Əmizdirmə dövründə menstruasiya
Doğuşdan sonra süd verən anaların menstruasiya qanaxmaları, süd verməyən analar ilə müqayisədə daha uzun müddət gecikə bilir. Çünki ana körpəsini əmizdirdikcə, məmə uclarının verdiyi siqnal ilə südün yaranmasını təmin edən prolaktin hormonunun səviyyəsi yüksəlir. Bu isə follikul inkişafını təmin edən hormonların ifrazını əngəlləyir. Bu dönəmdə, anaların menstruasiya görməyi də, görməməyi də çox normal haldır. Hətta bəzi süd verən anaların belə doğuşdan sonra menstruasiyası başlaya bilər.
Əmizdirmə dönəmində, menstruasiya zamanı ana südü müvəqqəti olaraq azala bilər. Bunun üçün narahat olmağa, “südüm körpəyə çatmır” deyə təşvişə düşməyə dəyməz. Əksinə, narahatlıq ana südünün daha da azalmasına səbəb ola bilər. Əslində bu, hər anada müşahidə olunmur və qalıcı süd azlığı yaratmır.
Menstruasiya zamanı analar tez-tez əmizdirməyə, maye qəbuluna və balanslı qidalanmaya fikir verərsə, süd azlığı problemini daha tez həll etmiş olar. Eyni zamanda menstruasiya zamanı, ana südünün dadında biraz dəyişikliklər ola bilər. Yəni, ana südünün dadı daha az şəkərli və daha duzlu ola bilər. Bəzi körpələr bu dəyişikliyi hiss edər və daha az əmər, əmərkən əsəbləşər və məmədən imtina edə bilər. Bəzi körpələr isə heç reaksiya verməz və həmişə olduğu kimi əmməyə davam edər. Bu dad onlara xoş gələr.
Əslində, menstruasiya zamanı bəzi körpələrin əmmək istəməməsi məmə rəddi deyildir. Sadəcə körpə ana südünün dadını fərqli hiss etdiyi üçün belə davranır. Bu zaman ana səbirli olmalıdır. Körpə əmmək istəmir deyə, ana süni qidaya başlamamalı, körpəni məmədən uzaqlaşdırmamalı, əksinə körpəsini daha tez tez əmizdirməyə çalışmalıdır. İlk başda körpə çətinlik çəkə bilər, lakin sonradan öyrəşəcək və əmmək istəyəcək. Bu dövrdə analar “körpəm ac qaldı, südüm azdır” kimi fikirləri beynindən atmalı, körpəsi ilə daha çox vaxt keçirib, dəri dəriyə təmas etməli və səbirli olmalıdır. Analar bu dövrün keçici olduğunu unutmamalı, stressdən uzaq durmalı və daim müsbət fikirləşməlidir.
Bəzən menstruasiya zamanı, kənardan analara səhv fikirlər söyləyirlər. Məsələn “bu süd ziyanlıdır,sağıb atmalısan,körpəni əmizdirmə” və s. Xeyr, bu dövrdə körpəni süddən ayırmaq, əmizdirməmək qətiyyən düzgün deyildir. Ana südü həmişə olduğu kimi menstruasiya vaxtı da faydalıdır, tərkibi zəngindir və körpəyə ziyan verməz. Menstruasiya bir xəstəlik deyildir, təbiətin bir qanunudur.
Vacib qeyd: Doğuşdan təxminən 6 həftə sonra ilk ovulyasiya başlayır. Əmizdirən anaların istər menstruasiyası başlasın, istər başlamasın bədəndə ovulyasiya getdiyi üçün hamilə qalma şansı var. Yəni, süd vermək hamiləlikdən qorunmaq anlamına gəlmir. “Əmizdirərkən hamilə qalmaq mümkündürmü?” məqaləmiz bu məsələni ətraflı işıqlandırmışdır.
Müəllif: Rəhmanova Nəzrin
Əmizdirmə məsləhətçisi