Əmizdirmək üçün rahat geyim qaydaları
Əksər qadınlar hamiləlik geyiminə tədarük görürlər, amma əmizdirmə dövrünü diqqətdən qaçırırlar. Nəzərə almaq lazımdır ki, hamiləlikdə qadının bədəni yalnız sonuncu 2 trimestri yəni 6 ay dəyişikliklərə uyğayır, lakin əmizidirmə tövsiyyə olunan 2 il müddətində davam edir.
Bu səbəbdən ana əmizdirmə dövrü üçün xüsusi hazırlıq görməyi daha səmərəlidir. Analara hətta körpəsi kiçik olan vaxtlarda da səliqəli və sanballı görünmək üçün bir sıra qaydalar vardır. Ana və körpənin rahatlığı üçün geyimin ümümi qaydaları və tövsiyyələr aşağıdakılardır:
- Süd və körpənin ağız suyu ləkələrinin gözə çarpmadığı rəng və çalarlı geyim əmizdirən anaya daha uyğundur.
- Gen biçimli geyimlər bədəni optimal hərarətdə saxlayır, rahatlıq hissi verir və əmizdirmə prosesini asanlaşdırır.
- Geyimi yalnız xüsusi hamilə və böyük bədən qadınlar üçün nəzərdə tutulan geyim dükanlarından almaq mütləq deyil. Ümumi qadın kütləsi üçün nəzərdə tutulan alt və üst paltar dükanlarından çox faydalı bazarlıq etmək mümkündür.
- Doğuşdan öncədə sizə kifayət edəcək minimal sayda ( bir və ya bir neçə) dəst paltar seçib alın. Çünki, geyindikcə və körpəni əmizdirdikcə sizə məhz hansı biçim geyimin uyğun olduğunu anlayacaqsınız. Körpə ilə bazarlıq etmək elə də çətin məsələ deyil. Doğuşdan bir neçə həftə sonra istənilən vaxt öz qarderobunuza yeni geyimlər almağa şəraitiniz olacaqdır.
- Özünüzü geyiminizə deyil, geyiminizi doğuşdan sonrakı bədəninizə uyğunlaşdırın. Sözsüz ki, hamiləlikdən sonra ananın bədəni idealdan uzaq desək yanılmarıq. Lakin bu bədənin də öz gözəlliyi və təbiiliyi var. Hamiləlik səbəbindən yığılan çəkidən utanmaq lazım deyil. Lakin eyni zamanda zahı qadın dar və sıx paltarlar geyinməklə eyiblərini aşkara çıxarmamalıdır. Geyim hər zaman adekvat biçim və ölçüdə olmalıdır.
- Öncədən səriştəli və bacarıqlı dərzi tapmağa çalışın. Dərzi hamiləlikdən öncə geyindiyiniz paltarları həyatınızın yeni mərhələsinə uyğunlaşdırmağa yardımçı olar. Üstəlik paltarlarınızı əmizdirməyə uyğunlaşdırmanız ailə büccəsinə xeyli qənaət etməyə səbəb olacaqdır.
- Rahat və səliqəli görünmək çətin iş deyil. Öz görünüşünə qarşı çox tələbkar olan xanımlar belə doğuşdan sonra bir neçə həftə ərzində pijamada gəzməyə üstünlük verməkləri tamamən normal qarşılanmalıdır. Ananın bədəni fiziki rehabilitasiya və emosional uyğunlaşma mərhələsi keçir . Öncədən gözəl görünüşlü , sinəsi rahat açılan ev geyimi və pijamalar almaqdan çəkinməyin.
Büstqalter və əmizdirmə
İstər qadın doğuşdan sonra əmizdirməni davam etsin, istəsə də etməsin, düzgün ölçüdə alt paltarı geyimi döşlərin ümumi sağlamlığı üçün çox vacibdir. Seçilən büstqalter mütləq deyil ki, sırf əmizdirən ana üçün nəzərdə tutulan olmalıdır. Adi, rahat, düzgün ölçüdə olan alt geyim də uyğundur.
Hər bir qadının qarderobunda önəmli yer alan büstqalterlər müxtəlif hissələrdən ibarət olan mürəkkəb alt paltarı növüdür. Təəssüflər olsun ki, statistikaya görə qadınların 75-85%-i səhv ölçülü büsthalter geyinirlər. Qlobal statistikaya görə 100 qadından yalnız 20-si düzgün ölüçü büstqalter geyinir. Qalan qadınların 70%-i döşlərindən daha kiçik, 10 %-i isə daha böyük ölçüdə olanı geyinir.
Hamiləlik və əmizdirmə dövründə alt paltarı ölçülərinin dəyişməsi qadından qadına fərqlənir, lakin bir qayda olaraq, qadınların böyük əksəriyyəti hamiləlikdə kilo almaqla yanaşı bədəndə baş verən hormonal dəyişikliklər nəticəsində döşlərinin ölçüsü böyüyür.
Qeyd edək ki, ananın döş formalarını dəyişikliklərə uğradan əmizdirmə yox, hamiləlikdə keçirdiyi hormonal dəyişikliklərdir. Doğuşdan sonra da döşdə dolğunluq nəticəsində döşlərin ölçüsü hamiləlikdən əvvəlkinə nisbətdə bəzən bir neçə ölçüyə qədər arta bilər.
Dar büstqalterin zahılıqda səbəb olduğu problemlər dedikdə, aşağıdakıları sadalamaq olar:
- döşlərdə ağrı və göynəmə
- döşlərdə dolğunluq və ağırlaşma hissi
- döşlərin müəyyən hisslərində süd axınının məhdudlaşması.
- döşlərdə lomba, bərkimə hissələri
- kanalların tutulması, süd tıxacları.
- dolğunluq və durğunluqdan törəyən mastit və s. ağırlaşmalar.
Mütəxəssislər qeyd edirlər ki, qadının hamiləlikdə və zahılıqda döşlərinin ölçüsü 1 və ya 2 büstqalter ölçüsü qədər böyüməsi gözləniləndir. Bu səbəbdən öncə geyilən alt geyimi tamamilə yararsız ola bilər (daimi və ya müvəqqəti). Nə etməli:
✅Döşlərin ölçüsünü düzgün təyin edən alt geyim dükanlarına müraciət etmək. Buradakı satıcı-konsultantlar düzgün ölçü götürməyi bacarırlar.
✅Hava keçirən, təbii rəng və materiallara üstünlük vermək.
✅Döşə dirənən, batan və digər narahatlıq verən “sümükcüyü” olmayanlara üstünlük vermək.
✅İmkan daxilində döşlərə büstqalterdən “azad” saat və gecələr tətbiq etmək.
Maternity.about.com internet səhifəsi əmizdirmə büsthalterinin seçilməsinə dair faydalı məsləhətlər verir:
- İşi bilənə tapşırın. Bəzi alt geyim dükanlarında sizə tam uyğun olan büsthalterin ölçüsünü öryənməyə yardımçı olan satış məsləhətçiləri çalışırlar. Bu məsləhətçilərin təcrübə və biliyindən yararlanmaqdan çəkinməyin.
- Tələsməyin. Hamiləliyin sonuncu trimestrindən öncədən büsthalterin düzgün ölçüsünü seçmək mümkün deyil. Büsthalteri tam döşünüzə uyğun seçmək üçün doğuşdan sonra əyninizə geyinərək və rahatlığını sınayaraq əldə etməniz məsləhətdir.
- Tam sizə uyğun olanı seçin. Əmizdirən ananın büsthalterinin dar olması bir çox sağlamlıq problemlərinə səbəb ola bilər. Bunlara mastit, tutulmuş döş kanalları, ifrat dolğunluq və döşdə narahatlıq aiddir.
Hansı parçadan?
Sözsüz ki, təbii əsaslı parçalardan tikilmiş geyimlərə və döş bezlərinə üstünlük verməyiniz daha məqsədəuyğundur. Ən çox tərkibində 85%-dən çox pambıq olan büsthalterə üstünlük verilir. Cünki, pambıq dəriyə “nəfəs almağa” imkan verən rahat materialdır.
Əmizdirən ananın büsthalterinin rahat, təbii materialdan olmasıyla yanaşı, dar və sıx olmamağı vacibdir. Mütləq deyil ki, əmizdirən ana yalnız əmizdirmə üçün nəzərdə tutulan büsthalter geyinsin. Bəzi iri döşlü xanımlara süngərsiz və sümüksüz olan büsthalterlər uyğundur. Qeyd edək ki, döşü istənilən düzgün seçilmiş, rahat büsthalterdən asanlıqla çıxarıb körpəni əmizdirmək olur.
Döş bezləri
Müasir anaların əmizdirmə prosesini asanlaşdıran ləvazimatlardan olan döş bezlərinin həm birdəfəlik, həm də, yuyularaq təkrarən istifadə edilən bilən növləri mövcuddur. Bu bezlər ilk 6 ayda əmizdirən anaları ana südünün sızmasından qoruyur. Ananın süd axınının miqdarından asılı olaraq döş bezlərini sutkada 2-4 dəfə dəyişmək lazımdır ki, süd yarası kimi problemlər meydana gəlməsin. Lakin anaya sızmanın qarşısını almaqda bezsiz keçinməyə imkan verən bir üsul mövcuddur:
Süd gələn zaman və sızma təhlükəsi hiss etdikdə əlinizin ovcunu gilələrinizin üstünə qoyaraq döşlərinizi içəri yəni döş qəfəsinizə doğru möhkəm basın. Südün sızması dərhal dayanacaqdır. Əks təqdirdə bu texnikanı bir neçə dəfə təkrar edin.
Döş bezlərindən düzgün istifadə yolları haqqında ətraflı Nina Zayçenko aşağıdakı 5 qaydanı qeyd edir:
- Əgər havanı zəif buraxan sukeçirməz bezlərdən istifadə edirsinizsə, hər əmizdirmədən sonra onları dəyişin. Əgər tez-tez əmizdirirsinizsə, o zaman bezləri ən azı hər 2 saatda bir dəyişin. Həmçinin xatırlatmaq istəyirəm ki, ana südü ilə əmizdirdikdən dərhal sonra büzqalter geyinməmək və döşlərin qurumasını və soyumasını gözləmək, vaxtın imkan verdiyi qədər hər əmizdirmədən sonra 5-10 dəqiqə hava vannası qəbul etmək daha əlverişli olar.
- Bezləriniz çox tez dolmursa, bu o demək deyil ki, siz onları bütün günü dəyişdirməməlisiniz.
- Yabanı ipək, bambuk, kənaf (çətənə), merinos yunundan hazırlanmış çoxdəfəlik bezlər həqiqətən antibakterial təsirə malikdir. Üstəlik, belə bezlərin sukeçirməz təbəqələri olmadıqda, onları daha gec intervalla dəyişdirmək olar. Lakin bir bezi 4 saatdan artıq istifadə etmək yenə də məsləhət deyil, dəyişdirmək üçün bir neçə bez dəstini öncədən alaraq hazır saxlayın. Hətta merinos yunundan bez istehsalçıları bu növ bezlərin tez-tez yuyulmağa ehtiyacın olmadığını iddia edirlər – sadəcə onları qurutmaq və təkrar istifadə etmək mümkündür. Lakin mən bu tövsiyəyə şübhə ilə yanaşıram.
- Əgər döş giləsində çatlar varsa, antibakterial bezlərin istifadəsinə üstünlük verilir. Əgər birdəfəlik sukeçirməz bezlərdən istifadə edirsinizsə, gilələri hər zaman təmiz saxlamaq üçün onları daha tez-tez dəyişin, çünki mikroblar bezlərdəki istilik və rütubətdə daha tez inkişaf edir. Həmçinin sağaldıcı maddə hopdurulmuş birdəfəlik bezlər də mövcuddur. Onlar müxtəlif istehsalçılar tərəfindən istehsal olunur.
- Döşün gilə və ya areola nahiyəsində kandidoz (həkim-dermatoloq tərəfindən diaqnozu qoyulmuş və müalicəsi təyin edilmiş Candida göbəliyi) varsa, bezlərdən istifadə ümumiyyətlə məqsədəuyğun deyil, büzqalterin parçası isə havanı yaxşı keçirən olmalıdır.
Geyimin yaxası
Əmizdirmə prosesindən söhbət açılanda, ilk növbədə geyimin yaxa kəsimi nəzərə çarpır. Bilavasitə prosesdə iştirak etdiyindən yaxanın uyğun şəkildə seçilməsi vacib amillərdəndir. Yaxa kəsimləri necə olmalı? Ümumi qayda olaraq, yaxa ən azı ananın döş giləsi səviyyəsinə qədər açılmalıdır. Həmçinin yaxası istənilən vasitələrlə açılan/bağlanan vasitələrə aiddir:
- düymələnərək;
- dartılaraq;
- qarmaqlanaraq.
İstisna qaydasına uyğun olaraq, əmizdirmək üçün narahat və ya ümumiyyətlə uyğun olmayan yaxa kəsimlərini seçib anaların diqqətinə çatdırırıq:
Dik yaxalar, boğazı bağlayan yaxalar, dayaz kəsimi olan köynəklər, sinəyə kip yapışan yaxalar əmizdirmə üçün qətiyyən uyğun deyil.
Bu növ geyimləri altdan yuxarı qaldıraraq əmizdirmək mümkündür, lakin nə anaya nə də körpəyə rahat deyil. Beləki, yuxarı qaldırılan geyim ananın həm döş həm də qarnının görünməyinə, üstəlik körpənin üzünə sürüşərək əmizdirməyə əngəl olur. Bunlardan qənaətə gəlmək olar ki, əmizdirmək üçün geyim yuxarıdan aşağı açılması daha rahatdır.
Hamiləlikdən öncəki geyimlərin əmizdirməyə uyğunlaşdırmaq mümkündür . Bunun üçün yaxanın kəsimini dərinləşdirmək, əlavə düymə, qarmaq, zəncirbənd kimi vasitələr qoymaq, gizli yarıqlar açmaq və s. kimi ideyalar istənilən dərzi tərəfindən təklif oluna və həyata keçirilə bilər. Geyimin modifikasiyası sizə vaxt və maddi vəsaitlərə qənaət etməyə imkan verəcəkdir.
Şərf və yaylıq
Əmizdirən anaya əmizdirmə prosesini hətta ictimai yerlərdə asanlaşdıran ən universal aksessuar şərfdir. Əmizdirən ananın sinəsinə düşən şərf vasitəsilə əmizdirilən körpəni yad gözlərdən gizlətmək olar. Çalışın seçdiyiniz şərf və ya yaylıq yaz-yay fəsilləri üçün nəzərdə tutulan, təbii və hava buraxan materiallardan olsun.
Müəllif: Zülfüqarova Səltənət
1 Şərhlər