Mastit süd vəzinin iltihabi xəstəliyidir. Bu hal xüsusilə, ilkin doğuş keçirmiş xanımlarda südvermə dövründə yaranır. Lakin doğuşdan əvvəl, ya da doğuş və ya hamiləlikdən asılı olmayaraq nadir hallarda qızlarda və kişilərdə də yarana bilər. Mastitin əsas səbəblərindən biri infeksiyadır. İnfeksiyanın törədiciləri adətən stafilokok və streptokoklar olur. Bu infeksiyaların mənbəyi dəri səthi hesab edilir. Dəri səthində olan bu mikroorqanizmlər gilə və gilə ətrafındakı çatlardan süd vəzisinə daxil olaraq mastitin yaranmasına səbəb olur. Bu zaman süd vəzi nahiyəsində ağrı, qızartı, bərkləşmiş iltihab ocağı, hərarətin yüksəlməsi və s. müşahidə edilir.

Mastit zamanı tətbiq edilən xalq təbabəti üsulları

20 qr adi dazıotu otu, 20 qr at pıtrağı kökü, 10 qr dərman xəşəmbülün çiçəkləri, 10 qr dəmrovotu otu və 20 qr adi yasəmən çiçəkləri qarışdırılır, qarışıqdan 2 xörək qaşığı götürülərək üzərinə 1 stəkan su əlavə edilir, 1 dəqiqə qaynadıldıqdan sonra 2 saat dəmə qoyulur. Süzüldükdən sonra alınmış məhlulla mastit nahiyəsinə islatma edilir. Əvvəlcədən həmin nahiyəni soğan suyu ilə silmək lazımdır.
Qaynadılmış soğan əzmə halına salınır və 2:1 nisbətində balla qarışdırılır. Tam sağalana qədər gündə 2-3 dəfə 3-4 saat müddətinə xəstə nahiyəyə qoyulur.

İrinli mastit zamanı xəstə nahiyəyə süddə bişirilmiş balqabaq əzməsi islatma şəklində qoyulur. İslatmadan əvvəl əzməyə bir qədər şəkər tozu əlavə edilir.

Zəyərək bitkisinin toxumları üyüdülərək un halına salınır və bir qədər təzə təbii süddə bişirilir. Bişirilərkən qarışığa şəkər tozu əlavə edilir. Əmələ gəlmiş kütlə gündə iki dəfə səhər və axşam mastit sağalana qədər süd vəzisinə yaxılır.

Xırdalanmış cəfəri dəmləməsi də effektli təsir göstərir. Gecə yatmazdan əvvəl süd vəzi nahiyəsinə bitki yağında isladılmış təmiz kətan dəsmalla islatma qoyulur.

Təzə dərilmiş kələm yarpaqları döşlərə yapışdırılır.

Çovdar unu, əridilmiş təmiz kərə yağı və təzə təbii süd yumşaq xəmir alınanadək qarışdırılır və qarışıq bir gecə saxlanılır, səhəri gün isti halda ağrılı nahiyələrə qoyulur. Ağrı gedənə qədər prosedur təkrar edilir.

Çay göbələyindən bir hissə kəsilib ağrı olan nahiyələrə qoyulur, üzərindən tənziflə sarınır. Prosedur 5-7 gün yatmazdan əvvəl təkrarlanır.

1 hissə qoz yarpağı, hərəsindən 2 hissə olmaqla dərman adaçayı (sürvə) yarpağı və mayasarmaşığı qozası qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə 2 stəkan qaynar su əlavə edilir və 1 saat müddətinə dəmə qoyulur. Süzüldükdən sonra gündə 3-4 dəfə 0,5 stəkan yeməkdən 1 saat sonra laktasiyanı azaltmaq üçün daxilə qəbul edilir.

Süd vəzisinin bərkləşmiş nahiyələrinə sürtgəcdən keçirilmiş kök, sabun suyu ilə qarışdırılmış paxla unu, təzə kələm yarpaqları, təzə dərilmiş dəvədabanı və ya at pıtrağı yarpağı qoyulur.

Düyü unu su ilə xama konsistensiyası alınana qədər qarışdırılır. Qarışıq tənzifin üzərinə yaxılaraq süd vəzinin üzərinə qoyulur və 3 saat saxlanılır.

Kartof nişastası üzərinə bitki yağı əlavə edilərək məlhəm konsistensiyası alınana qədər qarışdırılır. Süd vəzi alınmış qarışıqla masaj edilir.

50 qr naringi qabığı 10 qr şirin biyan kökü ilə qarışdırılır. Qarışıq 2 yerə bölünərək dəmlənilir və gündə 2 dəfə daxilə qəbul edilir. Alınmış dəmləmə ilə süd vəzisinə yerli islatma da etmək olar.

Nərgiz bitkisinin soğanağı təmizlənilir, xırdalanır, qatı düyü sıyığı və ya çovdar unu ilə qarışdırılır. Qarışıq gündə 2-3 dəfə ağrılı nahiyələrə çəkilir. Müəyyən müddətdən sonra isti su ilə yuyulur.

Hərəsindən 4 xörək qaşığı olmaqla dərman xəşəmbülün çiçəkləri, evkalipt yarpağı və yapon soforasının qönçələri qarışdırılır, qarışıqdan 3 xörək qaşığı götürülüb üzərinə 200 ml qaynar su əlavə edilərək müəyyən müddət qaynadılır. Soyudulduqdan sonra süzülür, üzərinə 100 qr kərə yağı əlavə edilib qarışdırılır. Alınmış məlhəm salfetlə süd vəzisinin bərkimiş nahiyələrinə çəkilir.

1-2 xörək qaşığı yapon soforasının meyvələri üzərinə 0,5 l araq tökülüb 10 gün müddətinə mütəmadi silkələnərək isti yerdə saxlanılır. Alınmış çıxarışla süd vəzisi silinir.

Toz halına salınmış 30 qr qara zirə toxumu və 30 qr istiotlu nanə yarpağı qarışdırılır, qarışığa çovdar unu əlavə edilərək su ilə xəmir yoğurulur. Xəmir isidilib süd vəzisinin irin olan nahiyələrinə qoyulur. Müalicə bir neçə gün davam etdirilir.

1/2 stəkan quru dərman xəşəmbül otunun çiçəkləri və yarpaqları üzərinə qaynar su əlavə edilərək 5-10 dəqiqə dəmlənilir. Əmələ gəlmiş qatı dəmləmə ilə dəsmal isladılır və bununla süd vəzisi sarınır. İsti saxlamaq üçün sarğının üzərindən yun dəsmal bağlanır və 2 saatdan sonra prosedur təkrarlanır.

1 çay qaşığı qurudulmuş dəmrovotu yarpaqlarının üzərinə 2 çay qaşığı ərinmiş yağ əlavə edilərək qarışdırılır. Əmələ gəlmiş məlhəm süd vəzisində ağrılı nahiyələrin üzərinə çəkilir. Bu məqsədlə dəmrovotunun şirəsindən də istifadə etmək olar.

Təzə çuğundur sürtgəcdən keçirilir və 3:1 nisbətində balla qarışdırılır. Qarışıq süd vəzisinin üzərinə qoyularaq bütün gecəni saxlanılır. Səhər tezdən qarışıq vəzinin üzərindən götürülüb soyuducuya qoyulur və süd vəzisi ilıq su ilə yuyulur. Həmin gecə prosedur yenidən təkrarlanır. Növbəti təkrarlanmalar zamanı yaxşı olar ki, təzəcə sürtgəcdən keçirilmiş çuğundurdan istifadə edilsin.

[notification type=”notification_warning” ]Diqqət! Sadalanan bütün bu prosedurları özbaşına deyil, mütləq həkim məsləhəti ilə etmək lazımdır.[/notification]

Mastit zamanı xanımlara kiçik məsləhətlər

  • Düzgün və rasional qidalanmaq;
  • Hər gün duş qəbul eləmək;
  • Düzgün istirahət etmək;
  • Əmizdirmədən öncə əlləri və süd vəzisini yumaq;
  • Süd vəzisində hətta kiçik çat olduqda belə onu antiseptik məhlulla silmək;
  • Əmizdirmə zamanı körpənin ağzının giləni və gilə ətrafını əhatə etməsinə diqqət yetirmək;
  • Əmizdirmə zamanı süd vəzinin hər bir hissəsinə eyni miqdarda təzyiq düşməsi üçün körpənin vəziyyətini tez-tez dəyişmək;
  • Əmizdirdikdən sonra giləni körpənin ağzından çıxarmaq;
  • Əmizdirmədən sonra süd vəzisində qalmış südü giləyə toxunmadan əllə və ya xüsusi südsağıcı aparatla çıxarmaq; sonra gilə və gilə ətrafını yuyaraq yaxşıca qurulamaq;
  • Hər gün büsthalteri dəyişmək, yuduqdan sonra yaxşıca qurulayıb ütüləmək.

Müəllif: Zümrüd ƏHMƏDOVA

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.