Bağla

Əmizdirmə və şəkər yerikləmələri

Əgər ana olduqdan sonra özünüzü şəkər yeməyə daha həvəsli hiss edirsiniz və ya şəkərə qarşı bu vaxta kimi heç olmadığı qədər güclü meyliniz yaranıbsa, ilk öncə bilməlisiniz ki, bu təkcə sizdə baş vermir və ya buna görə özünüzü günahlandırmağa ehtiyac yoxdur. Laktasiya dövründə şəkər yerikləmələri tamamilə normal bir haldır.

Gəlin anlamağa çalışaq. Nədir bu şəkər yerikləmələri və niyə yaranır?

Hamiləlik və doğuş prosesi qadın orqanizmi üçün elə bir prosesdir ki, bu mərhələdə orqanizm nəinki fiziki, həmçinin hormonal, emosional baxımdan köklü dəyişikliyə məruz qalır.

Qanda şəkərinin pozulması: Çox zaman ana olduqdan sonra nizamsız qidalanma, vaxtlı-vaxtında yemək yeyə bilməmək qan şəkərinin tez qalxıb-düşməsinə səbəb olur. Bu isə qəfil aclıq və şirniyyat istəyi yarada bilir.

Hormonal dəyişikliklər: Doğuşdan dərhal sonra estrogen və progesteron hormonları kəskin şəkildə azalır, prolaktin yüksəlir, bədən isə həm sağalmağa, həm də körpəni bəsləməyə çalışır. Eyni zamanda stres hormonu olan kortizol yüksək qala bilər. Bu hormonal disbalansda şəkər istəklərini daha da gücləndirə bilər.

Yuxusuzluq: Təbii ki, əlavə olaraq yuxusuz gecələr. Orqanizmimiz günlük yuxu rejmini tam qarşılaya bilmədikdə, bədəndə aclıq hormonu artır, toxluq hormonu isə azalır. Nəticədə bədən tez enerji verən qidalara xüsusilə şəkərə və sadə karbohidratlara daha çox can atır. Aclığı düzgün tanımaq üçün “Aclığın 8 çaları” məqaləmizi oxumağı unutmayın.

Qida maddələrinin çatışmazlığı: Doğuşdan sonra bədənimiz həm özünü bərpa etməyə çalışır, həm də (əgər əmizdirirsinizsə) süd istehsal edir və təbii olaraq, bədənimizdə vitamin və mineral defisiti yaranır. İtirilən qida maddələri də bədəndə qan şəkərində tez-tez dalğalanmalara səbəb olur. Buna görə də bədən tez və sürətli enerji mənbəyi olan şəkər və karbohidratlara ehtiyyac hiss edir.

Burda vacib olan məqam isə ara-sıra şəkər yemək istəyi deyil, bu istəklərin arxasında duran səbəbləri anlamadan, ya özümüzü daim sıxmaq, ya da hər dəfə bu istəyə təslim olaraq nəzarətsiz və həddindən artıq şəkər qəbul etməkdir. Çünki, həddindən artıq şəkər qəbulu, hormonal bərpanı ləngidə,orqanizmdə iltihabı artıra, yuxu keyfiyyətini poza bilər. Bu isə öz növbəsində ananın əhvalına təsir edir.

Ən önəmlisi isə odur ki, doğuşdan sonrakı şəkər yerikləmələri, bədəninizin sizə “daha düzgün qidalanmağa ehtiyacım var” çağırışıdır. Təbii ki, doğru yanaşma ilə bu istəkləri azalda, həmçinin hormon balansını nizamlamaq mümkündür.

Doğru yanaşma dedikdə nəyi nəzərdə tuturuq ?

  • Günə şəkərlə başlamayın: Səhərlər yalnız şirin qida ilə günə başlamaq gün boyu sizin şəkər istəyinizi daim aktiv saxlaya bilər. İnsan bədəni üçün sutkalıq şəkər qəbulu haqqında ətraflı məlumat üçün “Nə qədər şəkər kifayətdir?” məqaləmizi oxuyun.
  • Su içməyi unutmayın: Susuzluq bəzən aldadıcı aclıq kimi görünə bilər. Xüsusən əmizdirirsinizsə, mütləq yanınızda su olmasına diqqət edin.
  • Sağlam atışdırmalıqlar seçin: Evdə sizi doyura biləcək sağlam atışdırmalıqlar olsun. Bura çərəzlər, meyvə quruları, meyvəli yoqurtlar və.s aid ola bilər. Həmçinin Azərbaycanda doğuş sonrası həm bədəni toparlamaq, həm də süd istehsalını artırmaq məqsədilə yaradılmış Süddaş məhsullarının təbii və premium tərkibli, sağlam qurabiyələrindən də tam rahatlıqla ara yemək kimi istifadə edə bilərsiniz.

  • Özünüzə qarşı mərhəmətli olun: Bu istəklər nə təsadüfidir, nə də iradəsizlikdən qaynaqlanır. Onlar bədənin yorğunluğa, hormonal dəyişikliklərə və həm özünü, həm də körpəni bəsləməyin real ehtiyaclarına verdiyi təbii reaksiyadır.

Müəllif: Həcər Piriyeva

Əmizdirmə məsləhətçisi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram