Amerika Hamiləlik Asossiasiyasının verdiyi məlumata görə 50% qadın hamiləlikdə ürəkbulanmaları, daha dəqiq desək toksikozdan əziyyət çəkirlər. Toksikoz əsasən hamiləliyin ilk trimesterində hormonların bədəndə sürətli artımı nəticəsində baş verir. Bu halın əsas simptomları cüzi və ya şiddətli ürəkbulanma hissinin olması, halsızlıq, iştahasızlıq, qusma halları, bədəndə susuzlaşma, başgicəllənmələri və s. müşahidə oluna bilər. Hal-hazırda da toksikoz haqqında irimiqyaslı araşdırmalar aparan xanım Fejzo 2009-cu ildə əldə etdiyi məlumata görə ürəkbulanmaları əsas etibarilə hamiləliyin 27-ci həftəsinə qədər keçib qurtarır. Lakin toksikozdan əziyyət çəkən qadınların 22%-ində xoşagəlməz əlamətlər hətta doğuşa qədər özünü göstərə bilir.
Tibb sahəsinin mütəxəssisləri toksikozu öncədən təyin edə bilməsələr də, risk altında olan qadınların əlamətlərini qeyd edirlər:
- Artıq çəkiyə malik olan
- Müxtəlif allergiyalardan əziyyət çəkən
- Hamiləlikdən öncə müəyyən növ pəhriz (vegeterian, laktozsuz, qida dözümsüzlüyü və s.) saxlayan
- Erkən hamiləlik yaşayan
Qadınları maarifləndirmək və toksikozdan əziyyət çəkən qadınlara dəstək olmaq üçün 2012-ci ildə ilk dəfə olaraq 15 may tarixində dünyada “Toksikoz maarifləndirmə günü” (Hyperemesis Gravidarum Awareness Day) H.E.R. Foundation tərəfindən təsis olunaraq hər il keçirilməyə başlandı.
Baxmayaraq ki, alimlərə toksikozun səbəbi daha ətraflı məlum deyil, lakin onlar qeyd edirlər ki, məhz toksikoz səbəbilə döl qida və içkilərin tərkibində mövcud olan zəhərli maddələrdən və xəstəliktörədici orqanizmlərdən qorunur.
Yuxarıda sadalanan xoşagəlməz simptomlara rəğmən mütəxəssislər anaları sakitləşdirməyə, toksikozun ana və uşaq sağlamlığına təhlükəli olmadığını, hətta faydalı olması haqqında məlumatı paylaşırlar. Belə ki, Milli Sağlamlıq İnstitunun (National Institutes of Health) apardığı yeni araşdırmalara əsasən sübut olunmuşdur ki, hamiləlikdə baş verən ürəkbulanma və qusma kimi hallar dölün düşməsi və hamiləliyin dayanması riskini azaldır. 1992-2012-ci illər müddətində Kanadalı alimlər 850 000 hamilə qadının iştirakı ilə araşdırma aparmışlar və məlum olmuşdur ki, toksikozdan əziyyət çəkməyən qadında hamiləliyin pozulması riski 3-10 dəfə daha çoxdur. Həmçinin toksikoz vaxtından erkən doğulma hallarını 6,4-9,5% azalmasına əsas vermişdir. Bunlardan əlavə olaraq, toksikoz keçirən qadınlarda anadangəlmə qüsurlu uşaq doğma halları 30-80% daha azdır.
Kanadalı alimlər bu araşdırma əsnasında toksikozun daha bir faydasını kəşf etməyə nail olmuşdurlar. Araşdırmalara görə anaları toksikoz keçirən uşaqlar 3-7 yaşlar arasında daha yüksək zəka kəmiyyəti (İQ) nümayiş etdirmişdirlər.
Müəyyən olmuşdur ki, toksikozun simptomları nə qədər şiddətli və kəskindirsə, yuxarıda qeyd olunan faydalarının şansı da bir o qədər yüksəkdir.
Qeyd edək ki, həkimlər hamilə qadınlara müxtəlif rahatladıcı üsullar təklif etsələr də, toksikozun mürəkkəbliyi ondan ibarətdir ki, bir qadın üçün təsirli olan digərinə uyğun gəlmir, bəzi hallarda isə ümumiyyətlə heç bir üsul təsir göstərmir.
Dünyanın müxtəlif guşələrindən olan mütəxəssislər ürəkbulanmaya qarşı aşağıdakı dəmləmələri qəbul etməyi məsləhət görürlər:
- Yarpız çayı
- Anis ulduzundan hazırlanmış çay
- Zəncəfil çayı
- Razyana toxumlarının çayı
- Qreypfrut və rəndələnmiş limon qabıqlarını çaya əlavə etmək də ürəkbulanmanı azalda bilər.
Ədviyyatlardan bəziləri mədə bağırsaq sistemini rahatlamaqla ürəkbulanmaların azalmasına da müsbət təsir edir. Məsələn, anis, cirə və razyana toxumlarını çeynəmək, yeməklərə zəncəfil tozu və ya zəncəfil kökünün rəndələnmiş halını əlavə etmək müsbət nəticə verə bilər.
Şirələr və smuzilər bəzən bərk qida qəbul edə bilməyən hamilə qadınların yeganə qida mənbəyinə çevrilir. Qidalandırıcı olmaqla yanaşı, ürəkbulanmanı azaldan bir sıra şirələr və qarışıqlar mövcuddur:
- Limonlu su və ya digər limon əsaslı içkilər
- Alma sirkəsi, su və bal qarışığı
- Alma şirəsi
- Pomidor və limon şirələrinin qarışığı
- Kokos suyu
- Bananlı smuzilər
- Badam südü
Bəzi qadınlar sadəcə buz kublarını sovurmaqla ürəkbulanmalarına qalib gəldiklərini bildirirlər. Buzdan əlavə olaraq, meyvə şirələrini dondurmaq və dondurma kimi qəbul etmək yardım edə bilər. Qida mütəxəssisləri ürəkbulanmalarını azaltmaq üçün hamilələrə yemək və içkilərinəq bal, dəniz duzu və jelatin əlavə etməyi məsləhət görürlər.
Toksikozdan əziyyət çəkən hamilələrə aşağıdakıları etməmək tövsiyə olunur:
- Yeməkdən sonra uzanmaq
- Yemək vaxtını ötürmək
- Yemək bişirmək
- Acı və ədviyyatlarla zəngin qida qəbul etmək
Müəllif: Səltənət Zülfüqarova