Mən tez-tez anaların eyni məzmunlu suallarına cavab verməli oluram. Belə suallardan biri:
“Niyə doğum evindəki həkimlər və pediatrlar sizin dediklərinizi demir? Onlar deyir ki, südü mütləq sağmaq, körpəni rejimlə əmizdirmək, onu ayrı çarpayıda yatızdırmaq, əmizdirmədən əvvəl döşü yumaq lazımdır. Biz kimə inanaq?”.
Çalışıram elə cavab verim ki, heç kim inciməsin. Birincisi, tibb universitetində körpəni əmizdirməyi yox, necə müalicə etməyi öyrədirlər. Bundan əlavə, onların işi sağlam yox, patalogiyalı uşaqlarladır. İkincisi, həkimin özü, körpəsini uğurlu şəkildə əmizdirməmiş ola bilər və ya ümumiyyətlə əmizdirmənin nə olduğunu bilməyə bilər, xüsusilə əgər bu həkim kişidirsə. Odur ki, bu məsələdə həmin həkimin məsləhətinə qulaq asmağın faydası yox, əksinə zərəri ola bilər.
Bəs hardan biləsiniz ki, həkiminiz ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) tərəfindən tərtib olunmuş uğurlu əmizdirməyə dair əsas prinsipləri bilmir/dəstəkləmir?
1. Həkim israr edir ki, körpəni ciddi rejimlə əmizdirəsiniz və əmizdirmələr arasında böyük fasilələr verəsiniz.
- Bu, ananın südünün və körpənin çəkisinin azalmasına gətirib çıxarır.
2. Hətta əgər körpə həmişə sizin yanınızdadırsa belə, həkim, südün miqdarını yoxlamaq üçün hər əmizdirmədən sonra südü sağmağı məsləhət görür.
- Südü sağmağa, yalnız ana və körpə ayrı-ayrılıqda olduqda ehtiyac olur. Ananın südünün kifayət qədər olub-olmadığını isə “yaş bezlərin” sayı göstərir.
3. Həkim südəmizdirmələr arasında əmzikdən istifadə etməyi tövsiyyə edir.
- Nəticə etibarilə, körpə tam süd əmmir və əmizdirmənin gedişatı pozulur.
4. Həkim əmizdirmədən əvvəl döşü yumağı və həmçinin gilələrə süddən başqa nəsə çəkməyi tövsiyyə edir.
- Bu, döşdə çatlar və digər problemlərə gətirib çıxara bilər.
5. Həkim, körpənin çəkisini yoxlamaq üçün, əmizdirmədən əvvəl və sonra onu tərəzidə çəkməyi tövsiyyə edir.
- Südün miqdarını yoxlamaq üçün bu üsul qətiyyən işə yaramır, çünki körpə hər dəfə fərqli miqdarda süd əmir.
6. Həkim 6 ayına qədər körpəyə su və əlavə maye (uşaq çayları, şüyüd suyu, kolik əleyhinə damcılar) verməyi tövsiyyə edir.
- Ana südü 90% sudan ibarətdir, koliklər isə çay və damcılarla müalicə olunmur.
7. Həkim təkid edir ki, körpə ilə ayrı yatasınız və gecə əmizdirmələrinə fasilə verəsiniz.
- Bu, südünüzün azalmasına səbəb olacaq, çünki süd ən çox məhz gecə fəal ifraz olunur.
8. Həkim körpəyə 6 ayından əvvəl əlavə qida verməyi tövsiyyə edir.
- Əslində isə, körpənin həzm sistemi ana südündən başqa digər qidanı qəbul etməyə hazır deyil.
9. Körpəyə əlavə qida vermək zamanı gəldikdə, həkim əmizdirmələri əlavə qida ilə əvəzləməyi tövsiyyə edir.
- Bu, ananın südünün qısa zamanda qurumasına səbəb olur.
10. Həkim körpəni 1 ildən çox əmizdirməyi məqsədəuyğun hesab etmir.
- Əslində isə, dünyanın əksər hissələrində körpəni 2-3 yaşa qədər əmizdirməyə daha çox rast gəlinir və bu norma hesab olunur. Bundan əlavə, körpəni uzun müddət əmizdirməyi Ümumdünya Səhiyyə Təşkilatı tövsiyyə edir.
11. Siz həkimə körpənizin narahat olması və onu tez-tez əmizdirməli olmanız barədə şikayətlərinizi bildirirsiniz, o isə, sizin əmizdirmə qabiliyyətinizə şübhə ilə yanaşır və sadəcə sizin sözlərinizə əsaslanaraq süni qida təyin edir!
- Südəmər körpəni narahat edən tamamilə başqa səbəblərdir!
12. Siz və ya körpəniz xəstə olduğu üçün, həkim dərhal əmizdirməni dayandırmağınızı istəyir.
- Əgər siz xəstələnmisinizsə və həkim əmizdirməyə müvafiq olmayan dərman preparatı təyin edibsə, bu onun qeyri-peşəkarlığından xəbər verə bilər. Ona əmizdirməyə müvafiq olan dərman preparatlarının siyahısını göstərin və alternativ müalicə üsulu tələb edin və ya başqa mütəxəssisə müraciət edin!
Müəllif: Natalya Razaxatskaya
Mənbə: www.am-am.info