Fiziki dəyişikliklər
1. Hormonal fonun dəyişməsi. Əmizdirməni dayandırdıqdan sonra, hormonların səviyyəsi hamiləlikdən öncəki səviyyədə olur. Siz əmizdirmələrin sayını cüzi azaltsanız da, yenə də hamilə qalma ehtimalınız var. Məsələn, körpəyə əlavə qida verdikdən sonra.

2. Döşün formasının dəyişməsi. Döşün tamamilə süd ifraz etməməsi üçün bir neçə ay tələb oluna bilər. Bəzi qadınlar hətta əmizdirməni başa çatdırdıqdan bir neçə il sonra da döşlərindən bir neçə damcı süd sağıb çıxara bilərlər. Yadda saxlayın ki, südün ifrazına döş gilələrinin stimulyasiyası təsir edir. Odur ki, əgər siz müntəzəm şəkildə döşünüzdə südün olub-olmamasını yoxlasanız, süd mütləq çıxacaqdır.

3. Döşün ölçüsünün bərpa olunması. Çox güman ki, döşünüz hamiləlikdən əvvəlki dövrdən daha kiçik ölçülü və daha az elastiki olacaq. Bu, körpəni əmizdirdiyiniz üçün yox, bədəninizin hamiləloik prosesindən keçdiyi üçündür. Bir çox qadınlar deyir ki, əmizdirmə başa çatdıqdan təqribən bir il sonra, döş əvvəlki ölçüsünü alır. Əgər ana əmizdirmə dövrü boyunca kökəlibdirsə və ya arıqlayıbdırsa, bu onun döşünün ölçüsünə də təsir edə bilər.

4. Diskomfort. Əgər əmizdirmələrin sayını azaltdıqdan sonra siz xoşagəlməz hisslər keçirirsinizsə, döşünüz sanki dolursa, onda “yüngüllük hiss edənə qədər” bir az südü sağmaq olar. Lakin çox canfəşanlıq etməyin ki, süd daha çox ifraz olunmasın. Əgər siz demək olar ki, həmişə döşünüzdə dolğunluq hiss edirsinizsə, körpəni süddən ayırma tempinizi bir az yavaşladın. Hazır olun, çünki sizə laktasiyanı başa çatdırmaq üçün “ənənəvi” üsullar tövsiyyə edəcəklər. Əgər öz reproduktiv sağlamlığınızı qorumaq istəyirsinizsə, bu üsullardan istifadə etməyiniz qətiyyən tövsiyyə olunmur! Bunlara aiddir:

– “Döşlərin kip parça ilə sıxılması” – əslində siz özünüzə daha da pis edə bilərsiz, qızdırmanız qalxa, süd kanalları tıxana bilər, döşün zərif vəz toxumasını zədələyə, mastit – döşün vəz toxumasının iltihabı xəstəliyinə düçar ola bilərsiz. Maraqlısı orasındadır ki, “döşləri sıxmağın” həqiqi səbəbləri keçmişdə qalıb. Qədim zamanlarda qadınlar həqiqətən döşlərini qalın parça ilə sıxardılar ki, böyümüş körpəyə göstərsinlər ki, guya “məməş yoxdur”, ananın “sinəsi yastılanıb”. Bu yolla onlar körpəni süddən ayırmağa çalışırdılar. Bu edilən zaman, ananın demək olar ki, südü olmurdu və bu üsul ciddi problemlərə səbəb olmurdu.
– Südqaytarıcı dərman preparatları. Bu, qadının hormonal fonunun incə quruluşuna kobud müdaxilə edən hormonal dərman preparatlarıdır. Bu preparatların çoxsaylı yan təsirləri var və çox zaman az effekt göstərirlər. Bir çox inkişaf etmiş ölkələrdə bu preparatlar satışdan çıxarılıb.

Emosional dəyişikliklər

  • Çaşqınlıq, təəccüb, ümidsizlik hissi.
  • Kədər hissi, apatiya, özünü toplaya bilməmək, yuxusuzluq, əhval-ruhiyyənin dəyişkənliyi, göz yaşları.
  • Aqressivlik, depressiya, ruh düşkünlüyü.

Bütün bunlar, əsas laktasiya hormonu olan prolaktin səviyyəsinin qəfil enməsi ilə baş verir. Bu hal, tez-tez körpəni süddən tələsik ayırdıqda baş verir. Əgər süddən ayırma prosesi tədricən baş versə, hormonların səviyyəsi də tədricən enir və siz daha az emosional narahatlıq hiss etmiş olursunuz.

Müəllif: Olqa Evtux
Tərcümə: Xumar Ərşadlı
Mənbə: www.mama-city.ru

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.