Əmizdirən ananın və əmizdirilən körpənin gecə yuxusu?
Yəqin ki , bütün dünyada yeni doğulmuş körpələrin ailəsini və valideynlərini narahat edən ikinci ən vacib məsələ körpənin yuxusudur. Birinci narahatlıq əlbəttə ki, körpənin ana südü ilə doyub-doymamasıdır. Yeni valideynlərin ən çox eşitdikləri suallar isə “ Uşaq gecəni necə yatır?”, “Uşaq gecə neçə dəfə oyanır?” “Uşağın yuxusu necədir?” suallarıdır. Cavablardan asılı olmayaraq valideynlik kimi ağır məsuliyyəti boynuna yenicə götürmüş valideynlər “məsləhətlər” atəşinə tutulur. Xoşməramlı məsləhətçilərin bir qisminin məsləhəti “Qoy özü yatsın! Uşaqdır! Ağlayıb-ağlayıb yatacaqdır!”, “Uşağı bərk bələ, öz istisinə buğlanıb yatsın”, digər qisminin isə məsləhəti “Gecə əmizdirmə ki, bütün gecəni oyanmadan yatsın!”, “Yatmamışdan əvvəl bir şüşə süni qida ver ki, gecə oyanıb döş istəməsin!” olur.
Valideynlərə verilən bu məsləhətlərin öz-özlüyündə yalnış olmaqlarına aydınlıq gətirmədən, sadə bir sualan nəzər yetirək: “Həqiqətənmi, uşaqlar körpə yaşlarından bütün gecəni yatmalıdırlar?” Valideynlərə cavab qısaca olaraq, “Xeyr”-dir. Elmi araşdırmalar göstərir ki, gecələri dəfələrlə oyanaraq yatmaq uşaqlar üçün kifayət qədər normaldır. Müşahidələrə əsasən uşaqlar həyatlarının ilk ilində ən azı 1-2 dəfə gecə oyanırlar. 3 ayından kiçik olan körpələr səhər 2 saatdan bir oyanmaları qeydə alınmışdır. Bu halların baş verməsi nəinki normaldır hətta, körpələrin sağlamlığı üçün önəmlidir. Valideynlərin nəzərinə çatdıraq ki, körpələrin mədəsi çox kiçikdir- yenicə doğulmuşun mədəsinin ölçüsü iri qoz ölçüsündə, 1 aylığın isə yumurta boydadır. Bu o deməkdir ki, tez bir müddət ərzində acdıqlarında onların tez-tez əmizdirilməyə və ya valideyn tərəfindən yedizdirilməyə ehtiyacları var.
Yuxudan tez-tez oyanmaq körpələrin təhlükəsizliyini təmin edir. Müəyyən araşdırmalara əsasən aydın olmuşdur ki, uzun və dərin yuxu yatan körpələrin “beşik ölüm” və ya Qəfil Körpə Ölüm Sindromu riski daha çoxdur. Körpələri qalın və sıx bələmək, onları başqa otaqda tək yatdırmaq valideynlərə qəti məsləhət deyil.
Başqa bir araşdırmalara əsasən məlum olmuşdur ki, uşaqların gecələri valideynlərinə, xüsusən analarına yaxın yatmaq istəkləri fitri bir ehtiyacdır. Bu onlara mühafizə, əminlik və rahatlıq hissi verir. Bəzi valideynlik ədəbiyyatlarının validyenlərə verilən uşaq ağlamasına fikir verməmək məsləhətlərinə rəğmən, bütün deyilənlərdən son nəticə olaraq, valideynlər körpənin gecə oyanmalarına və ağlamalarına mütləq şəkildə cavab verilməlidir. Çünki, körpələr özləri öz ehtiyaclarını ödəmək qabiliyyətinə qadir deyillər. Əgər onlar oyanırlarsa demək buna səbəblər var:
- Körpəyə isti və ya soyuqdur.
- Körpə acdır.
- Körpənin bezi dəyişdirilməlidir.
- Körpə sadəcə olaraq qucaq nəvazişi almaq istəyir.
Körpənin ağlamasına və oyanmasına böyüklərin fikir verməməsi körpələrdə ciddi stresə səbəb olur ki, bu da onların beyin inkişafına mane olur.
O ki, qaldı süni qida ilə qidalanandırılan körpələrin daha uzun və dərin yuxuya malik olmalarına, cavab çox sadədir: Süni qida kiçik körpə mədəsinin həzmi üçün ağır olan qidadır. Lakin valideynlər həmçinin unutmamalıdırlar ki, süni qida ilə bəslənilən körpələr ana südü ilə bəslənilənlərə nisbətdə daha çox qazlılıq, mədə sancıları və həzm problemləri yaşayırlar ki, bu da onların gecə şirin yuxularına mane olur. Üstəlik araşdırmalar göstərir ki, daha böyük olan uşaqlara süni qida artıq uzun və dərin yuxu təmin etmir.
Swansea Universitetində Dr. Amy Brown tərəfindən 700-dən artıq 6-12 aylıq uşaqların müşahidəsi əsasında tətqiqatlar aparılmışdır. Məlum olmuşdur ki, onların 78%-i gecələri bir neçə dəfə oyanması hətta bu aylarda da tamamilə normaldır. Müşahidə olunan uşaqların yalnız 20%-i bütün gecəni yatırlar. Həmçinin süni qida alan uşaqlar eyni ilə ana südü ilə qidalananlar kimi gecələri oyanırlar. Hətta əlavə bərk qida qəbul edən uşaqların da yuxusunda heç bir dəyişiklik qeydə alınmamışdır. Bəzən uşaqlar lap böyüklər kimi səbəbsiz olaraq da, oyana bilirlər. Bunu aclıq ilə uzlaşdırmaq düzgün deyil.
Körpələrin bütün gecə yatmaq kimi valideynlərinə bir borclarının olmadığını öyrəndikdən sonra, anaların yuxuya olan ehtiyacı ilə bağlı bir araşdırmaya rast gəldik. Deməli, 210 orta yaşlı qadınların və kişilərin iştirak etdiyi araşdırmanın nəticələrinə əsasən məhz qadınların yuxusuzluqdan ciddi sağlamlıq problemləri yaşadıqları məlum oldu. Alimlər qeyd edirlər ki, kişilərlə eyni dərəcə olan yuxusuzluq qadınlarda daha ciddi problemlərə səbəb olur. Bu problemlərə hətta despressiya və əsəbilik də aiddir. Loughborough Universitetinin Yuxu Araşdırmaları Mərkəzinin direktoru, “Sleepfaring : A Journey Through The Science of Sleep” kitabının müəllifi, professor Jim Horne qeyd edir:
“Yuxunun ən başlıca funksiyalarından biri beynin özünübərpa və “təmir” etməyidir. Dərin yuxu zamanı beyinin düşünmə, danışıq və yaddaş hissəsi bütün digər üzvlərdən ayrılaraq, özünü bərpa rejiminə keçir”.
Yeri gəlmişkən hisslər haqqında da alimlərin yeni nəticələri var. Ən çox yayılmış məlumata görə insanın 5 duyğu üzvü vardır. Bu fikirin banısı Aristotel olmuşdur və o əsas duyğuları-dad, toxunuş, iy, görmə və eşitmə hislərini təsnif etmişdir. Əslində isə insan daha çox duyğu hislərinə malikdir. Alimlər müasir müşahidələrə əsasən 20-yə yaxın duyğu hisləri müəyyən etmişlər. Bunların sırasına termosepsiya (hərarəti duymaq), ekvilibrosepsiya (tarazlıq hissi),propriosepsiya (bədən hissələrinin məkan hissiyatı) aiddir.
Professor həmçinin qeyd edir ki, insan beynini gün ərzində nə qədər çox işlədərsə onun bərpası üçün bir o qədər çox yuxu ehtiyacı yaranır. Qadınlar çox funsiyalı düşünmə qabilyyətinə malik olduqlarından onların beyninin kişilərin beyninə nisbətdə daha çox yuxuya ehtiyacı olur. Qadınların hormonal fonun və beyin fəaliyyətinin daha mürəkkəb olduğu səbəbdən rahatlanmağa və bərpa olmağa daha çox vaxt tələb olunur.
Alimlər hətta qadınların nə qədər daha çox yuxuya ehtiyacları olduğu müddəti də hesablaya bilmişlər. Bu təxminən 20 dəqiqə kişilərin orta yuxu müddətindən daha çoxdur. Bəzi qadınlarda 20 dəqiqədən bir az çox və ya bir az az yuxu ehtiyacı müşahidə edilmişdir.
Üstəlik nəzərə almaq gərəkdir ki, uşaqlı ananın gecə yuxusu keyfiyyət cəhətdən atanın yuxusundan qat-qat pisdir. Bu uşaqların gecə oyanması və ana tərəfindən yenidən yatdırılması ilə əlaqədardır. Nəticədə anaların əksəriyyəti dərin və uzunmüddətli yuxuya malik deyillər ki, bu da vəziyyəti daha da gərginləşdirir.
Sonda valideynlərə uşaqlarına və onların istəklərinə qarşı həssas və diqqətli olmağa çağırırıq. Əgər körpə kürlük edir və ya ağlayırsa demək buna səbəblər var. Əksər hallarda bu səbəblər kifayət qədər vacib və ciddidir. Valideynlər unutmamalıdırlar ki, körpələrin gecə narahat yatmaları müvəqqəti bir çətinlikdir. Ailənin bütün üzvlərinin sağlam yuxu almalarında isə dəstəyə ehtiyac duymaları tamamilə normaldır.
Müəllif: Səltənət Zülfüqarova
1 Şərhlər