Bağla

Süni qida və ailə büdcəsi-2014

Dünyanın müxtəlif ölkələrində ailənin bir körpə üçün süni qidaya olan illik xərcləri öyrənilmiş və ictimaiyyətə təqdim edilmişdir. Rəsmi mənbələrə görə Amerika Birləşmiş Ştatlarında süni qidaya olan xərclər hər bir körpəyə ildə $760-$2280 (592.80-1778.40 manat), Birləşmiş Krallıqda isə £300-£1600 (540-2880 manat) hesablanılmışdır.

Alınan rəqəmlər valideynlərə süni qida xərclərinin daha aydın mənzərəsini göstərir. Lakin Azərbaycan üçün bu rəqəm hesablanılmamışdır. Nəzərə alsaq ki, Azərbaycanda süni qida istehsal olunmur və satışda olan bütün məhsullar idxal olunur, bu rəqəm digər istehsalçı ölkələrdən dəfələrlə fərqlənməlidir.

Bu səbəbdən saytımızın təşəbbüsü ilə 2014-cü ildə Azərbaycanda süni qida məhsullarına və qidalandırma ləvazimatlarına ailə büdcəsinin illik xərcləri hesablanılmışdır.

Əczaxanalarda və ərzaq dükanlarında süni qidaların qiymətlərinə dair araşdırma aparıldı, nəticədə qiymətlər məlum oldu. Satışda mövcud olan ən ucuz süni qida-4.92 manat (Malyutka 400 qr) və ən bahalı-19.32 manat (Kabrita 400 qr) müəyyən edildi.

Müəyyən olunmuş qiymətlərlə işləmək üçün aylar üzrə körpələrin nə qədər süni qida istehlak etdikləri araşdırıldı. Çünki, tələbat sabit deyil və inkişaf edən, böyüyən körpənin süni qidaya olan ehtiyacı aydan-aya artır. Süni qidalanan körpələr üçün aylar üzrə hazırlanan ümumi standartlara əsasən 1 il müddətində hər bir körpənin nə qədər süni qida tükətdiyi hesablanıldı.

Qeyd edək ki, 30 ml mayeyə 1 ölçü qaşığı süni qida əlavə edilir, hər bir ölçü qaşığının tutumu isə 4.5 qr-dir.  Bildiyimiz kimi qida təhlükəsizliyini təmin etmək üçün hazırlanmış süni qida bir neçə saatdan sonra yenidən körpəyə yedizdirilə bilməz və atılmadır. Beləliklə, nəticələrə görə bir körpə həyatının ilk birinci ili ərzində ortalama 36-42 kq toz halında süni qida istehlak edir.

İstehlak olunan süni qidanın miqdarı və satış qiyməti məlum olduqdan sonra süni qidaya sərf olunan illik xərc hesablanmışdır. Məlum olmuşdur ki, Azərbaycanda orta statistik ailə yalnız süni qidaya 2014-cü ildə minumum 442.80, maksimum isə 1738.80 manat xərcləyə bilər.

Həmçinin unutmaq lazım deyil ki, süni qidalandırılan körpənin yalnız qidasına maddi vəsait xərclənmir. Süni qidalandırmaq üçün müəyyən vasitələr və ləvazimatlara da ehtiyac var.
Keyfiyyətindən və istehsalçı ölkədən asılı olaraq:

  • uşaq termosunun 3-7.50 manat;
  • sterilizatorun 54-104 manat;
  • əmizlikli şüşənin 5.60-17.60 manat;
  • əmziyin isə qiyməti 1.20-10.8 manat arasında tərəddüd edir.

Həmçinin minimum hər 2-3 aydan bir əmzik və ildə ən azı 4 dəfə əmzikli şüşə gigiyena tələbatlarına uyğun olaraq dəyişdirilməsi nəzərə alınmalı və süni qida ilə qidalandırılma üçün vasitələrin xərcləri də əlavə edilməlidir.

anasudu.az

Azərbaycan Statistika Komitəsinin verdiyi məlumata görə 2012-ci ildə uşaq qidası üçün quru süd qarışığının 1 kq qiyməti 32,97 manat olmuşdur.  Bu isə bir körpənin həmin ildə ortalama 1187 manatlıq süni istehlak etməsi deməkdir. 2012-ci ildə  12 ayına qədər süni qida və qarışıq qidalanan körpələrin sayı 106285 nəfər olduğunu nəzərə alaraq, həmin ildə süni qida distribüterlərinin  illik ortalama dövriyyəsini  126,160,295 milyon manat təşkil etməsi ehtimal olunur.

2013-cü ildə 1 yaşına kimi qarışıq və ya süni qidalanan körpələrin sayı 107309 nəfər olmuş, 2014-cü ildə 1 yaşına kimi süni qidalanan körpələrin sayı isə 110 403 nəfər olmuşdur. 

Dövlət tərəfindən verilən statistik məlumatlara əsasən süni qidalanan körpələrin sayı ildən ilə artmaqdadır. Süni qida distribüterlərinin bu tendensiyada rolu və maraqları şübhəsiz və danılmazdır.

Müəllif: Mehriban İsrafilli,

Səltənət Zülfüqarova

1 Şərhlər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram