www.anasudu.az komandası olaraq, bu kitabı diqqətlə incələdik, təhlil edərək xüsusilə ana südü ilə bağlı qeyd olunan məqamlara öz baxış bucağımızdan yanaşmaq istədik. Kitabda yer alan fikirlərlə nə dərəcə razı olduğumuzu, qeyd olunan məqamları elmi araşdırmalarla necə tamamlaya biləcəyimizi və analara bu kitabı əlavə dəstək vasitəsilə kimi tövsiyə edəcəyimizi düşnərək resenziyamıza keçid edək.
Ölkəmizdə anaların körpə baxımı və sağlamlığı ilə bağlı etibarlı və anlaşılan məlumatlar əldə etməsi çox vacibdir. Bu baxımdan pediatr Aytən İsmayılzadənin “Uşağınızın həkimi” adlı kitabı əhəmiyyətli bir boşluğu doldurur. Kitab uşağa qulluq, uşaq sağlamlığı ilə bağlı anaları maraqlandıran demək olar ki, bütün mövzuları əhatə edib. Bu isə kitabı həm informativ, həm də əlçatan bir resursa çevirir.

“Diş çürüməsi və gecə əmizdirmələri” Aytən xanım nə yazır, biz nə əlavə edirik?
Kitabda süd dişlərinin çürüməsi ilə bağlı vacib məqamlar qeyd olunub. Xüsusilə, gecə əmizdirmələri zamanı ağızda qalan süd şəkərinin çürüməyə səbəb olduğu göstərilir. Lakin, döşdən bir başa əmmə ilə əmzikli şüşədən qidalanma fərqli mexanizmə malik olduğu üçün bu mövzunun elmi müzakirəyə açıq olduğunu düşündük.
Kelly Bonyata-nın (laktasiya mütəxəssisi) istinad etdiyi elmi araşdırmalara əsasən deyə bilərik ki, təkcə ana südü (xüsusilə gecə verilən) diş çürüməsinə səbəb olmur. Əmmə mexanizmi fərqli olduğu üçün, əmzikli şüşəylə qidalanmanın əksi olaraq, körpə döşdən əmərkən süd ağızda toplanmır, hətta dişlərə toxunmadan birbaşa körpənin udqunması sayəsində ağızdan daxilə ötürülür. Hətta, ana südündəki laktoferrin adlı maddə, diş çürüməsinə səbəb olan bakteriyaları (streptococcus mutans) məhv edir.
Ağız boşluğu sağlamlığı haqqda bir sıra kitabların müəllifi Dr. Ellie Phillips (stomatoloq) isə vurğulayır ki, diş çürüməsinə daha çox valideynin ağız florasından uşağa keçən bakteriyalar səbəb olur və ana südü nəinki prosesi sürətləndirir, əksinə bəzi qoruyucu xüsusiyyətlərə malikdir. Ana südü və gecə əmizdirməsi diş çürüməsinə səbəb deyil. Hətta, ana südü dişlərin çürüməsinə səbəb olan bakteriyalara qarşı qoruyucu komponentlər də ehtiva edir. Körpələrdə diş çürüməsinə bir çox amil – o cümlədən ağız gigiyenasına düzgün əməl olunmaması, şəkərli qidalar, eyni qaşıqdan istifadə, ağızdan öpmə və genetik meyillilik – səbəb ola bilər.
“Dildəki ağ ərp və çarəsi” Aytən xanım nə yazır, biz nə əlavə edirik?
Aytən xanım kitabında valideynlərin tez-tez qarşılaşdığı bir problemdən – körpələrin dilində yaranan ağ ərpdən bəhs edir və bu halda əmziyin sodalı suya batırılaraq körpəyə verilməsini praktik bir həll yolu kimi təqdim edir. Bu yanaşma, bir çox ana üçün həm əlçatan, həm də faydalı ola bilər. Hətta bunun tətbiqi kifayət qədər anaların işini asanlaşdırar. Lakin bu məsələyə müstəsna döşlə əmizdirilən körpələrə baxış bucağından da yanaşmağı vacib hesab edirik.
Əmzik istifadəsi, xüsusilə əmizdirmənin hələ stabilləşmədiyi ilk həftələrdə, körpədə məmə qavrama çətinliyi və məmə rəddi kimi ciddi problemlərə yol aça bilər. Bu barədə elmi tədqiqatlar da mövcuddur. Məsələn: Howard və həmkarlarının 2003-cü ildə apardığı bir araşdırmada, 700 sağlam yenidoğulmuş körpə izlənilmiş və erkən dövrdə əmzik istifadəsinin məməni qavrama bacarığına və əmmə texnikasına mənfi təsir etdiyi göstərilmişdir. Bu da, son nəticədə, əmizdirmə çətinliklərinin və məmə rəddinin artmasına səbəb olmuşdur. Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və UNICEF tərəfindən hazırlanmış “Uğurlu Əmizdirməyə Doğru 10 Addım” proqramının 9-cu bəndində də qeyd olunur ki: “Ana südü ilə qidalanan körpələrə əmzik, əmzikli şüşə və ya süni məmə ucları vacib göstəriş olmadığı təqdirdə verilməməli, bu vasitələrin əmizdirməyə risk yaratdığı valideynlərə bildirilməlidir.”
Əmizdirmə məsləhətçiləri olaraq biz hesab edirik ki, əmzik istifadəsi yalnız əmizdirmə tam stabilləşdikdən sonra, yəni təxminən 8–12 həftəlik dövrdə düşünülməlidir. Bu mərhələdə körpənin məmə qavrama refleksi artıq möhkəmlənmiş olur və əmziklə bağlı çaşqınlıq riski minimuma enir və Aytən xanımın tövsiyəsi əmizdirməyə risk yaratmadan tətbiq edilə bilir. Bununla belə, hər bir ana unutmamalıdır ki, əmzik istifadəsi əmmə refleksinə və əmizdirmə prosesinə potensial mənfi təsir göstərə bilər.
“Körpələrdə köp” Aytən xanım nə yazır, biz nə əlavə edirik?
Kitabda “Körpələrdə köp” bölməsində toxunulan bəzi məqamlar, əslində çox nadir hallarda gündəmə gətirilən- aerofagiya real həyatda tez-tez rast gəlinən vəziyyətlərdəndir. Ona görə də ilk olaraq qeyd edək ki, Aytən xanım belə vacib bir məqamı sadə dillə izah edib və anaların diqqətinə çatdırması çox önəmlidir. Əmmə zamanı körpənin döşə düzgün yerləşdirilməməsi, həqiqətən də hava udulmasına və bunun nəticəsində köp və qaz yaranmasına səbəb olur. Biz praktikamızda və müşahidələrimizdə bu hallarla çox rastlaşırıq. Bu səbəblə, kitabda bu məqama toxunulması olduqca dəyərli bir yanaşmadır.
Digər tərəfdən, kitabda “süd verən ana mütləq pəhriz saxlamalıdır” fikri isə bir az mübahisəli səslənə bilər. Çünki bu cür ifadələr yeni doğuş etmiş və süd verən analarda narahatlıq, günahkarlıq hissi və yeməkdən çəkinmə davranışları yarada bilər. Bu da öz növbəsində ana südünün azalmasına səbəb ola bilər. Həmçinin müasir elmi araşdırmalara nəzər yetirdikdə də, ananın qidalanamasının körpədə qaz yaratması düşüncəsi elmi sübutlara əsaslanmır. Təbii ki, bəzi qidalar individual olaraq körpəyə narahatlıq verə bilər, əgər ana hər dəfə həmin qidadan körpədə narahatlıq yarandığı sezirsə, bu zaman həmin qidanı müvəqqəti rasiondan çıxarmaq düşünülə bilər. Bu haqda daha ətraflı bu məqaləmizdə məlumat vermişik.
“Körpələrdə vitamin defisiti” Aytən xanım nə yazır, biz nə əlavə edirik?
Körpələrdə vitamin defisitinin yaranma səbəblərindən biri, əlavə qidaya keçid zamanı əsas qida olan südün (ana südü və ya süni qidanın) miqdarının analar tərəfindən azaldılmasıdır. Bu ən geniş yayılmış səhvlərdən və körpənin sağlamlığı üçün mühüm məqamlardan biridir. Kitabda bunun işıqlandırılması bizi çox sevindirdi. 6 aydan sonra başlanan qatı qidalar tamamlayıcı xarakter daşıyır. Körpənin əsas qidası isə 1 yaşa qədər ana südü və ya süni süd olaraq qalmalıdır. Əlavə qidanın funksiyası – körpədə yeməyə maraq yaratmaq, dad və tekstura ilə tanış etmək, çeynəmə və senso-motor bacarıqları inkişaf etdirməkdir. Amma enerji və mikroelementlərin əsas mənbəyi hələ də süd olmalıdır. Əgər valideynlər bu mərhələdə əlavə qidanı əsas qida kimi təqdim edirlərsə, körpədə vitamin və mineral çatışmazlığı riski arta bilər. Əlavə qidaya keçid zamanı edilən ən geniş yayılmış 6 səhv haqqında daha ətrafl dinləyə bilərsiniz.
Körpənin neçə dəfə yeməsi yoxsa, nə qədər qida alması önəmlidir?
Kitabda toxunulan vacib məqamlardan biri də, 1 yaşlı uşağın gün ərzində neçə dəfə qidalanmalı olması ilə bağlıdır. Burada qeyd olunur ki, gecələr tez-tez əmizdirilən körpələrin gündüz yeməyə marağı daha az ola bilər və bu, onların gündüz qidalanmasını zəiflədə bilər. Yəni məsələ odur ki, əsas uşağın gündə neçə dəfə yeməsi deyil, ehtiyac duyduğu kalorini xüsusən də vitamin və mineralları alıb-almamasıdır. Əgər uşaq gecə ərzində tez-tez əmizdirilirsə, bu zaman o, bədəninə lazım olan enerjinin böyük hissəsini artıq gecə südündən almış olur. Bu səbəbdən səhər və gün ərzində daha az yemək yeməsi tamamilə normaldır. Eyni şəkildə, elə uşaqlar da var ki, gecə qidalanmaya ehtiyac duymur, amma gündüz ərzində daha yüksək iştaha ilə qidalanır. Bu fərqlər körpələrin fərdi ehtiyac və ritmlərindən qaynaqlanır və çox təbiidir.
Çəki artımı, əmizdirmə müddəti və körpənin döşdə qalma vaxtı?
Əmizdirmə ilə bağlı bəzi mənbələrdə, o cümlədən Aytən xanımın kitabında belə bir fikir yer alır: “Hər ay çəkisi normadan çox artan uşaqların döşdə uzun müddət qalmamasına diqqət etmək lazımdır.” Bu yanaşma bəzən analarda belə bir narahatlıq yarada bilər: “Uşağım ana südü ilə çox çəki alırsa, onu döşdə az saxlamalıyammı?” Əmizdirmə məsləhətçisi olaraq, biz bu mövzuya fərqli prizmadan baxmaq istədik. İlkin olaraq Aytən xanımın da qeyd etdiyi kimi, körpənin əmizdirmə müddəti saatla və ya dəqiqə ilə ölçülməməlidir. Əsas göstərici körpənin ehtiyacıdır əgər ana südü ilə qidalanan körpələrin yüksək çəki artımı müşahidə olunursa, bu vəziyyəti yalnız əmizdirmə müddəti və kəmiyyəti ilə əlaqələndirmək və ilkin həll yolu kimi əmizdirmənin azaldılması doğru deyil. Müstəsna ana südü ilə qidalanan körpələrin piylənmə riskinin, süni qidayla qidalananlara görə aşağı olması elmi olaraq araşdırılmış və təsdiq edilmiş faktdır. Bu istiqamətdə kifayət qədər araşdırmalar var və bunlardan biri də Yan və həmkarlarının 2014-cü ildə 200 mindən çox körpə üzərində etdikləri meta-analizdir. Bu araşdırmanın nəticəsi bizə göstərir ki, əmizdirlən uşaqlarda piylənmə riski 22% daha azdır və uzunmüddətli əmizdirmə daha da yüksək müdafiəni təmin edir.
Yekun olaraq, əgər körpədə sürətli çəki artımı varsa, səbəb əmizdirmə müddəti deyil, digər amillər ola bilər Araşdırmalar göstərir ki, yalnız ana südü ilə qidalanan körpələrin çəki trayektoriyası çox zaman fizioloji normadadır, və “normadan artıq çəki” varsa, bunun səbəbləri:
· Genetik faktorlar
· Metabolik vəziyyətlər (məs. insulin dirəncliyi)
· Nevroloji durumlar (məs. autizm spektri pozuntuları)
· Əlavə süni qida ilə qidalanma
Körpənin çəkisi ilə əlaqədar, Aytən xanımın kitabında qeyd olunan bir məqama da toxunmaq istəyirik. Burada körpənin aylıq çəki artımı ilk ay üçün 850 qram, ikinci ay üçün 750 qram, üçüncü ay üçün isə 650 qram olaraq verilib. Eyni zamanda, vacib bir nüans da vurğulanıb: əgər körpə bu rəqəmlərdən bir qədər az çəki alıbsa, dərhal narahat olub əlavə qidalandırmaya keçməyə ehtiyac yoxdur. Əksinə, ilk mərhələdə 15 günlük müşahidə ilə yanaşı, əmizdirmə intervallarına baxmaq və prosesi tənzimləmək daha faydalı ola bilər. Kiçik bir əlavə olaraq qeyd edək ki, ilk dəfə ana olan qadınlar bu kimi rəqəmləri oxuyaraq, körpəsinin bu artımı göstərmədiyini görüb narahat ola, hətta südünün kifayət etmədiyini düşünə və süni qidaya başlaya bilərlər. Halbuki biz bilirik ki, körpə doğulduqdan sonra ilk günlərdə bədən çəkisinin 10%-ə qədərini itirə bilər və yalnız ana südü ilə qidalanan bir körpənin ilk ayda təxminən 600 qram çəki alması da tamamilə normal hesab olunur. Belə hallarda ananın təşvişinə əsas yoxdur və körpənin ümumi sağlamlığına, inkişafına diqqət yetirmək gərəkdir.

Yekun olaraq, belə dəyərli bir kitabı ərsəyə gətirdiyi, ana südünü prioritet olaraq göstərdiyi üçün Aytən xanıma dərin təşəkkürümüzü bildiririk. Bu kitab, xüsusilə ilk dəfə ana olan qadınlar üçün olduqca faydalı bir bələdçidir – müasir elmi bilgiləri sadə, başa düşülən dillə təqdim etməsi, kitabın ən böyük üstünlüklərindən biridir. Əmizdirmə məsləhətçisi olaraq bu kitabı oxumaq və fikirlərimizi bölüşmək bizim üçün də dəyərli bir təcrübə oldu. Aytən xanıma isə təşəkkür edir, uğurlarının davamını diləyirik.
Müəllif: Həcər Piriyeva
Əmizdirmə məsləhətçisi