Tandem əmizdirmə – ananın eyni zamanda 2 körpəni əmizdirməsidir. Əksər hallarda, uşaqlardan biri o birindən bir yaş böyük olur, bəzən isə uşaqlar arasında yaş fərqi 2 və daha çox olur. Kimsə bir qadının tandemlə süd əmizdirdiyini eşidəndə deyə bilər ki, “Sənə medal düşür!” və ya “Doğurdan!? Bu nəyə lazımdır ki!?”.

Bu məsələdə hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir. Tandem əmizdirməyə qərar vermiş ana başa düşməlidir ki, bu, ilk baxışda göründüyündən daha asandır. Lakin, bir neçə mühüm məqamı nəzərə almaq lazımdır:

 Yaxşı olar ki, hələ hamiləlik zamanı böyük uşağı tandemə hazırlayasınız. Tezliklə evə yeni körpənin gələcəyini və ananın südünü yeyəcəyini ona izah etmək lazımdır (çünki o hələ şorba və sıyıq yeyəcək qədər kiçikdir).

 Əgər böyük uşaq kiçiklə eyni vaxtda süd yemək istəyirsə, ana körpə ilə rahat mövqedə oturur, ikinci uşaq isə özü uyğun mövqe taparaq süd əmir. Bir neçə mümkün variantı nəzərinizə çatdırırıq: Laktasiya yenidən başlayıb və süd yeni doğulmuş körpənin tələbinə uyğunlaşıb. Daha doğrusu, südün tərkibi, doğuşdan sonra necə olmalıdırsa, o şəkli alır. Yəni, körpənin tələbatını tam ödəyir. Lakin, bu, böyük uşaq üçün zərərli ola bilməz. Sadəcə südün tərkibində, böyük uşağın əvvəl əmdiyi südün tərkibindən daha çox qidalandırıcı və energetik maddələr mövcuddur (adətən bir yaşdan sonra südün tərkibi cüzi dəyişir və onun tərkibində daha çox immunoqlobulin əmələ gəlir).

İlk həftələr süd çox ola bilər. Çünki, laktasiyanı eyni anda 2 uşaq stimulyasiya edir. Özü də onlardan biri artıq təcrübəli peşəkardır. Ana xüsusilə gecə narahatçılıq keçirə bilər. Səbr etmək lazımdır. Burada söhbət, döşdə dolğunluğa səbr etməkdən getmir. Döşdə dolğunluğu azaltmağa böyük uşaq hər zaman kömək edə bilər. Vaxt gələcək və döş, lazımi miqdarda süd ifraz etməyə başlayacaqdır. Bu, ilk körpədə olduğundan daha tez baş verəcəkdir.

Hər körpəyə bir döşü ayırmaq lazım deyil. Körpələrin əmmə üsulu fərqlidir və böyük uşaq daha fəal əmir. Döşlərdə süd qeyri-bərabər ifraz oluna və bu da nəticə etibarilə bir döşün o birindən böyük olmasına gətirib çıxara bilər.

İlk həftələr kiçik uşaq hər dəfə döş əmdikdə, böyük də mütləq onunla birlikdə əməcəkdir. Yaxşı olar ki, ana əvvəlcədən bu cür ssenariyə və demək olar ki, bütün gün süd əmizdirməyə hazır olsun. Bu isə o deməkdir ki, tez-tez və yaxşı qidalanmaq lazımdır (yaxşı olar ki, ana tez-tez, lakin az porsiyalarla qidalansın), çünki aclıq hissi sizi sözün əsl mənasında təqib edəcəkdir. Ananın rasionu sağlam, tam dəyərli və çeşidli olmalıdır. Bundan əlavə, ana istirahət etməli, gün ərzində heç olmasa yarım saat özünə ayırmalıdır. Əmizdirən ananın qidası haqqında ətraflı burada.

Böyük uşaq bir neçə həftə əlavə qidadan imtina edə və yalnız ana südü ilə qidalanmaq istəyə bilər. Təbii ki, onun nəcis ifrazatı da müvafiq olaraq durulaşacaqdır. Narahat olmağa ehtiyac yoxdur. Doyunca əmdikdən sonra, təcrübəli qurman tezliklə öz adəti ritminə qayıdacaqdır. Yeri gəlmişkən, bu cür “süd pəhrizi” ərzində onun çəkisi qəfil arta bilər.

Birgə yuxu üçün yer hazırlamaq lazımdır…dörd nəfərlik. Çünki, ana artıq səhərlər iki körpə ilə oyanmaq riski ilə üz-üzədir. Çox güman ki, çarpayınızda hər kəsə yer çatmayacaqdır. Doğuşdan bir müddət sonra, böyük uşağı ehtiyatla başqa yerə, valideynlərin çarpayısına yaxın çarpayıya keçirmək olar. O, gecə və səhər yenə süd əmmək istəyəcəkdir.

Hər uşaq əmdikdən sonra döşü yumağa ehtiyac varmı? Bu realdırmı? Bu, fiziki cəhətdən mümkün deyil. Çünki, ilk həftələr uşaqlar hər ikisi birlikdə gün ərzində 20 dəfəyə yaxın süd əməcəklər. Əgər körpələrdən hansısa xəstədirsə, döşü yumaq vəziyyətdən çıxış yolu deyil, çünki uşaqlar çox yaxın ünsiyyətdə olurlar. Ananın anti-cisimli südünü isə (axı o da xəstə uşaqla ünsiyyətdə olur və çox güman ki, onun orqanizmində törədiciyə qarşı anti-cisimlər əmələ gəlib) tandemdə hər iki körpə içmiş olacaqdır.

Böyük uşağa acığınız tuta bilər. O döşü əməndə, xoşagəlməz hisslər keçirə bilərsiniz. Odur ki, onun döşü necə əmdiyinə diqqət yetirmək lazımdır.

Müəllif: Olqa Nayman
Tərcümə: Xumar Ərşadlı
Mənbə: www.mamamilk.info

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.