Müasir insanın həyatında qəhvə içmək mədəniyyəti geniş vüsət almaqda, qəhvə hazırlayan kiçik və böyük kafelər günü-gündən artmaqdadır. Əlbəttə qəhvəsevərlər arasında hamilə və əmizdirən anaların olması faktı danılmazdır. Əmizdirən ananın qəhvə içib-içməməyi haqda daha geniş məlumatı “Əmizdirən ana qəhvə içərmi?” məqaləsindən əldə edə bilərsiniz.
Qəhvənin xüsusən zahılıqda ananın səhhətinə mənfi təsirini azaltmaq üçün bir sıra ipucları mövcuddur. Sözsüz ki, qəhvənin insan sağlamlığı üçün müəyyən faydaları elmə məlumdur. Lakin bu faydalar qəhvənin içildiyi vaxtdan, içildiyi tərzdən, kəmiyyət və keyfiyyətindən çox asılıdır. Bu səbəbdən qida mütəxəssisləri bir sıra maraqlı tövsiyələr irəli sürürlər:
Qəhvə istehlakını şəkərsiz və ya istənilən şirinləşdiricisiz içmək.
Qəhvəni günün birinci yarısı və tox qarnına içmək. Bunun üçün ən uyğun vaxt səhər yeməyindən sonradır.
Qəhvənin tamyağlı süd əsasında hazırlananına üstünlük vermək. İnəkdən təbii halında gələn tamyağlı süd yağ və züllarlar səbəbilə tərkibində olan laktozanın qanda şəkəri qaldırmasının qarşısını alır. Nəzərə alsaq ki, laktoza şəkərin bir növüdür, yağsızlaşdırılmış süd əsasında hazırlanan bu cür qəhvə qanda şəkərin qalxmasını daha çox təmin edir. Süddəki yağ və zülallar isə əksinə laktozanın qana tez zamanda sovrulmasına maneə yaradır. Məhz bu səbəbdən tamyağlı süd əsasında hazırlanan qəhvə həm daha dadlı, həm də daha sağlam anlamına gəlir.
Alternativ südlərə gəldikdə isə qəhvənin zülalı və yağı daha çox olan fındıq, fıstıq, kokos, badam və s. əsasında hazırlananlarına üstünlük vermək tövsiyə edilir.
Qəhvənin dənlilər əsaslı alternativ südlərdən hazırlanmasından yayınmaq daha məsləhətdir. Belə ki, yulaf, arpa, düyü və s. bunun kimi südlərin tərkibi nişasta və karbohidratlarla zəngin olduğundan istehlak edənin artıq çəki yığmasına daha çox səbəb olur.
Alternativ südləri alarkən tərkibinə baxmaq və daha az əlavələri, eləcə də şəkərsiz olanına üstünlük vermək gərəkdir. Ev üsulu ilə hazırlanan alternativ südlərin rəf ömrü az olsa da, daha sağlam və ailə büdcəsinə daha qənaətcil təsir göstərir. “Badam südünün hazırlanmasına” dair videodan evsayağı alternativ südlərin hazırlanması ilə bağlı daha ətraflı məlumat əldə edə bilərsiniz. Bütün alternativ südlər demək olar ki, eyni prinsip üzrə hazırlanır.
Müəllif: Səltənət Zülfüqarova