Süni qida və ailə büdcəsi-2014

Dünyanın müxtəlif ölkələrində ailənin bir körpə üçün süni qidaya olan illik xərcləri öyrənilmiş və ictimaiyyətə təqdim edilmişdir. Rəsmi mənbələrə görə Amerika Birləşmiş Ştatlarında süni qidaya olan xərclər hər bir körpəyə ildə $760 – $2280 (592.80 – 1778.40 manat) hesablanılmışdır. Birləşmiş Krallıqda isə £300 – £1600 (540 – 2880 manat) xərclənir.

Alınan rəqəmlər valideynlərə süni qida xərclərinin daha aydın mənzərəsini göstərir. Lakin Azərbaycan üçün bu rəqəm hesablanılmamışdır. Nəzərə alsaq ki, Azərbaycanda süni qida istehsal olunmur. Satışda olan bütün məhsullar idxal olunur. Buna görə, bu rəqəm digər istehsalçı ölkələrdən dəfələrlə fərqlənməlidir.

Bu səbəbdən saytımızın təşəbbüsü ilə 2014-cü ildə Azərbaycanda süni qida məhsullarına və qidalandırma ləvazimatlarına ailə büdcəsinin illik xərcləri hesablanılmışdır.

Əczaxanalarda və ərzaq dükanlarında süni qidaların qiymətlərinə dair araşdırma aparıldı və nəticədə qiymətlər məlum oldu. Satışda mövcud olan ən ucuz süni qida 4.92 manat (Malyutka 400 qr) idi. Ən bahalı 19.32 manat (Kabrita 400 qr) müəyyən edildi.

Müəyyən olunmuş qiymətlərlə işləmək üçün aylar üzrə körpələrin nə qədər süni qida qəbul etdikləri araşdırıldı. Çünki tələbat sabit deyil. İnkişaf edən, böyüyən körpənin süni qidaya olan ehtiyacı aydan – aya artır. Süni qidalanan körpələr üçün aylar üzrə hazırlanan ümumi standartlara əsasən 1 il müddətində hər bir körpənin nə qədər süni qida sərf etdiyi hesablanıldı.

Qeyd edək ki, 30 ml mayeyə 1 ölçü qaşığı süni qida əlavə edilir və hər bir ölçü qaşığının tutumu isə 4.5 qr-dır.  Bildiyimiz kimi qida təhlükəsizliyini təmin etmək üçün hazırlanmış süni qida bir neçə saatdan sonra yenidən körpəyə yedizdirilə bilməz. Süni qida atılmalıdır. Beləliklə, nəticələrə görə bir körpə həyatının ilk birinci ili ərzində ortalama 36 – 42 kq toz halında süni qida istehlak edir.

İstehlak olunan süni qidanın miqdarı və satış qiyməti məlum olduqdan sonra süni qidaya sərf olunan illik xərc hesablanmışdır. Beləliklə, məlum olmuşdur ki, Azərbaycanda orta statistik ailə yalnız süni qidaya 2014-cü ildə minimum 442.80, maksimum isə 1738.80 manat xərcləyə bilər.

Həmçinin unutmaq lazım deyil ki, süni qidalandırılan körpənin yalnız qidasına maddi vəsait xərclənmir. Süni qidalandırmaq üçün müəyyən vasitələr və ləvazimatlara da ehtiyac var.
Keyfiyyətindən və istehsalçı ölkədən asılı olaraq:

  • uşaq termosu 3 – 7.50 azn;
  • sterilizator 54 – 104 azn;
  • əmizlikli şüşə 5.60 – 17.60 azn;
  • əmzik isə 1.20 – 10.8 azn arasında dəyişir.

Həmçinin minimum hər 2 – 3 aydan bir əmzik dəyişdirilməli və ildə ən azı 4 dəfə əmzikli şüşə gigiyena tələbatlarına uyğun olaraq yenilənməlidir. Belə vasitələrin xərcləri də süni qida ilə qidalandırılma üçün əlavə edilməlidir.

anasudu.az

Azərbaycan Statistika Komitəsinin verdiyi məlumata görə 2012-ci ildə uşaq qidası üçün quru süd qarışığının 1 kq qiyməti 32,97 azn olmuşdur.  Bu isə bir körpənin həmin ildə ortalama 1187 manatlıq süni istehlak etməsi deməkdir. 2012-ci ildə  12 ayına qədər süni qida və qarışıq qidalanan körpələrin sayı 106285 nəfər olduğunu nəzərə alaraq, həmin ildə süni qida distribüterlərinin  illik ortalama dövriyyəsini  126,160,295 milyon manat təşkil etməsi ehtimal olunur.

2013-cü ildə 1 yaşına kimi qarışıq və ya süni qidalanan körpələrin sayı 107309 nəfər olmuş, 2014-cü ildə 1 yaşına kimi süni qidalanan körpələrin sayı isə 110403 nəfər olmuşdur. 

Dövlət tərəfindən verilən statistik məlumatlara əsasən süni qidalanan körpələrin sayı ildən ilə artmaqdadır. Süni qida distribüterlərinin bu tendensiyada rolu və maraqları şübhəsiz və danılmazdır.

Müəlliflər: Mehriban İsrafilli,

Səltənət Zülfüqarova

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram