Anadangəlmə ürək qüsurları yenidoğulmuşlarda ən çox rast gəlinən anomaliyalardan və körpə ölümünün əsas səbəblərindən biri sayılır. Son on illiklərdə aparılan araşdırmalar göstərir ki, bu qüsurların aşkarlanma tezliyi dünya üzrə artmaqdadır. 1970–2017-ci illəri əhatə edən məlumatlara əsasən 2010–2017-ci illərdə hər 1000 canlı doğuşdan təxminən 9-u anadangəlmə ürək qüsuru ilə dünyaya gəlmişdir. Bu artımın əsas səbəbi daha yüngül qüsurların (məsələn, ventrikulyar septal defekt və s.) inkişaf etmiş diaqnostik üsullarla daha yaxşı aşkarlanmasıdır.

Hətta dünya regionları arasında bu məsələdə ciddi fərqlər mövcuddur. Məsələn, Afrika ölkələrində “diaqnostik imkanların məhdudluğu” səbəbilə ürək qüsurlu doğulan körpələrin artım nisbəti aşağı görünür. Burada diaqnostik imkan dedikdə, hamiləlik və yeni doğulanlarda ürək qüsurunu vaxtında aşkar etmək üçün ultrasəs, exokardioqrafiya və mütəxəssis çatışmazlığı nəzərdə tutulur. Yəni, bu rəqəm real azlığı deyil, sadəcə çox uşaqda qüsurun vaxtında aşkar edilməməsi ilə əlaqədardır. Əksinə, Asiya ölkələrində ilk dəfə Avropa və Amerikadan daha yüksək artım müşahidə edilmişdir, bu da yalnız tibbi texnologiyaların fərqləri ilə deyil, həm də genetik və ekoloji amillərin təsiri ilə izah edilə bilər.

Ürək qüsurlu doğulan körpələrin ilkin fiziki göstəriciləri nələrdir ?

Anadangəlmə ürək qüsurları erkən dövrdə aşkar olunmadıqda körpələrin həyatı üçün ciddi risk yaradır. Qanada aparılan tədqiqat göstərmişdir ki, sadə kardiovaskulyar fiziki müayinə üsulları (ürək küylərinin dinlənməsi, nəbzin yoxlanılması, dərinin rəngi və nəfəsin müşahidəsi) ürək qüsurlarının ilkin aşkarlanmasında mühüm rol oynayır . Lakin valideynlər və ana südü və əmizdirmə mütəxəssisləri bəzi əlamətlərə diqqət etməklə uşaqlarında ürək problemi şübhələrini sezə bilərlər. Aşağıdakı əlamətlər müşahidə edildikdə, təcili şəkildə müvafiq kardioloji mütəxəssislərə müraciət etmək mütləqdir:

Əmərkən və ya yemək zamanı körpənin tez yorulması və tərləməsi,

Döşdən tez-tez ayrılaraq nəfəsini dərməsi,

Çəkinin artmaması və ya zəif artması,

Körpənin dərisinin bənövşəyi və ya solğun rəngdə olması,

Sürətli və çətin nəfəs alması.

Ürək qüsurlu doğulan körpələrin qidalanmasındakı çətinliklər nələrdir ?

Ürək qüsuru olan körpələrdə qidalanma və əmizdirmə ciddi çətinliklər yaradır. Bu uşaqların bədənləri enerji istehsalına normal körpələrdən daha çox ehtiyac duyur, lakin qida qəbul etmək və əmizdirilmək bacarıqları zəifdir. Nəticədə belə körpələrdə böyümə geriliyi, çəkidə çatışmazlıq və inkişaf problemləri geniş şəkildə görünür. Bu körpələrdə qidalanma problemləri yalnız fiziki inkişafı deyil, həm də nevroloji və sosial-emosional inkişafı təsir edə bilər. Uşaqların qidalanma davranışlarının pozulması erkən dövrdə başlanır və uzunmüddətli nəticələrə yol aça bilər.

Əlavə araşdırmalar göstərir ki, ana südü ilə qidalanma bu riskləri azaldır, çəki və boy artımını dəstəkləyir, bağırsaq problemlərinin qarşısını alır və ümumi inkişafı yaxşılaşdırır. Bu səbəbdən, ürək qüsurlu körpələrin qidalanmasının diqqətlə izlənməsi və mümkün qədər ana südü ilə dəstəklənməsi kritik əhəmiyyət kəsb edir. Həmçinin bu körpələrin ana südü ilə qidalanmasında həkimlərin bəzi ortaq olmayan fikirləri də mövcuddur. Bu mövzuda həkimlər arasında aparılan araşdırmanın nəticəsində ürək qüsurlu körpələrin əmizdirilməsi ilə bağlı həm razılaşdırılmış, həm də hələ də mübahisəli qalan məqamlar müəyyən edilmişdir.

Tam razılaşdırılmış məqamlar:

  • Körpələr üçün ən yaxşı qida ana südüdür.
  • Dəri-dəriyə təmas həm ana, həm də körpə üçün faydalıdır və əmizdirməni asanlaşdırır.
  • Əməliyyatdan əvvəl və hətta reanimasiya zamanı belə, mümkünsə körpəyə ana südü verilməlidir.
  • Analar doğuşdan əvvəl məlumatlandırılmalı və dəstəklənməlidir.
  • Lazım gəldikdə südsağma aparatı istifadə olunmalıdır və analara bunun düzgün qaydası izah edilməlidir.

Mübahisəli məqamlar:

  • Təkcə ana südü kifayətdirmi, yoxsa əlavə gücləndirici qida tələb olunur?
  • Körpəni birbaşa əmizdirmək təhlükəsizdirmi, yoxsa körpə çox yorula bilər?
  • Zondla qidalanmanın sonrakı oral qidalanmaya təsiri barədə yekdil bir nəticə varmı?
  • Zondla qidalanma körpənin çəki artımına kifayət qədər kömək edirmi?
  • Böyümə geriliyi olan uşaqlar üçün ən optimal qidalanma strategiyası hansıdır?

Həmçinin bir çox tədqiqat göstərir ki, ürək qüsuru ilə doğulan körpələrin qidalanmasındakı çətinliklər bir neçə faktordan qaynaqlanır.

  • Kardioloji və metabolik faktorlar: Ürək qüsuru səbəbi ilə bədən enerji xərcləyir lakin qidalanma prosesində çətinlik çəkir.
  • Cərrahi müdaxilə və tibbi dəstək: Əməliyyatlar və respirator dəstək qidalanmanı çətinləşdirir.
  • Nevroloji və genetik təsirlər: Sinir sistemi və genetik sindromlar qidalanma bacarıqlarını təsir edə bilir.
  • Bağırsaq problemləri: Nekrotik enterokolit, qastroezofageal reflüks qida mənimsənilməsini çətinləşdirir.

Ana südünün rolu

17 elmi nəşr əsasında aparılan təhlilə əsasən anadangəlmə ürək qüsuru olan körpələrdə ana südünün rolu və nəticələri öyrənilib. Nəticələr göstərir ki, ürək qüsurlu körpələr üçün ana südü həyati önəmə malikdir. Ana südü bu uşaqlarda bağırsaq xəstəliyi (nekrotik enterokolit) riskini azaldır və onların çəkisinin artmasında kömək olur. Xüsusi hallarda, məsələn əməliyyat sonrası xilotoraks zamanı, yağsızlaşdırılmış ana südü belə, formuladan daha yaxşıdır.

Həmçinin tədqiqatda qeyd olunur ki, analar doğum öncəsi ana südü ilə qidalandırmaq barədə maariflənərlərsə, südsağanlardan istifadə etməyi bacararlarsa ana südü ilə bəsləmə analar üçün daha yüngül davam edə bilər. Əmizdirmədə anaya ailə üzvlərinin və ana südü üzrə mütəxəssislərinin dəstəyinin olması çox önəmlidir. Nəticə olaraq, anadangəlmə ürək qüsuru olan körpələrin qidalanması çoxşaxəli və mürəkkəb bir prosesdir. Ana südü bu körpələrin həm fiziki, həm də inkişaf baxımından qorunmasına səbəb olan əsas qida mənbəyidir.

Müəllif: Həcər Piriyeva

Əmizdirmə məsləhətçisi

Şərh əlavə et

Anasudu.az © 2011 - 2025. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.