Süd istehsalı yeni doğulan körpənin ilk əmizdirilməsindən xeyli əvvəl başlayır. Bu proses qadın döşündə müxtəlif inkişaf mərhələlərində — yeniyetməlik, hamiləlik və laktasiya dövrlərində — ölçü və forma dəyişikliklərini tələb edir. Hər mərhələ, südvermənin uğurla baş tutması üçün zəruri olan ardıcıl fizioloji dəyişikliklərlə müşayiət olunur.
Qadın bədəninə nəzər saldıqda görürük ki, artıq yeniyetməlik dövründən etibarən hormonlar süd istehsalına hazırlıqda mühüm rol oynayır. Bu hormonal dəyişikliklər gələcəkdə qadının laktasiya qabiliyyəti barədə də müəyyən ipucları verir.
Süd istehsalını və onun fiziologiyasını daha yaxşı anlamaq üçün döş toxumasının normal anatomiyasını öyrənmək vacibdir. Normal döş iki əsas quruluşdan ibarətdir:
- Kanallar (südü məməyə daşıyan borucuq sistemi)
- Lobullar (süd istehsal edən kiçik vəzlər)
Qadının inkişaf mərhələlərində müxtəlif tip lobullar formalaşır:
- Yeniyetməlikdə: Tip-1 lobullar yaranır. Estrogen və progesteron səviyyələrindəki dəyişikliklər hər menstrual dövrdə bu lobulların inkişafını stimullaşdırır.
- Hamiləlikdə: Yüksək progesteron təsiri ilə alveollar inkişaf edir, hamiləliyin sonunda isə ağuz südü ilə dolmağa başlayır.
- Doğuş və laktasiya zamanı: Lobullar daha da böyüyür və süd istehsalı aktivləşir.
- Südvermə bitdikdən sonra: Süd vəziləri involusiyaya (kiçilməyə) uğrayır, amma tam geriləmə baş vermir.
Beləliklə, süd istehsalı yalnız hamiləlik dövründə deyil, əslində yeniyetməlikdən etibarən mərhələli şəkildə inkişaf edir.
Süd istehsalında əsas iştirak edən orqanlar:
- Döş vəziləri (südün istehsalı)
- Ön hipofiz vəzi (prolaktin ifrazı — südün hazırlanması)
- Arxa hipofiz vəzi (oksitosin ifrazı — südün axıdılması)
Prolaktin nədir?
Prolaktin — bədənimizdə süd istehsalına cavabdeh olan əsas hormondur. Əsasən beynimizdə, ön hipofiz vəzində istehsal olunur. Hamiləlik zamanı progesteron hormonu çox olduğu üçün, prolaktin tam aktiv ola bilmir. Doğuş sonrası körpənin və plasentanın bədəndən ayrılması ilə birlikdə progesteron hormonu kəskin şəkildə aşağı düşür və elə bu zaman artıq prolaktin hormonu aktiv şəkildə fəaliyyət göstərməyə başlayır. Lisa Marasco və Diana West “Südünüzü necə artıra bilərsiniz ?” kitabında süd istehsalını bir raketin göyə buraxılışına bənzədirlər.
Bunun üçün dörd əsas şərt lazımdır:
1. Yaxşı inkişaf etmiş döş vəzi
2. Kifayət qədər hormon (xüsusən prolaktin və oksitosin)
3. Daimi stimulyasiya (əmizdirmə və ya sağma)
4. Südün tez-tez boşaldılması (əmizdirmə və ya sağma)
Bu proses raketin platformadan havaya qalxması kimidir. Raket ilk mərhələdə çox enerji (yəni hormon və stimulyasiya) tələb edir ki, “yer cazibəsindən” qurtulub atmosferə çıxa bilsin. Əgər bu enerji vaxtından əvvəl azalarsa və ya başlanğıcdan zəif olarsa, raket hədəfinə çata bilməz.
Doğuşdan dərhal sonra körpəni tez-tez və düzgün şəkildə əmizdirmək və ya südü sağmaq prolaktin ifrazını artırır, həmçinin daha çox prolaktin reseptorunun formalaşmasına səbəb olur. Bu isə süd istehsalının güclü şəkildə başlamasını və uzunmüddətli davam etməsini təmin edir.
Demək, hormonun aktiv şəkildə işləməsi üçün doğuşdan dərhal sonra (tibbi əks göstəriş yoxdursa) körpə məməyə qoyulmalı və yaxud da sağım edərək məməni stimullaşdırmaq lazımdır.
Amma gəlin bir məqamı unutmayaq ki, prolaktinin süd istehsal etməsi nə qədər vacibdirsə, istehsal olunan südün körpəyə çatması da bir o qədər vacibdir. Çünki, əgər istehsal edilən süd körpəyə çatmasa yəni məmədən boşalmasa, Laktasiyanın Geribildirim İnhibitoru (FIL) yaranır. Ona görə də, xüsusilə erkən dönəmdə 2-3 saatdan bir məmələr boşaldılmalıdır. Burda isə bizə kömək edəcək hormon oksitosindir.
Oksitosin hormonu, südün gəlməsini təmin edən “südün enmə refleksinin” əsas hormonudur. Doğuşdan dərhal sonra ana körpəsini əmizdirərkən, oksitosin uşaqlığın yığılmasına da kömək edir. Bu hormon həmçinin “sevgi hormonu” kimi tanınır, işləmə mexanizmi isə çox incədir. Buna görədir ki, hormon ananın kiçik narahatlığı və ya stres anında bloklana bilir. Yəni, ana narahatdırsa, bədəni süd istehsal etsə belə, hormonun bloklanması səbəbindən süd körpəyə rahat çatmaya bilər. Buna görə, rahat və sakit mühitdə əmizdirmə çox önəmlidir.
Laktasiya və əmizdirmə prosesinə hansı hallar maneə ola bilər?
- Sinə əməliyyatı keçirmiş qadınlarda laktasiya ilə bağlı problemlər ola bilər amma bu əməliyyat kəsiyinin yerindən də asılı ola bilər. Qoltuq altından edilən kəsiklər südverməyə daha az təsir edir, areola ətrafında edilən “təbəssüm” tipli kəsiklər isə riski artırır.
- Anada döşlərin patologiyası halı haqda “Hansı döşlərdə süd olmur?” məqaləmizdə ətraflı izahat var.
- Uşaqlıq və ya gənclik dövründə sinə nahiyəsinə alınan travmalar (zərbələr, qəzalar və.s) gələcəkdə süd istehsalına mənfi təsir göstərə bilər. Bu cür zədələnmələr süd vəzlərinin və süd kanallarının normal inkişafını poza bilər. Nəticədə, hamiləlik dövründə döşün kifayət qədər böyüməməsi, doğuşdan sonra isə südün az istehsal olunması müşahidə edilə bilər.
- Ananın çox yuxusuz və ifrat yorğun olması
- Süni qidalanmadan istifadə edərək, məməni kifayət qədər stimullaşdırmamaq- “Süni qida ananın südünü necə azaldır?” məqaləmizi oxuyun.
- Ananın keçirdiyi və ana südü ilə körpəyə təhlükə yarada biləcək hər hansısa bir xəstəliklər. “Əmizdirmək olar yoxsa yox?” adlı məqaləmizdə əmizdirməyə əks göstəriş olan bütün xəstəlikləri siyahını vermişik.
- Körpənin döşü tuta bilməməsi, gilə və döş ağrısı, mastit və süd kanallarının tutulması və s.
- Ananın mental sağlamlığı haqda ətraflı “Doğuşdan sonrakı depressiya, sıxıntı, psixoz” məqaləmizə keçid edə bilərsiniz.
Ümumiləşdirsək-süd istehsalı bütünlükdə bədənimizin təbii bir prosesidir. Bir qadın bədəni uşağı bətnində daşıya bilirsə, o bədən körpənin qidasını da hazırlamağa tam qadirdir. Hormonların işləmə mexanizmini anladıqdan sonra, südvermə prosesi ilə bağlı narahatlıqlarınız azalacaq və əmizdirmənin zövqünü daha rahat yaşaya biləcəksiniz.
Müəllif: Həcər Piriyeva
Əmizdirmə məsləhətçisi