- Tarix:26 Aprel 2018-Kateqoriya:Zahılıq- 2741Views
Müasir zamanın tələblərinə uyğunlaşmaq, gərgin həyat ritmi ilə ayaqlaşmaq istəyən analar daha çox enerji əldə etmək üçün müxtəlif mənbələr axtarırlar. Müxtəlif cür enerji ilə zəngin qidaya, idmanın fərqli-fərqli növlərinə, vitaminlərə üz tutmaqla yanaşı enerjini azaldan və orqanizmi zəiflədərək stressə həssas edən qidalar haqqında maariflənmək yerinə düşər. Gündəlik məişət qayğıları, uşaqların tərbiyəsi valideynlərdən külli miqdarda enerji, güc və səbr tələb edir. Yorğunluq və stress halında bunlara tab gətirmək qeyri-mümkündür.
İlkin enerji mənbəyi şəkərdən alınan karbohidratlardır. Bu səbəbdən qanda şəkərin səviyyəsini balanslaşdırmaqla yüksək enerjiyə sahib olmaq və stresslə mübarizə aparmaq olar. Demək olar ki, bütün enerji qlükozadan əldə edilir. Qanda şəkərə nəzarət etmək enerjinin səviyyəsini, sağlam çəki, yüksək əhval və ümumiyyətlə bədənin ümumi sağlamlığını tənzimləyir. Bunun üçün sadəcə olaraq yeyilən karbohidratların növünə nəzarət etmək kifayətdir. Sağlam və faydalı karbohidratlara yulaf, çovdar, qəhvəyi basmati düyü, çox şirin olmayan meyvələr, tərəvəzlər aiddir.
Qanda şəkərin səviyyəsinə nəzarət etmək bununla da bol enerji əldə etmək üçün balanslaşadırılmış qidalanmaq əvəzinə əksər insanlar stimullaşdırıcılara üz tuturlar. Stimullaşdırıcılar çox yorğun olduqda insana dərhal enerji və gümrahlıq verir. Lakin stimullaşdırıcılar stress və yorğunluğu ört-basdır edir, sanki yorğunluğu aparır. Reallıqda isə yorğunluq heç yerə yox olmur, üst-üstə toplanaraq insanı yataq xəstəsinə çevirə bilir. Valideynlər unutmamalıdırlar ki, gündəlik gərgin iş qrafikinə tab gətirmək üçün istifadə etdikləri stimullaşdırıcılar enerjinin ən başlıca düşmədirlər.
Stimullaşdırıcılarla yaşamaq rahatlanmağa, yuxuya getməyə imkan vermir. Əksər insanlar rahatlıq tapmaq üçün trankvilizatorlar, alkoqol, yuxu həbləri, uyuşdurucular və s itifadə edirlər. Baxmayaraq ki, bunların dərhal rahatladıcı effekti olur bu vasitələrdən lakin uzun müddətli bu vasitələr narahatlığın daha da artmasına səbəb olur. Yorğunluğun və stressin azaldılmaıs üçün stimullaşdırıcılardan azad olmaq lazımdır.
Stimullaşdırıcıların aşağıdakı növləri var:
şəkər;
qəhvə;
çay;
şirin qazlı içkilər;
şokolad;
siqaret;
alkoqol;
kaffein tərkibli ağrıkəsici həblər.
Stressə həssaslıq və yuxarıda göstərilən stimullaşdırıcılara olan bağlılığa son qoymaq üçün mütəxəssislər aşağıdakı məsləhətlərlə bölüşürlər:
hansı stimullaşdırıcıya həssas və bağlı olduğunuzu təyin edin.
bağlı olduğunuz stimullaşdırıcılara sağlam alternativlər tapın.
stimullaşdırıcıların gündəlik qəbulunu addım-addım azaldın.
stress şəraitində davranışınıza nəzarət edin və sağlam alternativlərə müraciət edin (məsələn, şirniyyat, şokolad əvəzinə meyvə yeyin).
Doğuş prosesi özlüyündə qadın bədəni üçün böyük stres yükü yaradır ki, böyrəküstü vəzin funksiyasına böyük tələbata ehtiyac duyulur. Böyrəküstü vəz stres hormonu ifraz etməklə, bədənə enerji verməklə yanaşı gərgin vəziyyətlərdə bədənin düzgün reaksiyasını təmin edir. Yeni ana olmuş qadınların bədənində baş verən ümumi hormonal dəyişiklik, yuxu rejiminin pozulması və yaşanılan stres böyrəküstü vəzin və digər hormonların normallaşmasına çətinlik törədir. Bədən nə qədər uzun müddər hormonal natarazlıqdan əziyyət çəkərsə, bir o qədər əhval və ruh düşkünlüyü, artıq çəki, yorğunluq və cinsi zəiflik müşahidə ediləcəkdir.
Şükürlər olsun ki, böyrəküstü vəzinin funksiyasını dəstəkləmək və hormonları təbii yollarla tarazlamaq mümkündür. Böyrəküstü vəzin ətraf mühit, beyin və bütün bədənə təsiri olan fəaliyyəti ilə əlaqədar yaranan halsızlıq, həvəssizlik və yorğunluq halına “adrenalin yorğunluğu” deyirlər.
Stresli vəziyyət altında bədən böyrəküstü vəzi vasitəsilə kortizol istehsal edir. Bu bədən üçün normal və lazımlı bir haldır. Lakin əgər stresli hallar və vəziyyətlər uzunmüddətli xarakter daşıyırsa, hormonlarda müəyyən dəyişikliklər baş verir ki, onlar özünü müxtəlif yollarla biruzə verir. Yeni analara uşağın dünyaya gəlməsi ilə əlaqədar yaranan çətinliklər yaşaması yerikləmək, ifrat yorğunluq, halsızlıq, narahatlıq hisslərinə qapılması, stimullaşdırıcılara (şokolad, qara və yaşıl çay, qəhvə və s.) alüdə olması halları sezilir. Bütün bunlar və aşağıda sadalananlar analarda böyrəküstü vəzin disfunksiyasına dəlalət edə bilər:
Səpkilər və sızanaqlar
Depressiya
Yuxudan oyanmaqda çətinlik
Tez-tez xəstələnmək
Cinsi zəiflik
Beynin dumanlanması
Başgicəlləmələr
Qıcıqlanmaq
Əgər analar adrenalin yorğunluğundan şübhələnirlərsə, ilk növbədə etibar etdikləri həkimə xüsusən endokrinoloqa müraciət etməli və aşağıda verilən sadə üsulları sınaqdan keçirməlidirlər.
Körpəsini qucaqlamaq
Ana südü ilə əmizdirmək və ya sadəcə yenicə doğulmuş körpəni qucaqlamaq analarda oksitosin hormonunu ifraz edir ki, bu hormon ananın bədənini stresdən qoruyur.
Qida rejimini sahmanlamaq
Əmizdirən və ya əmizdirməyən ana olsun fərq etməz, qida rejimini sahmanlamalı, faydalı ərzaqlara üstünlük verərək özünü aclıqla üzmədən miqdarında qidalanmalıdır.
Yuxu
Aydındır ki, körpəsi olan anaların yuxusunda ciddi pozuntular müşahidə olunur, lakin analar çalışmalıdırlar ki, imkan daxilində yatmağa çalışsınlar. Ev işlərində yardım istəyərək və ya əhəmiyyətsiz olan işləri təxirə salaraq, günahkarlıq hissini kənara qoyaraq analar yatmalıdırlar.
Düzgün tənəffüs etmək
Dərindən (qarınla) və tez-tez nəfəs almaq xüsusən gərgin anlarda çox vacib və faydalıdır. Rahat və dərin tənəffüs bədənimizə istənilən növ sakitləşdirici dərmanlardan daha tez sakitləşdirici, rahatladıcı təsirə malikdir.
Rodiola
Rodiola enerjini artırır, narahatlıq hissini söndürür, bədəndə iltihab prosesini azaldır və immun sistemi gücləndirir. Mütləq şəkildə, xüsusən depressiya halları olan analara rodiola tərkibli vasitələri həkim nəzarəti altında qəbul etməsi məsləhətdir.
Maqnezium
Maqnezium böyrəküstü vəzin fəaliyyətini tənzimləyən mineraldır. Əksər insanların maqnezium çatışmazlığından əziyyət çəkdiyini nəzərə alsaq, rasionda bu mineral ilə zəngin ərzaqlara (tünd yaşıl tərəvəzlər, göyərtilər, badam, toxumlar, tumlar, paxlalılar, qəhvəyi düyü, avokado və ərik qurusuna) üstünlük verilməsi təqdirə layıqdır.
Bütün yuxarıda sadalananlarla yanaşı analar ailə və yaxınları ilə bərabər öz qeydinə qalmalıdır. Ana nə qədər sağlam və rahat olarsa, ailədə də bir o qədər xoşbəxtlik və yüksək əhval olar.
1 Şərhlər