İlk 6-12 həftədən sonra, ananın döşlərinin nisbətən boş, yumşaq, hətta tamamilə boş görünməsi normaldır.
Bir çox analar, ilk həftələr keçdikdən sonra süd ehtiyatına görə narahatlıq hissi keçirirlər. Çünki, onlar südü sağdıqda, onun damcı-damcı gəldiyini görür və ya döşlərinin “yumşaq” və ya “boş” olduğuna fikir verirlər. İlk həftələr keçdikdən sonra, döşlərinizdə boşluq hiss etməyiniz normaldır. Baxmayaraq ki, süd uzun müddət əmilmədikdə və ya sağılmadıqda, döşləriniz bir balaca dola və ağırlaşa bilər.
Əmizdirmənin ilk həftələrində, anaların döşlərində hiss etdiyi dolğunluq (bəzən hətta şişkinlik) həqiqətən də norma deyil, yəni bu ananın döşlərinin körpənin süd ehtiyacına hələ tam uyğunlaşmaması deməkdir. Təqribən 6-12-ci həftələrdə (əgər ananın süd ehtiyatı çoxdursa, bu daha uzun çəkə bilər), sizin süd ehtiyatınız nizama düşəcək və döşləriniz nisbətən boş, yumşaq və hətta tamamilə boş olacaqdır. Bu vaxtdan etibarən südünüz artıq döşünüzdən sızmaya və süd kanallarınızda südün gəlişini hiss olunmaya (və ya az hiss oluna) bilər.
Həmçinin südünüzü sağdıqda, siz daha az südün çıxdığını görəcəksiniz. Bu heç də o demək deyil ki, süd ehtiyatınız azalıb, sadəcə bədəniniz körpənin ehtiyacına uyğun olaraq, nə qədər süd ifraz etməli olduğunu bilir və daha lazım olduğundan artıq süd ifraz etmir. Bu dəyişiklik tədricən və ya qəfil baş verə bilər. Bir çox analar və hətta səhiyyə işçiləri döşlərdə baş verən bu dəyişikliklərin normal olduğundan xəbərsizdirlər. Bu əlamətləri görən bir çox analar əmizdirməni tez dayandırır və yalnışlıqla bu dəyişiklikləri südün qurumasının əlaməti olduğunu düşünüb körpəyə əlavə süni qida verməyə başlayırlar.
Bəs bu dəyişiklik niyə baş verir? Çünki, ilk həftələr və aylar ananın südü endokrin səviyyədə, körpələrin ehtiyac duyduğundan daha çox süd ifraz olunur. Bu dövrdə ananın bədəni adaptasiya mərhələsi keçir. Erkən doğuşsonrası hormonal səviyyə, süd sintezinin “həcmini artırmağa” yönəlir ki, ehtiyac olduqda əlavə süd ifraz oluna bilsin. Məhz bu səbəbdən əksər analar, əkizlər və ya hətta üçüzlər üçün kifayət qədər süd ifraz etməyə başlayırlar. Getdikcə körpənin ehtiyacına uyğunlaşan ana bədəni artıq südü avtokrin səviyyədə istehsal etməyə başlayır. İlk həftələr ərzində norma sayılan bu yüksək prolaktin səviyyəsi tədricən aşağı enir və bu laktasiya üçün normal hesab olunur.
Bu məqamdan etibarən ananın bədəni körpənin ehtiyaclarına uyğun süd istehsal edir ki, bu da döşlərdə heç bir fiziki dəyişiklikləri biruzə vermir. Körpə böyüdükcə ananın südünün səviyyəsi tədricən körpənin ehtiyacına uyğun artmağa başlayır. Döşlərin boşaldığı kritik məqamların dəf edilməsinin ən əsas çarəsi körpəyə əlavə süni qida verməmək və körpəni yalnız ana südü ilə əmizdirməyi davam etməkdir.
Müəllif: Kelly Bonyata
Mənbə: www.kellymom.com