Adətən körpələr, xüsusilə həyatlarının ilk aylarında, axşamlar kürlük edir və daha qısa fasilələrlə süd əmmək istəyirlər. Axşam kürlükləri üçün dalbadal əmizdirmələr xarakterikdir.
Dalbadal əmizdirmə dedikdə, günün müəyyən saatlarında əmizdirmələr arasında vaxt kəsiyinin azalması və digər vaxtlarda çoxalmasıdır. Bu hal tez-tez baş verir və adətən bu hala axşamlar rast gəlinir. Bunun ardınca adətən həmişəkindən daha uzun yuxu mərhələsi gəlir: bəlkə də, körpə uzunmüddətli yuxudan qabaq “ qida çənini doldurmaq” istəyir. Məsələn, körpəniz axşam 6 və 10 arası hər saat (və ya daha tez-tez) süd əmər, gecə isə daha uzunmüddətli yata bilər – körpə hətta bütün gecəni yata bilər (bu nadir hallarda olur).
Dalbadal əmizdirmə, adətən körpənizin kür vaxtı ilə üst-üstə düşür. Körpə bir neçə dəqiqə əmir, döşü buraxır, kürlük edir/ağlayır, bir neçə dəqiqə əmir, döşü buraxır, kürlük edir/ağlayır…və bu saatlarla davam edir. Bu, ananın əsəbini ÇOX korlayır və ana düşünməyə başlayır ki, “görəsən körpəmə süd çatırmı, bəlkə yediyim nəsə körpəni narahat edir, bəlkə elədiyim HƏR ŞEY körpəni narahat edir”…bu, sizin özünüzə inamınızı həqiqətən sındıra bilər. Xüsusilə, əgər ətrafınızda sizə eyni sualları verən başqa insanlar da varsa (ananız, həyat yoldaşınız, qaynananız və s.)
Bu, NORMAL davranışdır! Bunun sizin südünüzlə və ya analıq qabiliyyətinizlə heç bir əlaqəsi yoxdur. Əgər körpə günün qalan hissəsini özünü yaxşı hiss edir və kürlük zamanı ağrı (məsələn, sancı) hiss etdiyi görünmürsə– sadəcə körpənizi sakitləşdirməyə çalışın və buna görə özünüzü günahlandırmayın. Körpəni istədiyi qədər əmizdirin. Atanı (və ya digər bir şəxsi) işə qoşun ki, siz körpəni əmizdirdiyiniz və qucağınızda tutduğunuz müddətdə sizə yemək/içmək gətirsin və əşyaları sizə ötürsün (kitab/pult/telefon/və s.).
Bu körpəmin ona verə biləcəyimdən artıq südə ehtiyacı deməkdir?
Xeyr. Körpəyə əmzikli şüşə verməyin – əlavə qida sizin bədəninizə məlumat ötürəcək ki, o indi DAHA AZ süd ifraz etsin və bunun sizə heç də köməyi olmayacaqdır. Həmçinin, yadda saxlayın ki, süni qida ilə qidalanan uşaqlar da, axşamlar kürlük edirlər – kür axşamlar, qidalandırılma tərzindən asılı olmayaraq, bütün yeni doğulmuş körpələrdə rast gəlinir. Əmizdirmə Təbabəti Akademiyası, əlavə qidalandırma üzrə təlimatında qeyd edir:
Elə ümumi kliniki vəziyyətlər var ki, bu vəziyyətlər zamanı dəyərləndirmə aparmağa və əmizdirmənin idarə olunmasına ehtiyac duyulur; lakin, gecələr kürlük edən və ya bir neçə saat davamlı olaraq süd əmən uşaqlar da daxil olmaqla, əlavə qidalandırma üçün GÖSTƏRİŞ YOXDUR.
Niyə körpələr axşamlar kürlük edir?
Körpələrin axşam kürlük etməsinin ən çox eşitdiyimiz izahı odur ki, hormonların gün ərzində təbii dövriyyəsi ilə əlaqədar axşamlar südün həcmi daha az olur. Lakin, əmizdirmə üzrə tədqiqatçı, doktor Piter Hartmen deyir ki, onun tədqiq etdiyi qadınlarda, südün həcmi günün bu vaxtında heç də az olmayıbdır. Hətta, əgər axşamlar südün həcmi azalsa da, yağ həcminin yüksəlməsi səciyyəvidir (xüsusilə əgər körpəyə imkan verilirsə ki, o süd əmməklə bunu nəzarətdə saxlasın). Odur ki, axşamlar körpənin aldığı kalorilərin miqdarı əhəmiyyətli dərəcədə fərqlənmir. Süd axını axşamlar yavaşıya bilər, bu da bir çox uşaqları əsəbləşdirir.
Həkimlər tez-tez, axşamlar körpənin kürlük etməsini, onun tam inkişaf etməmiş sinir sistemi ilə əlaqələndirirlər. Qeyd etmək lazımdır ki, körpə böyüdükcə (adətən 3-4 aylarında) kürlük də aradan qalxır. Ənənəvi cəmiyyətdə əmizdirmə prosesi üzrə tədqiqat aparan doktor Ketrin Detvayler qeyd edir ki, Mali, Qərbi Afrika və digər ənənəvi cəmiyyətlərdə körpələrdə sancı və ya günortadan sonra/axşam vaxtı kürlük olmur. Bu körpələri anaları daim özü ilə daşıyır və onlar adətən hər saat ərzində bir neçə dəfə süd əmirlər.
Odur ki, bəlkə də sadalananlardan heç biri, körpənin axşam kürlüyünün tam cavabı deyil. Bir çox körpələr üçün, kürlük vaxtı, çoxlu qucağa götürülmək, sığallanmaq və hərəkət etdirilməklə bərabər, qısa intervallarla kiçik miqdarlarda süd əmmək ehtiyacı səciyyəvidir.
Şüşədə sağılmış süd və ya süni qida təklif olunan körpələr də axşamlar tez-tez eynilə kürlük edirlər. Körpə az miqdarda yeyir, mürgüləyir, kürlük edir, sonra bir az da yeyir və beləcə davam edir. Bəlkə də, körpələr analarının hamilə olduğu dövrdə bu vaxtlarda çox fəal olduğunu “xatırlayırlar” və yenə də davamlı olaraq qucağa götürülmək, yırğalanmaq və əmizdirilmək istəyirlər.
- Ola bilsin ki, sadəcə körpələr bu vaxtlar daha çox süd əmmək yox, daha tez-tez süd əmməyə ehtiyac duyurlar.
Kürlük zamanı sakitləşdirmə üsulları
- Körpəni slinqdə gəzdirin. Slinq haqqında ətraflı burada. Siz körpənizi özünüzə sıxdığınız, sakitləşdirdiyiniz və süd əmizdirdiyiniz müddətdə, sizin bir və ya hər iki əliniz digər işlər (axşam yeməyi hazırlamaq, digər uşaqların qayğısına qalmaq və s.) üçün boşalacaqdır.
- Növbənin dəyişdirilməsi. Ana duş qəbul etdiyi və sadəcə dincəlmək üçün özünə vaxt ayırdığı və ya uzun gündən sonra istirahət eləyib güc topladığı müddətdə ata və ya digər ailə üzvləri körpə ilə vaxt keçirə bilərlər.
- Bayıra çıxın. Körpəni (və ananı da), istirahət etmək üçün gəzintiyə çıxarın və ya sadəcə bayırda oturun və bundan həzz alın. Bunu, körpənin müntəzəm kürlük vaxtından bir az əvvəl edin.
- Səslə sakitləşdirin. Oxuyun, zümzümə edin, söhbət edin, “şşşş” deyin və ya “ağ səslərdən” (tozsoranın, paltaryuyanın və s. kimi səslərdən) istifadə edin. Ümumiyyətlə, körpəni sakitləşdirərkən, müxtəlif növ səslərdən istifadə etmək lazımdır.
- Ritmik hərəkətlərlə sakitləşdirin. Gəzin, yırğalanın, hoppanın, rəqs edin, yellənin və hətta körpəni maşında sürməyə də cəhd edin.
- Toxunuşla sakitləşdirin. Körpəni qucaqlayın və ya çimizdirin, körpə massajını sınayın.
- Stimulyasiyanı azaldın. İşıqları tutqunlaşdırın, səsləri azaldın, körpəni bələyin.
- Müxtəlif əmizdirmə pozalarından istifadə edin. Böyrü və ya beli üstə uzanın, körpəni qarnınıza uzadaraq əmizdirin və s.
- Hərəkətdə ola-ola əmizdirin (yellənə-yellənə, yırğalana-yırğalana, gəzə-gəzə və s.)
- Ritmik hərəkətləri, sakitləşdirici səslərlə birləşdirin.
- Xüsusilə, kürlü axşam saatlarında rejimdən yayının.
Müəllif: Kelly Bonyata
Mənbə: www.kellymom.com