Dinimiz analara körpələrini əmizdirməyi buyurur. Allah Kəlamı olan müqəddəs Quran anaları övladlarını əmizdirməyə səsləyərək belə deyir: “Analar öz övladlarını tam iki il əmizdirsin­lər”. (əl-Bəqərə surəsi, 233)

Digər ayələrdə isə buyurulur: “Anası onu (bətnində) gündən-günə zəiflədiyi­nə baxmayaraq daşımışdır. Onun süddən kəsil­mə­si isə iki il ərzində olur”. (Loğman surəsi, 14)

İslam alimləri ayələrə əsaslanaraq südəmər körpənin əmizdirilməyə ehtiyacı olduğu müd­dətcə ana südü ilə qidalanmasının vacib olduğun­da və bunun körpənin valideyni üzərində haqqı olduğu rəyində həmfikirdirlər.

Həmçinin İbn Kəsir (Allah ona rəhmət etsin) öz təfsirində Bəra ibn Azibdən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun)  bir yaş altı aylıq oğlu İbrahim öldüyü zaman “Şübhəsiz ki, Cənnətdə onun üçün əmizdirən vardır”  sözləri ilə əmizdirməyin əhə­miy­yətini vurğulayır.

“Fisal” sözü Ərəb dilindən tərcümədə “süddən kəsmək” mənasına gəlir. Əmizdirmə və süddən kəsmək müddəti barədə Qurani Kərimdə buyurulur:

“Onun (bətndə) daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir “. (əl-Əhqaf surəsi, 15)

İlk baxışdan ən adi riyazi hesablama və müqayi­səyə əsasən uşağın süddən kəsilmə müddəti barədə Əhqaf surəsinin 15 – ci ayəsi ilə digər iki ayə arasında təzad görünsə də, istər İbn Kəsirin, istər Abdur-Rəhman əs-Sadinin, istərsə də Qurtubinin (Allah onların üçünə də rəhmət etsin) təfsir­lərin­də üstün rəy kimi qeyd etdikləri­nə əsasən Əli ibn ƏbuTalib (Allah ondan razı olsun) süd əmizdirmə ilə bağlı hər üç ayəni birlikdə təfsir edərək qeyd olunan otuz ayın doqquzunun yox, altısının hamiləlik müddətinə aid olduğunu, qalan iyirmi dörd ayın isə əmizdirilməyə ayırıldığını bildirmişdir. Həqiqətən də tibbi və həyati misallardan da göründüyü kimi, məhz hamiləliyin altıncı ayından sonra hətta erkən doğuş olduğu təqdirdə belə uşağın sağ qalma ehtimalı olduqca yüksəkdir.

Beləliklə də, aydın olur ki, Şəriət prizmasından süddən kəsilmə müddəti kimi ən optimal variant olaraq məhz iki il göstərilir. Onu da unutmamaq lazımdır ki, nəzərdə tutulan iyirmi dörd ay Miladi təqvimlə yox, Hicri təqvimindəki aylara əsasən müəyyən edilməlidir.

Süddən kəsərkən adət halını almış səhvlərdən biri də ana tərəfindən uşağı “xəstələnmişəm”, “yara olub” və s. kimi üsullarla aldatmasıdır. Halbuki dinimiz yalan danışmağı qadağan etmiş, xüsusən uşaqların tərbiyəsində mənfi təsir göstərdiyi üçün valideynləri bu məsələyə ikiqat məsuliyyətlə yanaşmağa səsləmişdir.

Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, uşaq ikən Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onların evində qonaq olarkən, anası ona “gəl bura, sənə bir şey verəcəm” deyərək, öz yanına çağırdı. Allah Rəsulu (Allahın ona salavat və salamı olsun): “Uşağa nə vermək istəyirdin?” deyə soruşdu. Anam isə: “Xurma vermək istədim” dedi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun):“Əgər bir şey verməsəydin (uşağı bu cür aldatsaydın), sənə bir yalan günahı yazılardı”.

Həmçinin yadda saxlamaq lazımdır ki, südün kəsilməsi nə ananın, nə də körpənin sağlamlığına zərər yetirməsin deyə, bu proses birbaşa yox, bir neçə ay əvvəldən planlaşdırılaraq, tədricən həyata keçirilməlidir. Həmin dövrdə anadan tələb olu­nan səbrli olmaq, habelə  əmməyə daha çox meyl etdiyi saatlar­da körpənin əlavə qida və maye ilə toxluğunun təmin edilməsi, müxtəlif maraqlı kiçik şeir, hekayə, oyunlar və s. ilə diqqətinin başqa yönə cəlb edilməsinə səy göstəməkdir.

Müəllif: Həcər Abbasova

Mənbə: “İlahi nemət-ana südü” kitabı

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.