“Gilə çaşqınlığı” və ya “məmə rəddi”
“Gilə çaşqınlığı” və ya “məmə rəddi” əmizdirmə problemləri mötəbər mənbələrdə ən geniş yayılmış və müzakirələrə səbəb olan məsələlərdəndir.
“Gilə çaşqınlığı” və ya “məmə rəddi” termini körpənin əmzikdə təlaşlı olması və ya şüşədən döşə keçməkdə çətinlik çəkməsi zamanı məyusluğunu təsvir etmək üçün istifadə edilmişdir. Körpə südün döşdən əmilməsində tamamilə fərqli bir üsuldan istifadə edir, nəinki əmzikli şüşədən. Bəzi körpələr şüşə ilə döş arasında növbələşməkdə çətinlik çəkirlər, bəziləri isə yox. Şüşədən içdikdən sonra hansı körpənin döşdən əmmə ilə bağlı problem yaşayacağını təxmin etmək mümkün deyil.
Hansı körpələr çaşqınlıq və ya rədd yaşaya bilərlər?
Ana südü ilə qidalandırma körpənin çənə, dodaqlar və dilini koordinasiyalı dalğavari hərəkətlə süd çıxarmasında təmin edir, şüşə ilə qidalandırma isə tez-tez, daha az səy tələb edən, daha dayaz və daha sürətli axınla müşayiət olunur. Xüsusilə də hələ də effektiv şəkildə ana südü ilə qidalanmağı öyrənən yeni doğulmuş və ya vaxtından əvvəl doğulmuş körpələrdə butulka və ya əmziklərin çox erkən istifadəsi bəzən məmə uclarının qarışıqlığına səbəb ola bilər.
Ümumiyyətlə, anlamaq gərəkdir ki, yeni doğulmuş körpəniz ana südü ilə qidalanmaqda çətinlik çəkirsə, çaşqınlıq və rəddin riski artmaqdadır. La Leche Leaque məqlaələrinin birində qeyd etdiyi kimi:
“Körpələr ehtiyac duyduqları şeyləri əldə etməyin yollarını tapmaqda çox yaxşıdırlar. Əgər ana südü ilə bir başa döşdən qidalandırmaq çətindirsə və ya süd azdırsa, onlara etibarlı şəkildə süd verən şüşəyə müraciət edə bilərlər. Buna bəzən “şüşəyə üstünlük vermək” və ya “axın seçimi” deyilir. Amma bu, sadəcə şüşəyə üstünlük verdikləri demək deyil – bu, ana südü ilə qidalanmaqda çətinlik çəkən ac körpə üçün ağıllı seçim etmək deməkdir”.
Risk qrupunda kimlər var:
- Əmizdirmənin tam “oturuşmasını” gözləməzdən öncə şüşə və ya əmziklərin erkən tətbiqini yaşayan körpələr
- Vaxtından əvvəl doğulmuş və ya zəif, az koordinasiyalı əmməsi olan körpələr
- Döş və şüşə arasında süd axınındakı fərqləri hiss edən körpələr
Gilə çaşqınlığı və məmə rəddinin əlamətləri
Döşü tutmaqda çətinlik çəkmək və ya səmərəsiz şəkildə döşü əmməsi
Körpənin ağzını dar açması, gilənin ucunu götürməsi, ağrılı və südün axınının az olması ilə müşayiət edilən əmmə prosesi
Körpə dili ilə döşün giləsinin itələməsi
Qısa, əsəbi tərzdə döşdən əmmə cəhdləri, giləni dəfələrlə tutub buraxması
Döş təklif edildikdə körpənin döşdən üz döndərməsi, ağlaması və ya narahat olması, lakin şüşəni həvəslə qəbul edib əmməsi
Gilə çaşqınlığı və məmə rəddinin idarə edilməsi və profilaktikası
Əmizdirmənin tam formalaşmasını və körpənin həyatında vərdiş halına keşməsinə qədər gözləmək. Bunun üçün adətən analara körpənin həyatının ilk 4 həftəsinin tamam olmasını gözləmək tövsiyə olunur. Tibbi göstəriş olmadığı təqdirdə körpəyə əmzik və ya əlavə qida verməmək barədə xəstəxana işçilərinə məlumat vermək mütləqdir. Bəzən körpənin döşdən kənar əlavə qidalanmaya ehtiyacları olur. Bu halda qidalanmanı süni əmziklərlə və ya şüşədən deyil, digər alternativləri nəzərdən keçirmək gərəkdir. Bu üsullar uğurlu ana südü ilə qidalanma rejimini qurmaq və ana südü ilə qidalanmaya uyğunlaşmasına kömək edə bilər.
Asta axını olan əmzikli şüşə: Bu, ana südünün təbii axınını təqlid edir və körpənizin şüşə ilə döş arasında rahat keçidinə kömək edir.
Əmzikli şüşədən fasiləli qidalandırma: Sürəti yavaşlatmaqla və körpənizin daha uzun müddət əmməsinə imkan verməklə şüşəni ana südü ilə qidalandırmanı simulyasiya edən şəkildə təklif etmək deməkdir. Daha ətraflı fasiləli qidalanma haqqında məqaləmizdə oxuyun.
Stəkanla qidalandırma: Bu üsul körpənizin şüşə qidalanmasından döş qidalanmaya keçərkən yayınmadan əlaqələndirməsinə kömək edə bilər.
Şprislə qidalandırma: Əgər ana südü ilə qidalanmada çətinlik çəkirsə, şpris sabit süd axını təmin edib körpənizin düzgün şəkildə əmməyi öyrənməsinə kömək edə bilər.
Barmaqla qidalandırma: Bu üsul körpəyə valideynin barmağını əmməyə imkan verilir. Körpə barmağı əmməyə başlayan zaman, körpənin ağzının küncündən ana südü və ya süni qida kiçik şpris və ya nazik zond ucluğu ilə yeridilə bilər.
Gilə çaşqınlığı və məmə rəddi böhranından çıxmaq üçün nələr edilməlidir:
- Körpəni dəri-dəriyə təmasda bol-bol saxlamaq çox faydalı ola bilər.
- Əmizdirmənin mövqeyinə və körpənin döşə düzgün qoyulmasına xüsusi diqqət yetirmək.
- Körpənin aclıq əlamətlərini (yumruq və ya barmaq əmmək, yuxudan oyanmaq, narahat olmaq, amma hələ ağlamamaq) izləməyə çalışın ki, körpə, həqiqətən, ac və ya əsəbiləşməzdən əvvəl əmizdirməyə alışsın.
- Bəzən körpəni əmməzdən əvvəl döşü masaj etmək və bir az süd sağmaq faydalı ola bilər ki, körpə səylərinə görə dərhal süd mükafatı ala bilsin.
- Əgər hələ də döşdə narahatdırsa, onu əmməyə çalışmazdan əvvəl ağzına bir az süd sağmağa çalışın. Həmçinin döşün üzərinə körpə gilənin tutmağa cəhdlər etdikdə damcı-damcı süd damızdırmaq. Bu halda öncədən sağılmış südü və ya süni qidanı hazır saxlamaq məqsədəuyğun olardı.
Bütün yuxarıda sadalananları nəzərdən keçirib, tətbiq etdikdən sonra hər hansı bir nəticə əldə edə bilməyən ailələrə əmizdirmə və ya laktasiya məsləhətçisi ilə görüş təyin etməyi tövsiyə edirik.
Hazırladı: www.anasudu.az