Ana südü süni qidadan onunla fərqlənir ki, onun tərkibi daim dəyişir. Körpə süni qida yedikdə, daim eyni məhsulu yemiş olur. Ana südünün tərkibi isə, körpənin yaşı artdıqca, sutka ərzində və hətta əmizdirmənin əvvəlindən axırına qədər dəyişir.
Körpənin əmizdirmənin əvvəlində əmdiyi südü (əmizdirmələr arasında süd vəzində toplanan süd) adətən “ön süd”, körpənin sonra əmdiyi südü isə – “arxa süd” adlandırırlar.

Laktoza (süd şəkəri) ilə zəngin olan ön süd mavi rəngə çalır, yarı şəffafdır. Tərkibində suda həll olan minerallar və zülallar var. Ön süd ilə körpə ehtiyacı olan miqdarda maye qəbul edir. Arxa südün rəngi ağ, sarımtıldır, tərkibində artım, toxluq və yuxu meyarları olan daha çox yağ, yağda həll olan fermentlər var.

Tez-tez analar soruşur ki, körpə arxa südə nə zaman çatır? Döşdə ayrıc yoxdur, odur ki, körpənin nə zaman ön süd, nə zaman arxa süd yediyini demək olmur. Bu məsələ Kelli Bonyatanın məqaləsində yaxşı vurğulanıb:
“Bu bölünmə şərtidir. Südün tərkibi əmizdirmə zamanı tədricən dəyişir. Əslində qadın döşü eyni südü, yəni, yüksək yağ tərkibli, bizim arxa süd adlandırdığımız südü ifraz edir. Döşdə süd əmələ gəldikdə, yağ damcıları bir-birinə yapışaraq alveolaların divarına yapışır və məhz burada süd ifraz olunur. Əmizdirmələr arasında süd döşdə toplanır və tədricən alveolalardan döş giləsinə tərəf axır və daha çox yağ, süd kanallarının divarına yapışır. Yəni, əmizdirmələr arasında nə qədər çox vaxt keçsə, körpənin əmizdirmənin əvvəlində əməcəyi südün tərkibində bir o qədər az yağ olur”.

Həmin məqalədə möhtəşəm analogiya aparılır – biz isti suyu açanda, əvvəlcə su soyuq axır, daha sonra istiləşir, daha sonra qaynar olur. “Ön” və “arxa” südün axını da eynilə belədir: körpə əmir və süddə yağların miqdarı tədricən artır. Əvvəlcə yağın miqdarı az olur, daha sonra o getdikcə çoxalır və süd yağla zəngin olur. Biz bu südü, “arxa süd” adlandırırıq.
Çox mühümdür ki, körpə kifayət qədər miqdarda həm “ön”, həm də “arxa” süd içsin. Bunun üçün körpə döşü fəal şəkildə əmməli və boşaltmalıdır. O istədiyi qədər süd əmməlidir, əmizdirmələri məhdudlaşdırmaq lazım deyil və körpəni döşə tez-tez qoymaq lazımdır.

Yenə də isti və soyuq su analogiyasına baxaq: əgər biz gün ərzində isti suyu tez-tez açsaq, o zaman isti su daha tez gəlir; əgər gün ərzində bir neçə dəfə açsaq, isti suyun gəlməsini də daha çox gözləməliyik. Südəmizdirmə də eynilə belədir – ana körpəni nə qədər çox əmizdirərsə, körpə “arxa” südə bir o qədər tez çatacaqdır.
Bəzən elə olur ki, ana döşü tez-tez dəyişdikdə, körpə arxa südə çatmır. Məsələn, ana körpəyə əvvəlcə bir döşü verir, döş yumşalan kimi, dərhal o birinə keçir.

Adətən döşü 2 saatdan bir dəyişməyi tövsiyyə edirlər. Yəni, 2 saat ərzində ana körpəyə bir döşünü verir – bu vaxt ərzində, məsələn, 2-4 qısa əmizdirmə və ya bir dəfə 30 dəqiqəlik və daha uzun müddətli əmizdirmə ola bilər.
Lakin, qeyd etmək lazımdır ki, bu ümumi tövsiyyədir. Vəziyyətlər fərqli olur və əgər ana nədənsə narahatdırsa, yaxşı olar ki, əmizdirmə məsləhətçisinə müraciət etsin. Əmizdirmə məsləhətçisi, konkret ana və konkret körpə üçün hansı döş dəyişmə ritminin müvafiq olduğunu deyəcək. Burada universal məsləhət vermək mümkün deyil.

Bu nə üçün lazımdır? “Ön” və “arxa” südün disbalansı zamanı, məsələn körpə çox ön süd içdikdə, aşağıdakı simptomlar ola bilər: köpüklü nəcis, duru nəcis, tez-tez nəcisə getmə, qarında gurultu, tez-tez sidiyə getmə ilə çəkinin az artması.
Lakin, ana “ön südü” sağanda, körpə maye azlığından əziyyət çəkə bilər. Əgər körpədə bu simptomlardan hər hansı biri varsa və pediatr körpənin sağlam olduğunu bildirirsə, əmizdirmənin təşkilinə diqqət yetirmək lazımdır.

Müəllif: Yelena Nefedova
Mənbə: www.mamamilk.info

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.