Kimyəvi qida əlavələri ərzaqların teksturasını, dadını və görünüşünü yaxşılaşdırmaq üçün əlavə olunan sintetik maddələrdir. Ərzaq qoruyucuları bakteriya, göbələk artımının və kiflənmənin qarşısını almaq üçün ərzaqlara əlavə edilir. Qoruyucuların əsas vəzifəsi ərzaqlarda oksidləşməyə mane olmaqla, ərzağın rəngini, dadını qoruyaraq xarab olmasının qarşısını almaqdır.

Müasir zamanda müxtəlif növ qida və içkiləri kimyəvi əlavələrsiz təsəvvür etmək mümkün deyil. Lakin buna baxmayaraq, əksər hallarda təbii ərzaq qoruyucuları istifadəsiz qoyaraq sintetiklərdən istifadə olunur. Təbii qoruyuculara duz, sirkə, şəkər, bal, qreypfrut tumu cövhəri və s. aiddir.

Gündəlik istifadə etdiyimiz ərzaqların tərkibində ən çox rast gəlinən kimyəvi əlavələr aşağıdakılardır:

Kalium sorbat-E202 əsasən pendirlərə, pendir əsaslı ərzaqlara, qatıq və yoqurtlara əlavə edilir. Türkiyəli alimlərin araşdırmalarına görə bu əlavənin təhlükəsi genotoksik olmaq yəni genetik informasiya daşıyıcı olan DNT-ni zədələmək qabiliyyətinə malikdir.

Natrium benzoat-E211 qazlı içkilər, balıq məhsulları, salat sousları, cem və meyvə şirələrinə əlavə edilir. Bu maddə vitamin C ilə qarışdıqda kansirogen xassəyə malik benzol əmələ gətirir. Elmi araşdırmalar göstərir ki, natrium benzoat süni qida rəngləri ilə birləşərək bəzi uşaqlarda hiperaktivliyə səbəb ola bilir.

Kükürd dioksid-E220sulfitlər-E221-E228 meyvələrin, quru meyvələrin, sirkənin, şirələrin, qazlı içkilərin rəngini və tamını qorumaq üçün adı çəkilən məhsul və ərzaqlara əlavə edilir. “Avstralasiya Kliniki İmmunologiya və Allergiya Cəmiyyətinin” (The Australasian Society of Clinical Immunology and Allergy-ASCIA) məlumatlarına əsasən sulfitlər allergiya, qızdırma, astma, dəridə səpkilərə səbəb olduğu sübuta yetirilibdir.

Propionatlar-E280-E283 əsasən çörəklərin və un məmulatların kiflənməsinə qarşı istifadə olunur. Son zamanlar bu maddənin pendir, meyvə-tərəvəz məhsullarında istifadəsinə icazə verilmişdir. Propionatlar miqyen, başağrıları, mədə pozuntuları, dəridə səpkilərə, burun tutulmaları, depressiya, yorğunluq, qıcıq və narahatlğa səbəb yaradır. Əslində çörək bişirən müəssisələr hər gün bişirmə qurğularının sirkəli su ilə təmizləyərsə, kiflənmənin qarşısını ala bilər. Plastik paketlərdə bağlama olunan çörəklərdə isə kiflənməyə əlverişli mühit yaranır.

Natrium nitrat-E250natrium nitrit-E251 əsasən ət məhsulları olan veçina, sosis, kolbasa, emal olunmuş ət, hisə verilmiş toyuq və balıq kimi ərzaqlara vurulur ki, botulizm bakteriyalarının inkişafının qarşısını alsın. Bu maddə köhnə ətə təzə və iştahaçıcı görünüş verir. Uşaqlar nitrat zəhərlənmələrinə çox həssas olduqlarından metaemoqlobinemia və ya “mavi uşaq sindromu” kimi problem yarada bilirlər.

Sadaladığımız kimyəvi qida əlavələri qida sənayesi tərəfindən ərzaq istehsalında istifadə etdiyi qida əlavələrinin cüzi bir hissəsidir. ABŞ-ın “Ərzaq və Dəman Administrasiyası” (The Food and Drug Administration-FDA) gündəlik istehlak olunan ərzaqlara 3000-dən artıq kimyəvi qida əlavələrinin qatılaraq hazırlanması haqda məlumat verir. Sağlam, yerli, təzə və kimyəvi qida əlavələri olmayan ərzaqlara üstünlük verməklə bütün ailənizin sağlamlığının mühafizəsinə səbəb ola bilərsiniz.

Hazırlayan: Zülfüqarova Səltənət

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.