Müasir zamanın tələblərinə uyğunlaşmaq, gərgin həyat ritmi ilə ayaqlaşmaq istəyən analar daha çox enerji əldə etmək üçün müxtəlif mənbələr axtarırlar. Müxtəlif cür enerji ilə zəngin qidaya, idmanın fərqli-fərqli növlərinə, vitaminlərə üz tutmaqla yanaşı enerjini azaldan və orqanizmi zəiflədərək stressə həssas edən qidalar haqqında maariflənmək yerinə düşər. Gündəlik məişət qayğıları, uşaqların tərbiyəsi valideynlərdən külli miqdarda enerji, güc və səbr tələb edir. Yorğunluq və stress halında bunlara tab gətirmək qeyri-mümkündür.

İlkin enerji mənbəyi şəkərdən alınan karbohidratlardır. Bu səbəbdən qanda şəkərin səviyyəsini balanslaşdırmaqla yüksək enerjiyə sahib olmaq və stresslə mübarizə aparmaq olar. Demək olar ki, bütün enerji qlükozadan əldə edilir. Qanda şəkərə nəzarət etmək enerjinin səviyyəsini, sağlam çəki, yüksək əhval və ümumiyyətlə bədənin ümumi sağlamlığını tənzimləyir. Bunun üçün sadəcə olaraq yeyilən karbohidratların növünə nəzarət etmək kifayətdir. Sağlam və faydalı karbohidratlara yulaf, çovdar, qəhvəyi basmati düyü, çox şirin olmayan meyvələr, tərəvəzlər aiddir.

Qanda şəkərin səviyyəsinə nəzarət etmək bununla da bol enerji əldə etmək üçün balanslaşadırılmış qidalanmaq əvəzinə əksər insanlar stimullaşdırıcılara üz tuturlar. Stimullaşdırıcılar çox yorğun olduqda insana dərhal enerji və gümrahlıq verir. Lakin stimullaşdırıcılar stress və yorğunluğu ört-basdır edir, sanki yorğunluğu aparır. Reallıqda isə yorğunluq heç yerə yox olmur, üst-üstə toplanaraq insanı yataq xəstəsinə çevirə bilir. Valideynlər unutmamalıdırlar ki, gündəlik gərgin iş qrafikinə tab gətirmək üçün istifadə etdikləri stimullaşdırıcılar enerjinin ən başlıca düşmədirlər.

Stimullaşdırıcılarla yaşamaq rahatlanmağa, yuxuya getməyə imkan vermir. Əksər insanlar rahatlıq tapmaq üçün trankvilizatorlar, alkoqol, yuxu həbləri, uyuşdurucular və s itifadə edirlər. Baxmayaraq ki, bunların dərhal rahatladıcı effekti olur bu vasitələrdən lakin uzun müddətli bu vasitələr narahatlığın daha da artmasına səbəb olur. Yorğunluğun və stressin azaldılmaıs üçün stimullaşdırıcılardan azad olmaq lazımdır.

Stimullaşdırıcıların aşağıdakı növləri var:

  1. şəkər;
  2. qəhvə;
  3. çay;
  4. şirin qazlı içkilər;
  5. şokolad;
  6. siqaret;
  7. alkoqol;
  8. kaffein tərkibli ağrıkəsici həblər.

Stressə həssaslıq və yuxarıda göstərilən stimullaşdırıcılara olan bağlılığa son qoymaq üçün mütəxəssislər aşağıdakı məsləhətlərlə bölüşürlər:

  1. -hansı stimullaşdırıcıya həssas və bağlı olduğunuzu təyin edin.
  2. -bağlı olduğunuz stimullaşdırıcılara sağlam alternativlər tapın.
  3. -stimullaşdırıcıların gündəlik qəbulunu addım-addım azaldın.
  4. -stress şəraitində davranışınıza nəzarət edin və sağlam alternativlərə müraciət edin (məsələn, şirniyyat, şokolad əvəzinə meyvə yeyin).

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.