Nənələrin analara əmizdirmədə dəstəyi

Əmizdirmə məsləhətçisi olaraq konsultasiyalarımda həmişə müşahidə etdiyim bir məqam – ailədə digər üzvlərin, xüsusilə də nənələrin əmizdirməyə münasibətinin, əmizdirmənin uğurlu olmasında böyük rolunun olduğudur. İllər öncə anaya əmizdirmə məsələlərində, zahılıq dönəmində ataların dəstəyinin rolu haqda saytımız “Atalar üçün” məqaləsini hazırlamışdı. Bu dəfəki məqaləni yazmaq üçün etdiyim araşdırmalar isə nənələrlə bağlı fikrimdə yanılmadığımı mənə göstərdi. Mövcud elmi sübutlar göstərir ki, nənələrin əmizdirməyə münasibəti, onların əvvəlki əmizdirmə təcrübələri və körpənin qidalanması ilə bağlı verdikləri tövsiyələr ananın əmizdirmə qərarlarına və müstəsna əmizdirmənin davam etdirilməsinə təsir göstərə bilər.

Elmi araşdırmalar nə deyir?

Nənələrin əmizdirməyə təsiri ilə bağlı aparılmış sistematik icmallardan birində müəlliflər məlumat bazalarında geniş axtarış aparmış, 568 məqalə müəyyən edilmiş, 13 tədqiqat sistematik icmala daxil edilmişdir. Bu 13 tədqiqatın 8-ində nənələrin əmizdirməyə münasibəti və onların şəxsi əmizdirmə təcrübəsinin ananın və körpənin müstəsna əmizdirmə təcrübəsinə təsiri araşdırılmışdır. Nəticələr diqqətçəkici olmuşdur. Bu 8 tədqiqatın 5-ində nənənin əmizdirməyə müsbət münasibətinin və ya özünün müsbət əmizdirmə təcrübəsinin müstəsna əmizdirmə ilə müsbət əlaqəli olduğu müəyyən edilmişdir. Belə nənələrin olduğu ailələrdə körpənin yalnız ana südü ilə qidalanma və ya erkən əlavə qidaya başlanmama ehtimalı 1,6–12,4 dəfə daha yüksək olmuşdur. Ancaq araşdırmaların nəticələri göstərir ki, nənənin təsiri yalnız müsbət istiqamətdə olmur. Əksinə, nənənin əmizdirməyə mənfi münasibəti və ya körpənin qidalanması ilə bağlı bəzi ənənəvi tövsiyələri müstəsna əmizdirməyə maneə ola bilər. Məsələn, Almaniyada aparılan bir araşdırmada nənənin əmizdirməyə mənfi münasibəti ananın əmizdirməyə başlamamaq ehtimalının əhəmiyyətli dərəcədə artması ilə əlaqələndirilmişdir. Başqa bir araşdırmada isə körpənin əsas baxıcısının nənə olması müstəsna əmizdirmədən imtina ehtimalının 4,3 dəfə daha yüksək olması ilə əlaqələndirilmişdir.

Nənə həm əmizdirmənin ən güclü dəstəkçilərindən biri, həm də düzgün məlumatı olmadıqda əmizdirməyə mane olan əsas şəxslərdən biri ola bilər.

Bəs bunu nə ilə əsaslandırırıq?

Aparılmış tədqiqatlardan biri göstərir ki, nənələrin əmizdirmə haqqında bilikləri onların əmizdirməyə münasibətində və bu prosesdə göstərdikləri dəstəkdə mühüm rol oynayır. Nənələr praktik olaraq ananın yanında olan, ona fiziki və emosional dəstək göstərən, ev işlərində və körpəyə qulluqda kömək edən əsas şəxslərdən biridir. Buna görə də onların söylədikləri və etdikləri ananın əmizdirmə təcrübəsinə birbaşa təsir göstərə bilər. Lakin nənənin əmizdirmə haqqında məlumatının məhdud olması bu dəstəyi əks istiqamətə də çevirə bilər. Məsələn ana hər hansı bir döş problemi ilə qarşılaşdığı zaman, nənələrin və ola bilər ki, elə digər ailə üzvlərinin də “artıq əmizdirmə”, “körpəyə başqa qida ver” kimi yalnış yönləndirici tövsiyələri problemi həll etmək əvəzinə, ananı əmizdirməni vaxtından əvvəl dayandırmağa sövq edə bilər. Bunlar ananın öz südünə və əmizdirmə qabiliyyətinə olan inamını azalda, onda ruh düşkünlüyü yarada bilər.

Mütəxəssislər nənələrə nə tövsiyə edir?

Nənənin əmizdirmə prosesində rolu yalnız fiziki kömək göstərməklə məhdudlaşmır. Əlbəttə, anaya ev işlərində kömək etmək, yeməyini hazırlamaq, dincəlməsi üçün şərait yaratmaq, körpəyə və digər uşaqlara qulluq etmək çox qiymətli dəstəkdir. Lakin əmizdirmə ilə bağlı çətinlik yarandıqda nənənin göstərdiyi emosional dəstək və düzgün istiqamətləndirmə ən az fiziki dəstək qədər əhəmiyyətlidir. Bizim cəmiyyətimizdə nənələr çox vaxt ailənin təcrübəli və sözünə güvənilən üzvü hesab olunur. Buna görə də onların dedikləri yeni ana üçün böyük əhəmiyyət daşıyır. Ana əmizdirmə zamanı hər hansı çətinliklə qarşılaşdıqda ilk reaksiya “artıq əmizdirmə”, “südün çatmır”, “süni qidaya keç” kimi tövsiyələr vermək olmamalıdır. Əksinə, nənənin əsas rolu ananı ruhlandırmaq, ona güvənmək və ehtiyac olduqda peşəkar dəstəyə yönləndirməkdir. Bunun üçün nənənin əmizdirmə haqqında ən azı əsas məlumatlara malik olması vacibdir.

Nənənin bilməli olduğu vacib əmizdirmə faktları

  • Nənənin ən böyük dəstəyi: anaya güvənməkdir. Bəzən ananın ehtiyac duyduğu ən böyük dəstək yeni bir məsləhət deyil. Ona güvənən, ona inanan və çətinlik yaşadığı zaman yanında olan birinin varlığını hiss etməkdir.
  • İlk altı ayda körpəyə su verməmək. Sağlam körpə ilk təxminən altı ay ərzində yalnız ana südü ilə qidalanmalıdır. Ana südü körpənin həm qida, həm də maye ehtiyacını qarşılayır. Hətta isti yay aylarında belə, yalnız ana südü ilə qidalanan körpəyə əlavə su verməyə ehtiyac yoxdur.Bu səbəbdən “hava istidir, körpə susayır, bir az su verək” düşüncəsi ilə körpəyə su və ya çay vermək müstəsna əmizdirmə balansını poza bilər. Bu haqda ətraflı “Körpənin suya ehtiyacı varmı” məqaləsində oxumaq olar. Həmçinin əlavə maye qəbulu ilə bağlı “Çay və uşaq! Təhlükə nədədir?” məqaləmizi oxumağı da tövsiyə edirik.
  • Körpənin tez-tez əmmək istəməsi südün çatmadığı anlamına gəlmir. Xüsusilə həyatın ilk dövrlərində körpə yalnız aclığını aradan qaldırmaq üçün deyil, müxtəlif ehtiyaclarını qarşılamaq üçün də döş istəyir. Əmmək körpə üçün qidalanmaqla yanaşı, sakitləşmək, rahatlanmaq və anası ilə təmasda olmaq vasitəsidir. Buna görə də körpənin tez-tez əmizmək istəməsini dərhal “südün çatmır” kimi qiymətləndirmək və anaya bunu söyləməklə onun öz südünə olan inamını azaltmaq doğru deyil. Bununla bağlı “Südüm yoxdur” məqaləsini oxumaq yerinə düşər.

  • Anaya “sənin südün çox durudur” demək düzgün deyil. Ana südünün tərkibi sabit deyil. O, gün ərzində, əmizdirmə zamanı və körpənin böyüməsi ilə birlikdə təbii olaraq dəyişir. Sağılmış südün saxlanarkən yağlı hissənin üstdə toplanması və daha duru görünməsi də normal haldır. Bu, südün keyfiyyətsiz və ya körpə üçün yetərsiz olduğunu göstərmir. Ümumiyyətlə, ananın südündə yağlılığın miqdarına 4 faktor təsir göstərir. Bu faktorlar haqqında ətraflı məlumatı “Südün yağlı və tutumlu olması üçün nə etməli?” adlı məqaləmizi oxuya bilərsiniz.

Müəllif: Həcər Piriyeva

Əmizdirmə məsləhətçisi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram