daha çox onları əhatə edən mövcud şəraitlə bağlı olduğunu göstərir.

Bu araşdırmanın əsası 2019-cu ildə, Edinburq Universitetində təhsil aldığım dövrdə qoyulub. Ana südü ilə qidalanmaya mane olan əsas amilləri müəyyənləşdirmək və onların aradan qaldırılması üçün elmi sübutlara əsaslanan tövsiyələr hazırlamaq məqsədi daşıyan bu layihə sosial təşəbbüs kimi Clinton Global Initiative University proqramına seçilib.

2020–2021-ci illərdə 545 nəfərin iştirakı ilə sorğu keçirilib, nəticələr isə tədqiqatçılar Hetal Kharecha və Leah Ruppanner ilə əməkdaşlıq çərçivəsində təhlil olunub. Araşdırma 2026-cı ildə “Qanun” jurnalında nəşr edilib. Tədqiqat əsasında ana südü ilə qidalanmanın artırılmasına və analara göstərilən dəstəyin gücləndirilməsinə dair tövsiyələrim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edilib.

Ana südü ilə qidalanma üzrə məlumatlılıq səviyyəsi yetərli deyil

Sorğunun nəticələri göstərir ki, cəmiyyətdə ana südünə münasibət əsasən müsbətdir. Respondentlərin 92,1%-i ana südünü süni qidadan üstün hesab edir, 91,7%-i isə onun körpənin immun sistemini gücləndirdiyini bilir.

Buna baxmayaraq, respondentlərin yalnız 26,3%-i ana südünün qəfil körpə ölümü sindromu riskini azaltdığını, 21%-i isə analarda ürək-damar xəstəlikləri və 2-ci tip diabet riskinin azalması ilə əlaqəsini bilir.

Daha diqqətçəkən göstərici isə budur: iştirakçıların cəmi 8%-i Ümumdünya Səhiyyə Təşkilatının uşaqların iki yaşadək və ya daha uzun müddət ana südü ilə qidalandırılması tövsiyəsindən xəbərdar olub.

Bu nəticələr göstərir ki, “ana südü faydalıdır” mesajı təkbaşına kifayət etmir. Ailələr ana südünün faydaları, tövsiyə olunan müddət və qarşılaşa biləcəkləri çətinliklər barədə praktik və aydın məlumat almalıdırlar.

Anaların əsas məsləhətçisi sosial mediadır

Respondentlərin 54,7%-i ana südü ilə bağlı məlumatı sosial mediadan əldə etdiyini bildirib. Xəstəxanalardakı buklet və plakatları məlumat mənbəyi kimi göstərənlərin payı isə 34,5% olub.

Sosial media geniş auditoriyaya çatmağa imkan verir, lakin burada elmi əsası olmayan məsləhətlər, ana südü ilə qidalanma çətinliklərinin yanlış təqdimatı və süni qidaların dolayı təşviqi də yayıla bilər. Bu cür məlumatlar anaların özünəinamına və qərarlarına təsir göstərir.

Respondentlərin 16,7%-nin ana südü ilə bağlı heç bir maarifləndirici material ilə qarşılaşmaması da etibarlı məlumatın hər kəs üçün əlçatan olmadığını göstərir.

“Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Qanun tibb müəssisələrinin üzərinə anaları ana südünün üstünlükləri barədə məlumatlandırmaq öhdəliyi qoyur. Buna görə səhiyyə müəssisələri yalnız ümumi məlumat verməklə kifayətlənməməli, anaları hamiləlik dövründən başlayaraq elmi əsaslı və praktik məsləhətlərlə təmin etməlidir.

İşə qayıtmaq ana südü ilə qidalanmanın sonu olmamalıdır

İş mühiti ana südü ilə qidalanmanın davam etdirilməsinə birbaşa təsir göstərir. Birləşmiş Ərəb Əmirliklərində aparılan araşdırmada respondentlərin 67,4%-i əmizdirməni dayandırmasının əsas səbəblərindən biri kimi işlə bağlı çətinlikləri göstərib.

Tədqiqatımızın ən mühüm nəticələrindən biri də iş yerlərində süd verən analara göstərilən dəstəyin kifayət qədər olmamasıdır.

İşləyən respondentlərin 72,5%-i laktasiya dəstək proqramlarından, 65,1%-i isə Əmək Məcəlləsində nəzərdə tutulan əmizdirmə fasilələrindən xəbərsiz olduğunu bildirib. Respondentlərin 43,1%-i iş yerində ana südü ilə qidalanmanı dəstəkləyən heç bir şəraitin (laktasiya otaqları, südün saxlanılması üçün şərait, əmizdirmə fasilələri) olmadığını qeyd edib.

Bu rəqəmlər göstərir ki, hüquqların qanunda yazılması onların praktikada işləməsi demək deyil.

İş yerlərində laktasiya otaqları, südün saxlanılması üçün şərait, əmizdirmə fasilələri və çevik iş imkanları yaradılmalıdır. İşə qayıtmaq ana südü ilə qidalanmanın sonu olmamalıdır.

İctimai yerlərdə əmizdirməyə münasibət

Respondentlərin 43,9%-i ictimai yerlərdə ana südü ilə qidalanmanı məqbul hesab etmədiyini bildirib. Bunun əsas səbəbləri kimi mentalitet, etik normalar və ictimai qınaq qorxusu göstərilib.

Araşdırma göstərir ki, ana südü ilə qidalanma təbii proses kimi qəbul edilsə də, bu münasibət ictimai yerlərdə əmizdirməyə eyni rahatlıqla yanaşılması üçün kifayət etmir. Döşün qidalandırıcı funksiyasından daha çox cinsi obyekt kimi qəbul edilməsi ana südü ilə qidalanmanın təbii mahiyyətini kölgədə qoyur.

Nəticədə analar körpələrinin ehtiyacını qarşılamaqla cəmiyyətin reaksiyasından yayınmaq arasında seçim etməli olurlar.

ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və bir sıra Avropa ölkələrində ictimai yerlərdə ana südü ilə qidalanma qanunla qorunur. Bu hüquqa müdaxilə və ya anaya fərqli münasibət bu ölkələrdə cinayət sayılır.

Azərbaycanda da ictimai yerlərdə ana südü ilə qidalanmanı açıq şəkildə qoruyan hüquqi normanın qəbul edilməsi vacibdir. Belə bir hüquqi təminat yalnız anaların hüquqi müdafiəsini gücləndirməklə yanaşı, cəmiyyətə də aydın mesaj verər: körpəni ana südü ilə qidalandırmaq təbii ehtiyacdır, normal davranışdır və qanunla qorunmalıdırş

Analar ana südünü seçir, mövcud şərait isə onları yetərincə dəstəkləmir.

Araşdırmanın əsas nəticəsi aydındır: Azərbaycanda insanların böyük əksəriyyəti ana südünün əhəmiyyətini qəbul edir. Buna baxmayaraq, analar etibarlı məlumat çatışmazlığı, iş yerlərində zəif dəstək və ictimai təzyiqlə üzləşirlər.

Ana südü ilə qidalanma göstəricilərinin artırılması üçün:

  • səhiyyə müəssisələrində maarifləndirmə gücləndirilməli;
  • elmi əsaslı məlumatlara çıxış asanlaşdırılmalı;
  • çalışan anaların hüquqları praktikada təmin edilməli;
  • iş yerlərində laktasiya otaqları, südün saxlanılması üçün şərait və əmizdirmə fasilələri yaradılmalı;
  • ictimai yerlərdə ana südü ilə qidalanma hüquqi baxımdan qorunmalıdır.

Anaları ana südü ilə qidalandırmağa çağırmaq asandır. Vacib olan anaların bu seçimi inamla, rahatlıqla və maneəsiz davam etdirə biləcəyi dəstəkləyici mühit yaratmaqdır.

Müəllif: Tomris Quluzadə
Edinburq Universitetinin Hüquq və İqtisadiyyat fakültəsinin məzunu

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram