“Müştərək çimmə” (co-bathing) texnikası ana və körpənin cəlb edilməsi ilə həyata keçirilir. Dünyaya göz açmış körpədə bətndaxili mühit təəssüratı yaratmaq məqsədini daşıyan bir texnikadır. Buna həmçinin “yenidən doğuş” (rebirth) adı ilə də rast gəlmək olar. İllər boyunca  müxtəlif ölkələrdə tətbiq olunmasının səbəblərinə ana və ya körpənin çətin keçmiş doğuşdan sonrası emosional sağalması, ana-bala bağının bərpası və əmizdirmədə yaşanan problemin çözülməsi aiddir.

Texnika özündə ana və körpənin birlikdə ilıq vanna qəbul etməsi məğzini daşıyır. Körpə qulaqlarına qədər kürəyi üstə suya salınır. Bu cür su ilə təmas körpəyə bətndaxili mayedə olduğu vaxtlarını xatırladır. Həmin zaman ana da körpə ilə birlikdə suda olur, köprəni tumarlayır, onunla sakit səslə danışıb əzizləyir. Həm ana, həm də körpə bir qədər suda rahatlandıqdan sonra körpə anasının qarnı üstünə qoyulur. Körpə yavaş-yavaş ağzı ilə anasının sinəsinin axtarışına başlayacaqdır. Əgər körpə anadan olandan heç vaxt əmizdirilməyibsə ona daha çox vaxt tələb olunacaqdır.  Müəyyən vaxtdan sonra bütün bədəni ilə ananın döşünə sarı da”iməkləyərək” əmmə refleksini göstərməyə başlayacaqdır. Əslində bu cür döşə sarı “iməkləmə” halları dərmansız, təbii doğuşdan sonra əksər körpələrdə müşahidə olunur.

Körpədən əlavə ana “müştərək çimmə” texnikasını tətbiq edərkən, psixoloji rahatlıq əldə edə bilir. Bunun səbəbi isə Emotional Recovery from A Cesarean kitabında açıqlanır. Müəllif qeyd edir ki, travmatik və planlaşdırmadığı tərzdə doğuş yaşayan ana xəyalən istədiyi tərzdə körpəsi ilə ilk tanışlığını təşkil etməyə nail olur. Bəzi analar elə ordaca mənfi hiss və təəssüratlarından qurtulmağa nail olurlar.

Bu metodu bir sıra analara tətbiq etməkdə yardım olan mamaça və laktasiya məsləhətçisi Marie Davis yazır ki, arzu olunmaz qeysəriyyə kəsiyi əməliyyatı, çətin doğuşa və ümumiyyətlə təbii doğuş təcrübəsini itirdiyinə görə məyus olan, həmçinin körpəsi ilə bədən-bədənə təmasa dərhal girə bilmədiyindən və ya müəyyən müddətlik körpəsindən ayrı düşdüyünə görə dərd-qüssə yaşayan analar üçün bu metod kifayət qədər önəmlidir. Bu proses yenidən doğmuş kimi hisslər yaşayan həmin anaların emosional “yaralarını” sağaltmağa güclü yardımçı vasitələrdəndir.

Lakin bu metodun analar arasında istifadəsinin ən başlıca səbəbi əmizdirmə prosesini süni şəkildə stimulyasiya etməkdir. Körpədə əmmə çətinlikləri və ya ümumiyyətlə döşdən imtina halları baş verirsə, yenidən doğulmuş kimi təəssürat çətinliyin öhdəsindən gəlməyə yardım ola bilir. Mütəxəssis qeyd edir ki, günlər hətta həftələrlə körpəsini döşlə əmizdirməkdə çətinlik yaşayan, həftələr və aylarla körpələrini yalnız sağmış südlə qidalandıran analar sınayıb və nəticəsindən məmnun qalmışlar. Bu prosesdə ana müşahidəçi qismində çıxış etməlidirlər. Təsvir olunan mühitə düşən körpə təbii instiktlərinə köklənir və nə etməli olduğunu sanki, xatırlamağa başlayır. İnstinktiv və refleks səviyyəsində müəyyən dəyişiklik baş verir.

Doula Momma travmatik doğuş keçirən bütün analara bu metodu məsləhət görür. Travmatik doğuş istər təbii, istərsə d,ə qeysəriyyə kəsiyi əməliyyatı zamanı mülayim və ya kəskin dərəcədə baş verə bilir. Səbəb olaraq aşağıdakılar ola bilər: dölün mövqeyi, çanağın qeyri-düzgün forması, arxasıüstə uzanaraq gücənmək, çox uzun və ya çox tez doğuş, dölün başının çox iri olması, döldə patologiya və s. Analara müştərək çimmə texnikasını məsləhət bilən mütəxəssis qısaca olaraq qeyd edir: “Xəstəxanadan evə gələn kimi suya girin, körpənizlə bədən bədənə təmas edin, özünüz və körpəniz üçün istədiyiniz şəraiti təşkil edin. Hətta körpədə doğuş travması müşahidə olunmayıbsa belə, bunu özünüz üçün edin. Südünüzün gəlişində ləngimələr varsa, bu metod sizə rahatlanmağa, relaksasiya etməyə və süd istehsalı üçün vacib olan hormonların ifrazına yardım edəcəkdir. Mən səmimi qəldbən bu metodun şəfalı gücünə inanıram və daha çox anaların bundan faydalanacağına ümid edirəm. “

Sözsüz ki, bəzi hallarda “müstərək çimmə” ilk dəfədən deyil bir neçə dəfədən sonra özünün təsirini göstərə bilər. Xüsusən əmizdirmə problemləri ilə rastlaşan analar buna mütləq şəkildə cəhd etməlidirlər.

“Müştərək çimmə” zamanı təhlükəsizlik tədbiləri:

  • İsti hamamda etmək.
  • Vannanı qaynar yox isti su ilə doldurmaq. Su bədən temperaturunda olmalıdır ki, həm körpə, həm də ana üşümədən rahatlana bilsinlər. 
  • Ana soyunub vannaya girir.
  • Yardım edən şəxs körpəni lüt şəkildə, göbək və qulaqların su ilə təmasından yayınaraq, kürəyi üstə suya salır. 
  • Körpə zərif şəkildə çiyinlərindən dəstəklənərək suyun üzərində bir  dəqiqəyə qədər rahatladıcı şəkildə hərəkət etdirilir. 
  • Sonra ananın qarnına qoyulur. 
  • Körpəyə ananın döşünə doğru irəliləməyə yardım edilməli və ana bu işdə təşəbbüs göstərməlidir. 
  • Yardım edən şəxs yaradılan rahatladıcı mühitə müdaxilə etməməli, sadəcə müşahidəçi qismində yaxında olmalıdır. 
  • Yardım edən şəxs həmçinin ananın və körpənin vannadan çıxmasına kömək etməlidir. Anadan öncə körpə götürülməli sonra isə vannadan çıxmasına yardım edilməlidir. 
  • Anada ifrat yorğunluq və ya yuxululuq müşahidə edilirsə, yıxılma, tənəffüsdə çətinlik kimi təhlükə zamanı ana və körpə hamamdan təkbaşına qoyulmamalıdır. 

Bir daha qeyd edək ki, yuxarıda ətraflı şəkildə təsvir edilən texnika ana-bala arasında olan bağı möhkəmləndirə, əmizdirmə prosesini tənzimləyə, ana və ya körpəyə travmatik təcrübədən sonra bərpa olmağa yardım edə bilər.

Hazırladı: Səltənət Zülfüqarova

2 Comments

  • Ulviyya
    Posted 04 May 2019 5:07 0Likes

    Allah razi olsun. Bilmediklerimizi oyrenirik sayenizde.

    • vib.az
      Posted 04 May 2019 9:55 0Likes

      Demək ki, məqsədimizə yetişirik :) Təşəkkürlər

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.