“Radaa” Ərəb mənşəli söz olub, tərcümədə “anasını əmmək”, istilahi mənada isə süd qardaşlığını ifadə edir. Körpənin doğma anasından başqa bir qadın tərəfindən əmizdirilməsinə dair məlumat istər Qurani Kərimdə, istərsə də Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) səhih Sünnəsində kifayət qədər yer verilmişdir. İslam cəmiyyətinin təbii tərkib hissəsi olan bu proses qohumluq əlaqələrinin, məhrəm – naməhrəm münasibətlərinin tənzimlənməsində, fiqhi qaydaların təyinində olduqca əhəmiyyətlidir.
Lakin Şəriət prizmasından körpənin başqa qadın tərəfindən əmizdirilməsinin süd qohumluğunu əmələ gətirməsi üçün iki şərtin gözlənilməsi vacibdir:
1. Əmizdirmə uşağın həyatının ilk iki ili ərzində həyata keçirilməlidir. İslamda iz qoymuş hədis alimi Buxari də özünün “Səhih” kitabında bu barədə bəhs edən hədisləri “İki yaşdan sonra əmizdirmə yoxdur” başlığı altında cəm etmişdir. Çünki Uca Allah buyurmuşdur: “Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. (Bu,) əmizdirməni tamamlamaq istəyənlər üçündür”. (əl- Bəqərə surəsi, 233)
2. Körpənin başqa qadın tərəfindən əmizdirilməsi beş və daha artıq sayda həyata keçirilməlidir. Ümmü Fadl (Allah ondan razı olsun) bildirir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Bir və iki dəfə əmizdirmək (evlənməyi) haram etməz”. Digər hədisdə Aişə (Allah ondan razı olsun) belə deyir: “Qurandan ən əvvəl nazil olan on dəfə əmizdirməyi haram edərdi. Sonra isə beş dəfə ilə nəsx (hökmü ləğv) olundu.”
İbn Qeyyim əl-Cəuziyyə (Allah ona rəhmət etsin) buyurur: “Bir tam əmizdirmə körpənin öz istəyi ilə əmməyə başlamasından (öz istəyi ilə) döşü buraxmasınadək davam edən müddəti əhatə edir. Uşağın nəfəsini dərmək üçün yaxud diqqətinin yayınması səbəbi ilə döşdən ayırılıb, daha sonra dərhal əmməyə davam etməsi də say etibarilə bir əmizdirmənin tərkib hissəsi kimi dəyərləndirilir. Bu, böyük İslam alimi Muhamməd ibn İdris ibn Şafiinin (Allah ona rəhmət etsin) rəyidir. Həmçinin bir döşü əmdikdən sonra dərhal ikinci döşü sormağa başlaması da anoloji formada qiymətləndirilir”.
Bu barədə İbn Qudamə (Allah ona rəhmət etsin) əmizdirmə sayında şübhə olduğu təqdirdə bunun konkret fakt kimi qiymətləndirilmədiyini və süd qohumluğunun yaranmasına zəmin yaratmadığını bildirmişdir.
Onu da qeyd etmək lazımdır ki, südün qadından sağılaraq, şüşə, plastik qab və ya digər alternativ üsullarla yaxud ənənəvi yolla körpə tərəfindən qəbul edilməsi fiqhi nöqteyi-nəzərdən eyni hökmdədir.
Bəs süd kimləri bir – birinə qohum edir və evlənməkləri üçün maneə yaradır? Bu barədə Qurani Kərimdə buyurulur: “Sizi əmizdirən süd analarınız, süd bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları, -yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, -öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi”. (ən-Nisa surəsi, 23)
Eləcə də Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) demişdir: “Qan yolu ilə haram olan süd yolu ilə də haramdır.”
Həmçinin bilmək lazımdır ki, əmizdirən qadının südü ərinin mənisi (sperması) etibarilə əmələ gəldiyindən alimlər tərəfindən “südün sahibi” adlandırılmış həmin kişi də birbaşa olaraq süd atasına çevrilir. Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) Aişənin (Allah ondan razı olsun) yanına süd əmisinin gəlməsinə izin verməsinə dair hədis buna dəlildir.
Bütün bunlara əsaslanaraq Abd al-Aziz ibn Baaz (Allah ona rəhmət etsin) bildirmişdir: “Əgər körpə başqa bir qadın tərəfindən həyatının ilk iki ili ərzində beş və daha artıq sayda əmizdirilirsə, həmin uşaq onun və südün sahibi olan ərinin süd oğlu, yaxud qızına, onların öz yaxud başqa həyat yoldaşlarından olan övladlarının isə süd bacı, yaxud qardaşına çevrilir. Eləcə də əmizdirən qadın və südün sahibi olan ərinin ata və anaları, qardaş və bacıları körpənin müvafiq olaraq süd nənə, baba, əmi, dayı, bibi və xalalarına çevrilir”.
Qeyd etmək lazımdır ki, Şəriət nöqteyi nəzərindən süd ata və ananın əmizdirilən körpədən əvvəl, yaxud sonra doğulmasından asılı olmayaraq bütün uşaqları həmin körpənin süd bacı və qardaşları kimi qiymətləndirilir.
Aktual məsələlərdən biri də doğum evləri, süd bankları kimi müəssisələrdə müxtəlif anaların südünün qarışdırılaraq laktasiya ilə bağlı problem yaşayan digər qadınların körpələrinə verilməsidir. Muhamməd ibn Salih əl-Useymindən (Allah ona rəhmət etsin) Amerika Birləşmiş Ştatlarında təsis olunan süd banklarında əmizdirən anaların südünün sağılaraq satın alınmasının, sonra isə bu südün laktasiya problemi yaşayan qadınlara satılmasının icazəli olub-olmadığı soruşulduqda böyük alimin cavabı belə olmuşdur: “Belə müəssisələrin fəaliyyəti müxtəlif qadınların südünün qarışması etibarilə süd valideynlərinin kimliyinin bilinməməsinə gətirdiyi üçün qadağandır. Bu da İslam nöqteyi nəzərindən gələcəkdə qız, yaxud oğlanın qan qohumu ilə eyni dəyərləndirilən süd qohumluğu ilə məhrəmləşən kəslə ailə qurmasına gətirib çıxara bilər. Lakin həmin banklarda insan istisna olmaqla, digər mənşəli südün alqı-satqısı həyata keçirilirsə, bunda bir problem yoxdur”.
Əmizdirmənin İslami ədəbləri
Allahın izni ilə tərtib olunan bu məqalənin əsas məqsədlərindən biri də əmizdirmənin İslam ənənələrinə riayət edilərək aparılmasında köməkçi vəsait olmasıdır.
Çətin anlarda Allahdan kömək diləmək. Müsəlman qadın bütün işlərində ilk növbədə Uca Allahdan kömək istədiyi kimi, əmizdirmədəki çətinliklərin asanlaşması üçün də hər şeydən əvvəl Rəbbinə üz tutmalı və bilməlidir ki, Onun asanlaşdırdığından başqa asan olan heç bir şey yoxdur: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!”. (əl-Fatihə surəsi, 5)
“Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!”. (əl-Fatihə surəsi, 5)
Eləcə də əmizdirməklə bağlı meydana gələ biləcək sağlamlıq problemlərində Şəriətlə varid olan müalicə metodlarından müvafiq olaraq faydalanmalıdır. Böyük İslam alimi Muhamməd ibn Salih əl-Useymin (Allah ona rəhmət etsin) Ər-Riyaddakı xəstəxanaların birində həkimlərə verdiyi sonuncu dərsində Şəriətlə müalicə metodunun istər qəlb, istərsə də fiziki xəstəliklərin sağalmasında ən əfzəl üsul olduğunu bildirərək qeyd etmişdir ki, bu üsullar birbaşa təsirdən əlavə, həmçinin insanın ümidinin yalnız Allaha bağlanmasına, imanının artmasına səbəb olur.
Təqvalı olmaq. Dünya həyatında insana verilmiş istənilən nemət kimi, övlad neməti də insan üçün ya onu Uca Allaha tabeçiliyə, ya da asiliyə apara bilən bir imtahandır: “Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah dərgahındadır” . (əl- Ənfal surəsi, 28)
Bu qayda ana – övlad münasibətlərinin bütün sahələrinə aid olduğu kimi, süd əmizdirməyə də şamildir. Bəzən gənc ananın Uca Allah qarşısında borclarını (fərz əməlləri) unudaraq, bütövlüklə vaxtını südəmər körpəsinə verdiyinin şahidi olmaq olar ki, bu da insanın əsas yaradılış qayəsi olan Tövhidə zidd əməl olub, övladın haqlarının Xaliqin haqları ilə eyni, hətta daha üstün tutulması şəklində özünü biruzə verir. Nəticədə isə zamanını düzgün planlaşdırmadığı üçün vaxt azlığından şikayətlənərək, namaz, oruc və zikr kimi əməllərin bilərək tərk edilməsi və gecikməsi, hicaba səhlənkar münasibət, imanın zəifləməsi və s. kimi naqisliklərin meydana çıxmasına zəmin yaranır. Ona görə də hər bir müsəlman qadın artıq hamiləlik dövründən üzərinə düşən məsuliyyəti dərk edərək uşaq baxımına dair məlumat toplamalı, vaxtını optimal şəkildə planlaşdırmalı, ilk növbədə Rəbbinə, daha sonra isə həyat yoldaşına, valideynlərinə, övladlarına və s. üzərində haqqı olan insanların haqlarını ödəməyə can atmalıdır. Allahın lehinə olaraq etdiyi bu seçim səbəbi ilə Ər-Rəhman da onun bütün dünya işlərini qaydaya salacaqdır. Belə ki, Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kimin niyyəti Axirəti qazanmaq olarsa, Allah onun dünya işlərini yoluna qoyar”.
Övrətə diqqət etmək. Əmizdirərkən ən çox yayılmış xətalardan biri də qadınların ərləri istisna olmaqla, digərlərindən gizlədilməsi labüd olan bədən hissələrini göstərməkdə səhlənkar davranmaları və bunu süd verməyin təbii bir proses olmağı ilə əlaqələndirmələridir. Əslində isə müsəlman qadının ona yad (naməhrəm) olan kişilər qarşısında hicaba əməl etdiyi kimi, doğma (məhrəm) olan insanlar, qadınlar və uşaqlar yanında da övrətə dair bir sıra ədəblərə riayət etməyi gərəkdir. Bu da həyadan irəli gəlir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Həya xeyirdən başqa bir şey gətirməz.”
İslam alimi Saleh Fəuzan ali Fouzan deyir: “Əri istisna olmaqla qadına əmr olunur ki, hər kəsin yanında gen və (bədənini) örtən paltarlar geyinərək övrət hesab olunan hissələrini gizlətsin”.
Eləcə də artıq ağlı kəsməyə başlayan uşaqların yanında qadın övrətinin açılmasında səhlənkarlıq göstərməməlidir ki, onların tərbiyəsində pozğunluğa səbəb olmasın. Dr. Xalid ibn əl-Muşəyqih bu dövrün 4 – 5 yaşdan etibarən başladığını bildirir.
Ona görə də müsəlman qadın əmizdirərkən daha ehtiyatlı tərpənməli, mümkün qədər xəlvətə çəkilərək, süd verərkən övrətini yad nəzərlərdən gizlətməyə çalışmalıdır.
Ona görə də müsəlman qadın əmizdirərkən daha ehtiyatlı tərpənməli, mümkün qədər xəlvətə çəkilərək, süd verərkən övrətini yad nəzərlərdən gizlətməyə çalışmalıdır.
“BismiLLəh”lə başlamaq. Gözlənilən ədəblərdən biri də əmizdirməyə “BismiLLəh” kəlməsi ilə başlamaqdır. Bu həm körpənin qulağının südəmər yaşlarından İslam ədəblərinə alışması, həm də hər işin Allahın adı ilə başlanması baxımından əhəmiyyətlidir. Belə ki Ələq surəsinin ilk ayəsini təfsir edərkən, İbn Cərir (Allah ona rəhmət etsin) belə deyir: “Allah Öz Rəsulu Muhəmmədi (Allahın ona salavat və salamı olsun) və onun vasitəsi ilə insanları işlərini Onun Adı ilə başlamağa təşviq edir.”
Sağdan başlamaq. Sünnədə varid olan gözəl əməllərdən biri də yaxşı işlərə sağ tərəfdən başlamaqdır. Belə ki Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) bütün işlərinə – dəstəmaz aldıqda, saçını daradıqda, ayaqqabı geyindikdə, yeməkdə, içməkdə, paltar geyindikdə sağdan başlamağı xoşlayardı”.
Nəfs tərbiyəsi. Fitri şəkildə övladının qayğısına qalmaq hissi bir çox analarda uşaq tox olsa da, əmizdirməyə çalışmaq və s. kimi ifrat formalarla müşayət olunur. Saleh müsəlmanlar uşaq nəfsinin tərbiyəsinin hələ ana bətnindən başladığını və bu kimi əməllərin yanlış olduğunu bildirərək, onun uşağın tənbəlliyə, arxayınçılığa, toxluğa öyrəşməsinə və həyatının sonrakı mərhələlərində çətinliklərə qarşı səbr edə bilməməsinə gətirib çıxardığını göstərmişlər. Beləliklə də müsəlman valideynləri daha təmkinli olmağa səsləmişlər. Bu barədə böyük İslam alimi İbn Qeyyim əl-Cəuziyyə (Allah ona rəhmət etsin) uşağın ehtiyacından artıq qidalanmasının istər nəfs, istərsə də bədən sağlamlığı baxımından düzgün olmadığını qeyd etmişdir.
Dişləri çıxanadək ancaq süd vermək. Kənar təsirlərə məruz qalan anaların yol verdikləri geniş yayılmış səhvlərdən biri kimi uşağa ana südündən əlavə olaraq qida verməkdə tələsməklərini göstərmək olar. Buna misal olaraq 1, 2, 3 aylıq körpəyə alma və və tərəvəz şirəsi, sıyıq və s. qida məhsullarının verilməsi kimi adət halını almış yanlış addımları göstərmək olar. Nəticədə isə edilən xətalar əksər hallarda bağırsaqda kifayət qədər fermentlərin formalaşmaması ilə bağlı olaraq körpənin fizioloji və psixoloji sağlamlığında problemlərin meydana gəlməsi, eləcə də südün azalması, kəsilməsi ilə müşayət olunur. Ona görə də anadan və körpənin yaxınlarından tələb olunan tələsməmək, ən azından dişləri çıxanadək səbr etmək, uşaq orqanizminin fərdi inkişaf və instinktiv ehtiyaclarına tam şəkildə etibar etməkdir. Çünki bu sistemi Uca Xaliq yaratmışdır və Onun yaratdığı hər şey kamildir.
İbn Qeyyim əl-Cəuziyyə (Allah ona rəhmət etsin) dişləri çıxanadək körpələrə əlavə qida verilməsinin düzgün olmadığını qeyd edərək bu dövrədək ana südündən əlavə hər şeyin bağırsaq üçün zərər mənbəyi olduğunu bildirmişdir.
Vaxtdan səmərəli istifadə etmək. Körpənin dünyaya gəlişi ilə müsəlman qadının həyat tempi də dəyişir, sürətlənir. Əgər əvvəllər o istər dünyası, istər Axirəti üçün bol – bol vaxt sərf edə bilirdisə, analıq təcrübəsinə keçməklə bəzən hətta yemək, içmək, gigiyena kimi ən zəruri ehtiyaclardan belə körpənin lehinə fədakarlıq etməli olur. Əvvəlcədən özünü buna hazırlamayan qadında bir sıra mənəvi problemlər baş qaldırır, dininə kifayət qədər vaxt ayıra bilmədiyindən iman zəifliyindən şikayətlənməyə başlayır. Əslində isə düşündükdə başlıca problem insanın özündə, vaxtın düzgün planlaşdırılmamasındadır. Çünki: “Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz.” (əl-Bəqərə surəsi, 233)
Zamanını səmərəli etmək üçün müsəlman qadın planlı şəkildə, hər dəfə övladını əmizdirərkən texnikanın münasib nailiyyətlərindən istifadə edərək, Quran ayələrini dinləyib əzbərləməklə yanaşı, müxtəlif dini dərslərə də qulaq asıb Sünnədə varid olan zikrləri edə bilər. Beləliklə də, necə deyərlər, “bir daşla iki quş vurmuş” olar. Bu həm körpənin qulağının elə ilk günlərdən Allah kəlamına, xeyir sözə alışması, həm də qadının öz imanındakı kəsirləri bərpa etməsi baxımından olduqca faydalı məşğuliyyətdir.
Qiyam ül-Leyl. Gecə vaxtı əmizdirmək məşəqqətli proses kimi görünsə də, baxış bucağından asılı olaraq bunun müsbət tərəfləri mövcuddur. Əslində bu, hər işdə bir xeyir olduğuna iman edən müsəlman qadın üçün Allahın lütfüdür. Əvvəldə qeyd edildiyi kimi laktasiyanın uğurla davam etdirilməsinin başlıca səbəblərindən biri olan proklatin hormonunun həcmi məhz gecə saatlarında artır. Eləcə də körpənin dünyaya gəlməsi ilə yuxunun hissələrə bölünməsi müsəlmanın ibadətlərində əhəmiyyətli yer tutan gecə namazlarına qalxmağı bilavasitə olaraq asanlaşdırır. Yəni heç bir əlavə səy göstərmədən yalnız analıq səbəbi ilə Uca Allah müsəlman qadın üçün orqanizmini gecə ibadətlərinə alışdırmağa şərait yaradır. Möminə xanım isə öz növbəsində Quran ayələrində bu ibadətin möminləri necə şərəfləndirdiyini xatırlayaraq savab qazanmaq üçün əlinə düşən bu fürsəti qaçırmamağa çalışmalıdır: “Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Etdikləri əməllərin mükafatı olaraq onlar üçün gözlərinə sevinc gətirən nələr saxlandığını heç kəs bilmir ”. (əs-Səcdə surəsi, 16-17)
Gecə yuxusuz qaldığı müddəti bərpa etmək üçün isə gənc ana körpəsi ilə birlikdə Sünnədə varid olan digər gözəl əmələ olan qaylüləyə riayət edərək, Zöhr namazından əvvəl körpəsi ilə birlikdə bir qədər yata bilər. Beləliklə də, savab qazanmaqla yanaşı, həm də fiziki gücünü bərpa etmiş olar. Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, ÜmmSuleym (Allah ondan razı olsun) Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) üçün örtük sərər, o da uzanıb günorta yuxusuna gedərdi.
Ramazanda oruc tutmaq. Əmizdirmək və hamiləliklə bağlı yanlış təsəvvürlərdən biri də bu dövr ərzində vacib orucu tutmağın birmənalı olaraq ana və körpənin sağlamlığına ziyan vurması və buna görə də qadağan olmasıdır. Əslən isə sahur və iftarda düzgün qidalanma şərtinə riayət edilərsə, səhhətində problem olmadığı təqdirdə əmizdirən qadının oruc tutmasında heç bir problem yoxdur. Bu barədə böyük İslam alimi Abd al-Aziz ibn Baaz (Allah ona rəhmət etsin) bildirmişdir:”Hamilə və əmizdirən qadının oruc tutmaqla bağlı vəziyyəti xəstənin oruc tutması ilə eyni hökmdədir. Əgər oruc tutmaq onların səhhəti üçün çətinlik törədirsə, dayandırmalı və həmin günlərin qəzasını xəstəlik halında olduğu kimi vəziyyəti düzəldikdən sonra tutmalıdır. Baxmayaraq ki, bəzi alimlər hər qəza edilən gün üçün bir kasıbın doyuzdurulmasının kifayət olduğunu qeyd edirlər, bu zəif rəydir. Doğru olan isə həmin günlərin orucunun xəstə və səfərdə olan insanlar kimi qəza edilməsidir. Bunun dəlili isə ayədə xəstə və səfərdə olanın vəziyyətinin eyni şəkildə qiymətləndirilməsidir: “Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar”. (əl-Bəqərə surəsi, 184)
Eləcə də Ənəs ibn Malikdən (Allah ondan razı olsun) rəvayət edilən Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) sözləridir: “Həqiqətən Uca Allah səfərdə olanın üzərindən orucu götürmüş və namazları qısaltmışdır. O həmçinin hamilə və əmizdirən qadınlardan da orucu götürmüşdür”.
Müəllif: Həcər Abbasova
Mənbə: “İlahi nemət-ana südü” kitabı