Övladını hər şeyin ən yaxşısı ilə təmin etmək hər bir ananın arzusudur. Lakin, bəzən arzularımız gerçəliklə üst-üstə düşmür. Yaxşı hesab etdiyimiz bəzi şeylər ya övladımızın sağlamlığına, ya cibimizə, ya da ətraf mühitə zərər verə bilir. Şükürlər olsun ki, bu zərərlərdən qaçmağa çalışan analar üçün asanlıq mənbəyi olan daha bir vasitə icad olunub – çoxdəfəlik uşaq bezləri!

Bəzən anaların körpələrin doyub-doymadığını təyin etmək üçün “bez testi” etmək istəyirlər. Bu halda çoxdəfəlik uşaq bezləri birdəfəliklərdən daha dürüst körpənin istehlak etdiyi südün miqdarını göstərə bilir.  Körpənin digər doyma əlamətləri haqda buradan oxuyun. 

İlk dəfə olaraq 1999-cu ildə Amerikada patentləşdirilən çoxdəfəlik uşaq bezlərinin daha primitiv formaları əsrlər boyunca dünyanın bütün guşələrində analar tərəfindən istifadə olunub. Müasir dövrdə də analar müəyyən maddi və mənəvi səbəblərdən kütləvi şəkildə çoxdəfəlik uşaq bezlərinə üz tutmağa başlayıblar. Almaniyada artıq valideynlərin 30%-i çoxdəfəlik uşaq bezlərindən istifadə edir. Bunun üçün bir çox səbəblər mövcuddur.  Qısaca olaraq bu səbəbləri belə sadalamaq olar:

  1. Pula qənaət – çoxdəfəlik uşaq bezlərindən istifadə, xərclərinizi yarıbayarı azaldacaq. Amerikada aparılan hesablamalara əsasən 3 illik müddət ərzində bir uşaq üçün çoxdəfəlik uşaq bezlərini istifadə etməklə valideynlər enerji, su və yuyucu vasitələrə xərclənən pula təqribən 1434 dollar qənəat etmiş olurlar! Bundan əlavə, çoxdəfəlik uşaq bezlərini növbəti uşaqlarınızda da istifadə edə və ya istifadədən sonra sata bilərsiniz.
  2. Ətraf mühitin qorunmasına töhfə – çoxdəfəlik uşaq bezlərindən istifadə etdikdə dünyanı 50% daha az zibillədiyimizi bilirdinizmi?
  3. Uşaqların sağlamlığına töhfə – çoxdəfəlik uşaq bezlərinin tərkibində mayeni hopduran zəhərli gellər yoxdur. Mayeni hopdurmaq üçün mikrofibr, bambuk, yun və digər materiallardan hazırlanmış içliklərdən istifadə olunur. Bu səbəblə çoxdəfəlik uşaq bezləri geydirilən uşaqlarda adətən dəri qızartıları olmur.
  4. Asanlıq – çoxdəfəlik uşaq bezlərini vaxtında yuyub-qurutduqda valideyn bezlərin qurtaracağına və yenisini almaq məcburiyyətində qalacağına dair stress yaşamır. Bundan əlavə, uşaqlar güvəcə daha tez öyrəşirlər, çünki, bədənlərindəki yaşlılığı hiss edir və təbii ehtiyacları ödəmə bacarığına daha tez yiyələnirlər.
  1. Gözəllik – rəngarəng çoxdəfəlik uşaq bezləri göz oxşayır və xoş əhval-ruhiyyə oyadır. İsti mövsümlərdə istənilən rəngdə çoxdəfəlik uşaq bezini zövqlü bir köynəklə kombinə edərək dəblə ayaqlaşa bilərsiniz.

Şəkildəki yazı: 3800 birdəfəlik bez 1 ildə 1000 dollar, 24 çoxdəfəlik bez 1-3 ildə 500 dollar.

visual-disposables-vs-cloth

Çoxdəfəlik uşaq bezlərinin istifadəsi asandır: içliyi bezin içinə salırsınız, bezi uşağın altına münasib şəkildə yerləşdirirsiniz və basmadüymələri bağlayırsınız. Vəssalam! Balaca cəngavərlər macəralara hazırdır!

Çoxdəfəlik uşaq bezlərini yenicə istifadə etməyə başlamış valideynlərin yol verdiyi əsas xətalar isə bunlardır:

  1. Bezləri kifayət qədər tez-tez dəyişməmək – çoxdəfəlik uşaq bezlərini gec-gec dəyişdikdə sızmalar baş verə və ifrat nəmişlikdən uşağın dərisi qızara bilər.
  2. Kifayət qədər bez almamaq – əgər bez sayında sıxıntı çəkmək istəmirsinizsə, ən az 20 çoxdəfəlik uşaq bezi almalısınız. Bu sizə təxminən 2 günə kifayət edə bilər. Lakin, əgər tez-tez yuma imkanınız varsa, dahaaz sayda bezlə kifayətlənmək mümkündür.
  3. Düzgün yumamaq – çoxdəfəlik uşaq bezlərini yuyarkən bezlərin özünə və ya övladınızın dərisinə zərər verəcək yuyucu vasitələrin, yumşaldıcıların istifadəsi tövsiyyə olunmur: buna ehtiyac yoxdur və bu vasitələr uşağın dərisini qıcıqlandıra bilər. Yumadan öncə bezləri yaxalama rejimindən də keçirə bilərsiniz.

Hazrıladı: anasüdü.az

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.