Zahılıq zamanı sağlam qidalanmaq həm ana, həm də körpə üçün çox önəmlidir. Bu səbəbdən zahı qadınların gündəlik qida rasionunda meyvə və tərəvəzlərin öz yeri var. Bəs yüksək qida dəyərinə malik, ən böyük giləmeyvə sayılan qarpızın əmizdirmə zamanı qadının orqanizminə nə qədər faydalı olduğunu bilirsinizmi?

Qarpızın 92%-nin sudan ibarət olması və tərkibindəki meyvə şəkəri bəzi analara eyni zamanda həm maye qəbulunu lazımi səviyyədə saxlamaqla yanaşı həm də faydalı qidalandırıcılar mənbəyidir. Qarpız təbii elektrolit sayılır ki, bədəndə xüsusən isti havalarda su-duz balansını tənzimləməyə əsas yaradır. Məlumdur ki, isti aylarda tərləmənin yüksək olması ilə əlaqədar bədəndən külli miqdarda bədən üçün faydalı mineral və duzların yuyulub getməsi müşahidə olunur. Məhz həmin mineral və duzların bədəndə bərpasında qarpızın rolu mühümdür. Bununla yanaşı qarpızın yüksək miqdarlı su tərkibi sayəsində əzələlərdəki və damarlardakı tıxanmalar açılaraq şişkinliyin aradan qalxmasına səbəb olur və bədəndə suyun toplanmasına mane olur. Çoxlu miqdarda lif qaynağı olduğuna görə bağırsaqları hərəkətə gətirdiyindən anada qəbizlik zamanı da yeyilməsi məsləhət görülür. Eyni zamanda, kalium ana üçün də xeyirlidir, belə ki, bu maddə qanda suyun balansını tənzimləyir və zamanı dərini nəmləndirir.

Qarpız pomidorla müqayisədə daha çox likopenlə zəngindir. “Super Foods” kitabının müəllifi Steven Prattın araşdırmalarına əsasən antioksidant maddə olan likopen nəinki orqanizmi xərçəng və qan-damar xəstəliklərindən qorumağa yardımçı olur, bədənin immunitet sitemini təbii şəkildə gücləndirir, hətta insan dərisinin günəşdən qorunma faktorunu da artırır.

Hamilələr üçün faydası: Beynəlxalq Ginekologiya və Mamalıq Jurnalı tərəfindən aparılan tədqiqatlara görə gündəlik likopen qəbulu hamiləlik zamanı ciddi problemlərdən biri sayılan preeklampsiya riskini 50%-ə qədər azaldır. Həmin araşdırma zamanı gündəlik olaraq 4 qram likopen tətbiq edilmişdir. Halbuki, bir porsiya qarpızın (300 qram) tərkibində bundan 3 dəfə artıq – 12 qram likopen maddəsi vardır. Bundan başqa mütəxəssislər yoxlamışlar ki, qarpızın tərkibində bol miqdarda A, C və B6 vitaminləri, kalium və maqnezium mineralları vardır. Ana bətnindəki körpənin inkişafı üçün əhəmiyyətli olan bu maddələr onun görmə qabiliyyətinə, beyninə, sinir və immunitet sisteminə müsbət təsir edir. Üstəlik nəzərə alın ki, siz bütün bu faydaları cəmi 50 kalori olan 300 qramlıq bir dilim qarpızla təmin edə bilərsiniz.

Hər bir qidanın faydalı tərəfləri olduğu kimi həddindən artıq qəbul edildikdə zərərləri tərəfləri də meydana çıxır. Qarpız qanda şəkərin miqdarını yüksəltdiyinə görə gündə bir dilim (300 qram) yeyilməlidir. Bundan başqa çoxlarımız bilirik ki, qarpız tez xarab olan meyvələrdəndir. Ona görə də qarpız öz mövsümündə yeyilməli və yeyərkən onun təzə olduğuna, kəsilmiş qarpızdırsa, açıqda və ya soyuducuda uzun müddət saxlanmadığına diqqət yetirilməlidirlər.

Qarpızı təkcə dilimlənmiş şəkildə deyil, ondan həm də müxtəlif smuzi və kokteyllər də hazırlayaraq içə bilərsiniz.

Südartıran qarpız smuzisi resepti:

  • Bir neçə buz kubu

  • 1 kiçik şaftalı dilimləri

  • 1 stəkan qarpız kubları

  • 1 çay qaşığı yulaf lopası

  • 1 xörək qaşığı badam 

  • 1 stəkan of su (qatıq və ya süd ilə də sınamaq olar)

Bütün yuxarıda sadalanan ərzaqlar həmcins maye olana qədər blenderdə çalınır və dərhal qəbul edilməlidir. Qarpız seçərkən mütləq müxtəlif kimyəvi maddələrdən və preparatlardan azad olan və təbii yolla becərilmişlərdən istifadə edin.

Hazırladı: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.