Körpələrini ana südü ilə bəsləmək istəyən anaları ən çox  maraqlandığı mövzu məhz  südartıran ərzaqlar və əmizdirmə dövründə  düzgün qidalanma vərdişləridir. Əmizdirən analar adətən südlərinin miqdarını artırmaq üçün yüksək kalorili  yeməklərə üz tutmağa və lazımından artıq miqdarda qida qəbul etməyə başlayırlar. Süd ehtiyatlarını artırmaq, ana-bala köpünü azaltmaq, əmizdirən  müddət daxilindənəinki kökəlməmək hətta özünüzə və körpənizə xələl gətirməməklə istədiyiniz qədər arıqlamaq, ən əsası isə sağlamlığınızı möhkəmləndirmək üçün analarımıza bir neçə sadə məsləhətlərimiz var.

Suyu bədəniniz tələb edən miqdarda qəbul edin. Son araşdırmalar (L.B. Dusdieker et al. “Effect of supplemental fluids on human milk production”) göstərir  ki, bədənin tələb etdiyindən artıq mayenin qəbul etməsi südün keyfiyyətinə mənfi təsir göstərə bilir. Mayenin normadan az qəbul edilməsi də süd ehtiyatında problemlərə səbəb ola bilər. Gün ərzində 6-8 stəkan su kifayətdir.

Aclıq  hissi gələndə yeyin. Peyğəmbərimiz (sallalahu əleyhi va səlləm) buyurur: “Heç bir insan mədəsindən daha təhlükəli bir qab doldurmamışdır. Halbuki, insana onu ayaq üstə saxlaya biləcək bir neçə loğma kifayətdir. Əgər bir kimsə mütləq çox yemək istəyirsə mədəsinin üçdə birini yeməyə, üç də birini içməyə, üç də birini də nəfəsinə ayırsın!” (Tirmizi).

Yüksək kalorili və ifrat miqdarda yemək heç də südün artmasının zamini deyil. Süfrədən xəfif aclıq hissi ilə durun. Əgər yemək qəbulundan sonra özünüzü ağır və tənbəl hiss edirsinizsə, deməli lazım olan miqdardan qat-qat artıq yemisiniz. Bu halda yeməyinizin miqdarını tədricən azaltmaqla özünüzü həm sağlam həm də güclü hiss edəcəksiniz.

Sağlam və evdə hazırlanan yeməklərə üstünlük verin. İfrat şəkildə emal olunmuş ərzaqlar (ağ un, ağ şəkər və s.), hazır qida məmulatları (yarımfabrikatlar, şirniyyat və.s ) və qida əlavələrindən (ketçup, mayonezvə s.) maksimum dərəcədə yayınmağa çalışın.

Təbii məhsullara üstünlük verin. Meyvə- tərəvəzləri, paxlalı və dənliləri fəal şəkildə yeməklərinizdə istifadə edin. Çoxsaylı emaldan keçən ərzaqları daha az emal olunmuş şəkildə (məsələn  ağ unu kəpəkli unla, ağ şəkəri qəhvəyi şəkərlə, ağ düyünü qonur düyü ilə əvəz edərək) qəbul edin. Süni yolla bəslənmiş və ya  becərilmiş məhsullara təbii alternativ axtarın. Bəzi zərərli kimyəvi maddələr ana südü vasitəsilə  körpəyə ötürülə bilər.

Kaffein və alkoqollu içkilərdən, tütün məmulatlarından çəkinin (Maureen Minchin “Breastfeeding Matters” və Australia National Health and Medical Research Counsil məlumatlarına görə). Kola, şokolad, qəhvə, ifrat miqdarda qara çay , enerji içkilər və hətta az miqdarda spirtli içki südün miqdarına və  keyfiyyətinə mənfi təsir göstərir.

Rasionunuzda fitoestrogenlərin miqdarına nəzarət edin. Bəzi təbii məhsullar (adaçayı otu, nanə, cəfəri, ətotu, soya) fitoetrogenlə zəngin olduğundan südün müəyyən miqdarda azalmasına səbəb ola bilər (“The Breastfeeding Mother’s Guide to Making More Milk” Diana West, Lisa Marasco). Qidanızdan onları tam kəsməyə ehtiyac yoxdur sadəcə kəmiyyətinə nəzarət etməklə onlardan faydalanmaq olar.

Fərdi həssaslıq. Əgər hər hansısa ərzaqların qəbulu sizə köp və allergiya verirsəonlardan az miqdarda istifadə etmyə calışın. Ümumilikdə isə istənilən qida məhsullarından istifadə edə  bilərsiniz.

Müəllif: Səltənət Zülfüqarova

3 Comments

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.