Əmizdirmə və “Reyno” sindromu

Reyno sindromu (Raynaud phenomen) ilk dəfə 1862-ci ildə Moris Reyno tərəfindən təsvir edilmişdir. Bu, əl və ayaq barmaqları, burun, dodaq və döşün giləsində yerləşən kiçik arteriyaların geri dönən spazmı (vazospazmı) nəticəsində meydana gəlir. Dünya əhalisinin təxminən 5%-nin Reyno sindromundan əziyyət çəkdiyi hesab edilir. Bu halların 80–90%-ni idiopatik (səbəbi məlum olmayan) forma təşkil edir. Xəstəlik xüsusilə qadınlarda daha geniş yayılmışdır və qadınların təxminən 20%-də rast gəlinə bilər. Həmçinin hamilə qadınlarda da yayılma tezliyi yüksəkdir. Amma bununla belə heç hamilə olmayan qadınlarda da görülə bilir.

Reyno sindromu iki halda özünü göstərir:

  • İlkin halı ( Primary Raynaud Phenomen)
  • Sonrakı halı (Secondary Raynaud Phenomenon)

İlkin halda adətən hər hansı başqa xəstəliklə əlaqəli olmur və müstəqil şəkildə yaranır. Bu zaman qan analizində hər hansı anormallıq da aşkar etmək mümkün olmur. Sonrakı halda isə həm hər hansısa bir xəstəliyin əlaməti kimi meydana çıxır, həm də analiz zamanı dəyişikliklər müəyyən edilə bilir. Reyno sindromu əsasən bu xəstəliklərdə özünü göstərə bilir.

  • autoimmun xəstəliklər
  • sistemli qırmızı qurd eşənəyi (SLE),
  • revmatoid artrit
  • qalxanabənzər vəzi xəstəlikləri və digər oxşar patologiyalar.

Döş giləsinin Reyno sindromu ilk dəfə 1970-ci ildə Gunther tərəfindən təsvir edilmişdir.

Döş ucunda vazospazm və Reyno sindromu.

Vazospazm qan damarlarının qəfil daralması nəticəsində həmin nahiyəyə gedən qan axınının müvəqqəti azalması və ya dayanmasıdır. Bu vəziyyət döşün ucunda baş verdikdə qan dövranı pozulduğu üçün döşün ucu öz rəngini rəngi dəyişir və ana güclü ağrı hiss edir.

Əmizdirən analarda vazospazm adətən əmizdirmədən dərhal sonra və ya iki əmizdirmə arasında meydana çıxır. Ağrı daha çox yandırıcı, sancılı, döyünən və ya elektrik cərəyanını xatırladan xarakterdə olur. Qan dövranı bərpa olunduqca ağrı tədricən azalır. Ən çox rast gəlinən səbəb körpənin döşü düzgün tutmamasıdır. Körpə məməni kifayət qədər dərin tutmadıqda və ya əmmə zamanı onu sıxdıqda qan damarları müvəqqəti olaraq sıxılır. Buna aşağıdakı hallar səbəb ola bilər:

  • Dişləmə refleksi (“clampdown reflex”) körpənin əmizdirmə zamanı çənəsini sıxaraq məməni möhkəm tutması ilə xarakterizə olunan bir reaksiyadır. Bu, ən çox südün həddindən artıq sürətli və ya güclü axınına qarşı müdafiə reaksiyası kimi baş verir. Eyni zamanda, körpənin süd axınını tənzimləməyə çalışdığını nəzərə alsaq düzgün olmayan tutma və ya dil funksiyasındakı problemlərin əlaməti ola bilər.
  • səthi döş tutma
  • düzgün olmayan əmmə texnikası
  • dilaltı bağ
  • yüksək damaq və digər ağız anatomiyası xüsusiyyətləri
  • döş ucunda çat və ya digər zədələr

Belə hallarda əmizdirmə bitdikdən sonra döşün ucu ağ rəng alır və forması dəyişə bilər. Bu zaman döş yastılanmış, bükülmüş, qırışmış və ya ucu sivri görünə bilər. Bəzən yalnız məmənin ortasında və ya üzərində nazik ağ zolaq müşahidə edilir.

Əgər səbəb düzgün döş tutma və ya məmə zədələnməsidirsə, bu problemlər aradan qaldırıldıqdan sonra vazospazm da əksər hallarda yox olur.

Reyno Sindromu zamanı isə vəziyyət daha fərqlidir. Nikol O-Börnün yazdığı məqalədə biz əslində qismən anlaya bilirik ki, vazospazm və Reyno sindromu arasında nə kimi fərq ola bilər. Məqaləsində qeyd edir ki:

“İrlandiyada yenidən soyuq qış mövsümü yaşandığı üçün son vaxtlar getdikcə daha çox ana mənə müraciət edərək, körpənin döşə düzgün yerləşdirilməsi ilə əlaqəsi olmayan döş ağrısından şikayət edir. Anamnez (xəstəlik tarixçəsi) toplayarkən adətən onlardan döş ucunun rəngində hər hansı dəyişiklik müşahidə edib-etmədiklərini soruşuram. Ana “bəli” cavabı verərsə, növbəti sualım onun ümumiyyətlə soyuğa həssas olub-olmamasıdır. Bu sualı verdiyim anaların böyük əksəriyyəti bunun onlarda da olduğunu bildirirlər. Soyuq havada əl və ayaqlarında ağrı yaşayan qadınların əksəriyyəti ana südü ilə qidalandırma dövründə döşdə və ya süd vəzisində ağrı hiss edirlər. Bunun səbəbi döş ucunun bədənin periferik (uc hissədə yerləşən) hissələrindən biri olmasıdır”.

Reyno sindromu da kiçik arteriyaların həddindən artıq daralması ilə xarakterizə olunan vazospastik pozğunluqdur. Fərq olaraq isə biz bilməliyik ki, lokal vazospazm adətən əmizdirmə ilə birbaşa əlaqəlidir. Əsas səbəb döşün sıxılması və ya zədələnməsidir. Körpənin döşü düzgün tutmasının təmin edilməsi və əmizdirmə texnikasının düzəldilməsi əksər hallarda problemi aradan qaldırır.

Reyno sindromunda isə damar spazmı yalnız əmizdirmə ilə bağlı olmur. Ağrı hamiləlik dövründə, əmizdirmədən kənar vaxtlarda və ya sadəcə soyuq mühitə məruz qaldıqda da yarana bilər. Bir çox qadında, həmçinin, əl və ayaq barmaqlarında da soyuğa qarşı həssaslıq və rəng dəyişiklikləri müşahidə olunur.

Ağrı yalnız əmizdirmədən sonra yaranırsa, döş ucu deformasiyaya uğrayırsa və döş tutma düzəldildikdən sonra şikayətlər azalırsa, bu, daha çox lokal vazospazm ehtimal olunur.

Reyno sindromunu düşündürən əsas əlamətlər isə bunlardır:

  • simptomların soyuqla artması
  • hər iki döş ucunun zədələnməsi
  • əmizdirmədən asılı olmayaraq ağrı olması
  • döş ucunda tipik iki və ya üçfazalı rəng dəyişiklikləri

Kliniki tədqiqat: 1997-ci ildə bir neçə alim əmizdirən analarda döş ucunun Reyno sindromunu təsvir edən ilk klinik hadisələri dərc etmişdilər. Daha sonra San-Fransiskoda fəaliyyət göstərən pediatrik klinika və laktasiya mərkəzində aparılmış müşahidə tədqiqatında son üç il ərzində döş ucunun Reyno sindromu olan 12 qadın (14 körpə) qiymətləndirilmişdir.

Tədqiqat iştirakçılarının hamısında əsas şikayət əmizdirmə zamanı və ya ondan sonra yaranan çox güclü, döyünən və yanıcı xarakterli ağrı olmuşdur. Simptomlar əsasən soyuğun təsiri ilə başlayır, döş ucunda əvvəlcə ağarma, sonra isə göyərmə və ya qızarma ilə müşayiət olunurdu. Bütün qadınlarda döş ucunda iki və ya üç fazalı rəng dəyişiklikləri müşahidə edilmiş, onların yarısında isə oxşar əlamətlərin hamiləlik dövründə də olduğu bildirilmişdir.

Araşdırmanın mühüm nəticələrindən biri odur ki, 12 qadından 10-u təcrübəli laktasiya məsləhətçiləri tərəfindən qiymətləndirilmiş və onların ağrılarının səbəbinin körpənin döşü düzgün tutmaması olmadığı təsdiqlənmişdir. Bu, Reyno sindromunun sadəcə əmizdirmə texnikası ilə izah edilə bilməyəcəyini göstərir.

Tədqiqat həmçinin göstərmişdir ki, döş ucunun Reyno sindromunu çox vaxt Kandidozla (göbələk infeksiyası) səhv salınır. İştirakçıların 12 nəfərindən 8-i, eləcə də onların körpələri düzgün diaqnoz qoyulana qədər bir və ya bir neçə dəfə yerli və ya sistemik göbələkəleyhinə müalicə almış, lakin bu müalicələrdən heç bir fayda görməmişdilər.

Müəlliflər Rayno sindromunun diaqnozu zamanı yalnız ağrının deyil, soyuqla oyanma, döş ucunda tipik rəng dəyişiklikləri və simptomların hamiləlik dövründə və ya əmizdirmədən kənar vaxtlarda da müşahidə olunması kimi xüsusiyyətlərin birlikdə qiymətləndirilməsini tövsiyə etmişlər.

Müalicəsi

Müalicənin əsas məqsədi ağrını azaltmaq, damar spazmını aradan qaldırmaq, əmizdirməni rahatlaşdırmaq və ananın ana südü ilə qidalandırmanı davam etdirməsinə dəstək olmaqdır. Müalicə adətən dərmansız aparılır amma ağrının şiddətini nəzərə alaraq dərman müalicəsi də aparıla bilər.

Reyno sindromu ağrının xarakter və şiddətinə görə bəzən Kandida ilə qarışdırıla bilər, ona görə də ilkin olaraq etməli olduğunuz ağrının altda yatan əsas səbəbi tapmaqdır. Bunun üçün təcrübəli əmizdirmə məsləhətçisinə və ya laktasiya sahəsində ixtisaslaşmış tibbi personala müraciət edə bilərsiniz. Əgər aşağıdakı hallar istisna edilirsə bu zaman sindromun müalicəsinə başlamaq məsləhət görülür.

  • körpənin döşə düzgün yerləşdirilməsi
  • körpədə dil bağı
  • döş ucunun mexaniki zədələnməsi
  • Kandidoz, mastit və digər infeksiyalar

Dərmansız müalicə

  • İstiliyin qorunması

Soyuq temperatur bu sindromu ən mühüm qıcıqlandırıcılarından biridir. Buna görə də müalicənin əsasını döş ucunun və ümumilikdə bədənin isti saxlanılması təşkil edir.

Tövsiyə olunur ki:

  1. körpə döşü buraxan kimi döş dərhal örtülsün;
  2. döş ucu havada qurudulmasın;
  3. əmizdirmədən dərhal sonra quru isti kompres tətbiq edilsin;
  4. soyuq mühitdən və temperaturun qəfil dəyişməsindən mümkün qədər uzaq durulsun;
  5. qış aylarında yun və ya istiliyi yaxşı saxlayan döş yastıqçalarından istifadə edilsin

İstilik tətbiq edilərkən yanıq riskinə yol verməmək üçün xüsusi diqqət göstərilməlidir.

  • Oyadıcı amillərdən uzaq durmaq

Damarların daralmasına səbəb olan amillərin aradan qaldırılması simptomların azalmasına kömək edir. Bunun üçün aşağıdakılar tövsiyə olunur:

  1. siqaret və nikotin məhsullarından istifadə etməmək;
  2. kofein qəbulunu azaltmaq.

Qəbul edilən bütün dərmanlar barədə laktasiya məsləhətçisinə və həkimə məlumat verilməlidir. Məsələn, bəzi hallarda Flukonazol və ya Labetalol dərmanlarının istifadəsi vazospazm simptomları ilə əlaqələndirilmişdir.

  • Əmizdirmə texnikasının yaxşılaşdırılması
  • Ağrının azaldılması

Dərman müalicəsi (qəbul edilən bütün dərmanlar barədə laktasiya məsləhətçisinə və həkimə məlumat verilməlidir)

Dərmansız tədbirlərin kifayət etmədiyi və ağrının əmizdirməyə mane olduğu hallarda dərman müalicəsi nəzərdən keçirilə bilər.

Nifedipin”

Hazırda döş ucunun Reyno sindromunun müalicəsində ən çox istifadə olunan və ən yaxşı öyrənilmiş preparat Nifedipindir. Bu preparat kalsium kanal blokatoru olmaqla damarların genişlənməsini təmin edir və vazospazmın qarşısını alır. Araşdırmalar göstərir ki, Nifedipinin ana südünə keçən miqdarı çox azdır və preparat əmizdirən analar üçün ümumiyyətlə təhlükəsiz hesab olunur. Adətən uzunmüddətli təsir göstərən gündəlik 30–60 mq Nifedipin istifadə olunur. Doza və müalicə müddəti yalnız həkim tərəfindən müəyyən edilməlidir. Nifedipin qəbul edən anaların böyük hissəsində ağrı qısa müddətdə azalır və ya tamamilə aradan qalxır. Bununla belə, bəzi qadınlarda baş ağrısı, başgicəllənmə və arterial təzyiqin enməsi kimi əlavə təsirlər müşahidə oluna bilər.

Qida əlavələri

Bəzi kiçik tədqiqatlar və klinik müşahidələrdə aşağıdakı əlavələrin simptomların azalmasına kömək edə biləcəyi bildirilmişdir:

  • omeqa-3 (balıq yağı)
  • maqnezium;
  • kalsium;
  • Vitamin B6.

Lakin bu əlavələrin effektivliyini təsdiqləyən güclü elmi sübutlar məhduddur və onlar standart müalicə hesab edilmir. Xüsusilə yüksək dozada Vitamin B6 bəzi qadınlarda süd istehsalını azalda biləcəyi üçün yalnız həkim məsləhəti ilə istifadə olunmalıdır.

Psixoloji və praktiki dəstək

Reyno sindromu səbəbindən yaranan şiddətli ağrı bəzi analarda əmizdirmənin vaxtından əvvəl dayandırılmasına səbəb ola bilər. Buna görə də anaların bu vəziyyət barədə məlumatlandırılması, onların narahatlıqlarının dinlənilməsi və təhlükəsiz olduğu hallarda əmizdirməni davam etdirmələri üçün təşviq olunması vacibdir. Laktasiya məsləhətçiləri, mama-ginekoloqlar, pediatrlar və ana südü dəstək qrupları bu prosesdə mühüm rol oynayırlar.

Laktasiya məsləhətçiləri üçün əsas məqamlar

Laktasiya məsləhətçisi aşağıdakı hallara xüsusi diqqət yetirməlidir:

  • əmizdirmədən sonra döş ucunda ağarma və ya rəng dəyişməsi;
  • soyuqla və ya emosional stresslə əlaqəli güclü ağrı epizodları;
  • anamnezdə Reyno sindromu, miqren və ya digər vazospastik xəstəliklərin olması;
  • Kandidoz və ya mastit diaqnozunun həqiqətən əsaslandırılıb-əsaslandırılmaması.

Dəqiq diaqnoz lazımsız göbələkəleyhinə müalicələrin qarşısını alır və vaxtında başlanılan düzgün müalicə anaların ağrısız şəkildə əmizdirməni davam etdirməsinə imkan verir.

Müəllif: Həcər Piriyeva

Əmizdirmə məsləhətçisi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram