Bir çox analar körpələrindən uzaqdan ayrılarkən onlar üçün nə qədər sağılmış süd qoymalı olduqları ilə maraqlanırlar.
Xüsusilə də, südəmər körpələrin süd əmmə miqdarı ilk bir neçə həftə ərzində sürətlə artır, sonra isə bir və altı ay arası ərzində demək olar ki, eyni qalır (ona görə ki, körpə qısa müddətdə inkişaf edir).

Hal-hazırda əmizdirmə üzrə araşdırmalar göstərmir ki, ana südünün əmmə miqdarı uşağın yaşına görə dəyişir və ya 1-6 ay arasındakı çəkisinə görə dəyişir. Altı aydan sonra ana südünün miqdarı eyni səviyyədə davam edir – bəzən isə altı aydan sonra da eyni cür davam edir, bu körpənin digər qidalarla qidalanıb-qidalanmamasından asılıdır – körpənin süd əmmə miqdarı tədricən azalmağa başlayır.

Tədqiqatlar göstərir ki, südəmər körpələr 1- 6 ay arasında orta hesabla gün ərzində 25 oz (750 ml) süd əmir. Fərqli körpələr fərqli miqdarda süd əmir; səciyyəvi süd əmmə miqdarı gündə 19-30 oz (570-900 ml) təşkil edir.
Bir əmizdirmə zamanı körpənin ehtiyacı olduğu südün orta miqdarını hesablamaq üçün aşağıdakı məlumatdan yararlana bilərik.

  • Körpənin gündə neçə dəfə döşü əmdiyini hesablamaq (24 saat ərzində)
  • Sonra əmizdirmə sayını 25 oz-a bölmək
  • Bu hesablama ilə siz biləcəksiniz ki, südəmər körpənizin bir əmizdirmə zamanı nə dəqər sağılmış südə ehtiyacı var.

Misal: Əgər körpə gündə 8 dəfə döş əmirsə, deməli ana uzaqda olanda bir əmizdirmə zamanı təqribən 3 oz miqdarında südə ehtiyacı olacaqdır (25/8=3.1).

Aşağıdakı kalkulyatordan istifadə etsəniz, əlavə riyazi hesablamalara ehtiyacınız olmayacaqdır.“The Adoptive Breastfeeding Resource” vebsaytında verilən Süd Kalkulyatoru belə növ hesablamanı yerinə yetirir.

Əgər körpə əlavə bərk qidalar qəbul edirsə, onda nə etməli?

Bəzən altı ay və bir yaş arasında (belə ki, bu zaman körpə əlavə bərk qidalarla tanış olmağa başlayır və tədricən belə qidaların miqdarı artırılır) körpənin süd qəbulunun miqdarı azalmağa başlaya bilər, lakin bir il ərzində ana südü körpənin qidalanmasının əsas hissəsini təşkil etməlidir.

İkinci altı aylığında körpənin qəbul etdiyi bərk qidaların miqdarındakı müxtəliflik onun süd qəbulundakı miqdarına da təsirsiz ötüşmür. Bir araşdırmada göstərilir ki, 7 aylıqda gün ərzində ana südünün qəbulunun orta miqdarı 30 oz (875 ml/gün; ümumi enerji qəbulunun 93%-i) və 11-16 aylığında isə 19 oz (550 ml/gün; ümumi enerji qəbulunun 50%-i) olmalıdır.

12-24 aylıq körpələr arasında ana südünün qəbulunun miqdarı müxtəlif araşdırmalarda dəfələrlə ölçülmüşdür və nəticədə aşkarlanmışdır ki, bu dövrlərdə ana südü qəbulunun səciyyəvi miqdarı 14-19 oz (400-550 ml/gün) təşkil edir. 24 – 36 ay arasında isə ana südünün qəbulunun miqdarı gündə 10-12 oz (300-360 ml/gün) təşkil edir.

Əgər körpə həddindən artıq çox və ya həddindən artıq az sağılmış süd içirsə, onda nə etməli?

Yadınızda saxlayın ki, böyüklərin gün ərzində qəbul etdiyi qida və içkinin miqdarı fərqli olduğu kimi körpələrin də hər əmizdirmədə qəbul etdiyi südün miqdarı fərqli olur. Buna görə süd şüşəsini axıra qədər içizdirmək əvəzinə körpənizin hərəkətlərini izləyin.

Əgər körpəniz əhəmiyyətli dərəcədə orta miqdardan çox yeyirsə, onda nəzərə alın ki, siz evdə olmayanda ona həddən artıq çox süd verilir. Həddən artıq miqdarda qidalanmaya səbəb aşağıdakılardır:

♦ Sürətli axını olan əmzikli şüşə. Həmişə ən zəif axınlı əmziki istifadə edin.

♦ Uşağı rahatlamaq üçün ilk olaraq əmzikli şüşə ilə əmizdirmədən istifadə etmək. Bəzi xoşniyyətli baxıcılar uşaq səs salan kimi yedizdirirlər. Yuxarıdakı kalkulyatordan istifadə edərək körpənizə lazım olan südün miqdarını hesablayın və həmin miqdarla da verməyə başlayın. Əgər körpəniz hələ də ac görünərsə, ona əlavə bir və ya iki oz miqdarında süd verməzdən öncə dayənizə söyləyin ki, körpənizi əvvəlcə gəzməklə, yelləməklə, əldə saxlamaqla və s. yollarla sakitləşdirməyə çalışsın.

♦ Körpənin əmmək istəyi. Körpələrin çox güclü əmmək istəyi olur və ana evdə olmayanda bu istək daha da çox ola bilər (əmmək uşağı rahatlaşdırır). Uşaq döşdə olanda südün miqdarına nəzarət edə bilir və əsasən əmmək istədiyi üçün minimal miqdarda süd qəbul edir. Lakin əmzikli şüşədən içərkən uşaq əmdikcə südü aramsız olaraq daha çox miqdarda qəbul edir. Siz evdə olmayanda körpəniz çoxlu miqdarda süd içirsə, onun əmmək istəyini təmin etmək üçün onu barmaqlarını və ya baş barmağını əmməyə öyrəşdirin və ya belə zamanlarda əmzikdən istifadə etməyə çalışın.

Əgər körpə normadan az miqdarda sağılmış süd içirsə, ola bilsin ki o sadəcə aclığını “öldürmək” üçün ona lazım olan miqdarda südü qəbul edir, kalorisini almaq üçün isə anasını gözləyir. Belə uşaqlar adətən ana evə qayıdandan sonra daha tez-tez və ya bir dəfəyə daha uzun müddətli əmirlər. Bəzi analar çox süd sağmaq istəmədikləri üçün körpəsini gecə əmizdirməyə öyrəşdirir. Gecə əmmələr südəmər körpələr üçün, xüsusilə də, yenicə əmzikli şüşədən içməyə başlayan körpələr üçün normal haldır.

Əgər körpəniz gecə əmməyi sevirsə, sizin üçün aşağıdakı məsləhətlərimiz vardır:

  • Səbirli olun. Buna görə stresə düşməməyə çalışın. Bunu bir kompliment kimi qəbul edin – körpəniz sizə üstünlük verir.
  • Hər dəfə əmzikli şüşəyə az miqdarda süd tökün və nəticədə süd artıq qalmayacaqdır.
  • Əgər siz körpənizin belə davam etməyindən narahatsınızsa, bilin ki, nadir körpələr gecə 8 saat yatırlar və ya həmin müddət ərzində yemək yemirlər. Körpənizin kifayət qədər süd içdiyindən əmin olmaq üçün onun yaş bezlərinə və çəkisinin artımına diqqət yetirin.
  • Əmin olun ki, körpəniz sizinlə birlikdə olanda kifayət qədər əmir.

Südün miqdarını hesablamaq üçün digər üsullar

Körpənin çəkisindən və yaşından asılı olaraq qəbul edilən südün miqdarını hesablamaq üçün müxtəlif üsullar vardır. Hesablama düsturuna əsaslanaraq – tədqiqatlar göstərir ki, erkən həftələrdən sonra belə metodlardan istifadə etmək südün miqdarını körpənin ehtiyacı olduğundan artıq hesablayır. Bu hesablamaları biz uzun illər südəmər körpələr üçün tətbiq eləmişik. Lakin bir çox südəmər körpələr bu metodlarla hesablanan miqdara uyğun olaraq çox süd içmirlər.

Son araşdırmalara əsasən, ilk ayından sonra körpənin qəbul etdiyi ana südünün miqdarı tam dəyişməz qalır, yaşının və ya çəkisinin artması ilə südün miqdarı hiss olunacaq dərəcədə artmır. Belə ki, son araşdırmalar anaların və əmizdirmə məsləhətçilərinin bu günə qədər müşahidə etdikərini təsdiq edirlər.

Müəllif: Kelly Bonyata

Mənbə: www.kellymom.com

Tərcümə edən: Mirzəyeva Ülviyyə,

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.