Mülayim qeysəriyyə humanist cərrahi doğuş modeli kimi
QEYSƏRİYYƏ KƏSİYİ ƏMƏLİYYATI ÜZRƏ KLİNİK PROTOKOLUNDA (2022) müasir dövrdə bütün ölkələrdə Qeysəriyyə əməliyyatlarının sayının artması qeyd olunur. Müxtəlif ölkələrdə bu, diri doğuşların 5%-dən 50%-ə qədərini təşkil edir. Qeysəriyyə əməliyyatlarının sayının artması hesabına perinatal itkilərin azalması yalnız müəyyən həddə qədər mümkündür. ÜST-nin tövsiyələrinə əsasən qeysəriyyə əməliyyatı doğuşların
ümumi sayının 15%-dən yuxarı olduqda perinatal itkilərin azalmasına təsir göstərmir. Azərbaycanda son 5 il ərzində bu əməliyyatların aparılma tezliyi1 2016-cı ildə 31,2%-dən 2019-cu ildə 39,6%-dək artmış və
2020-ci ildə 38,7% olmuşdur. Analoji artım, mütləq göstəricilərin fərqlənməsinə baxmayaraq, bütün inkişaf etmiş ölkələrdə də müşahidə olunur.
Bütün bunlarla yanaşı, Mülayim Qeysəriyyə son illərdə dünyada yayılmağa başlayan daha humanist cərrahi doğuş modelidir. Məqsəd əməliyyatı yalnız tibbi müdaxilə kimi deyil, ana və körpə üçün daha təbii və emosional baxımdan dəstəkləyici prosesə çevirməkdir. Əsas diqqət körpənin doğular-doğulmaz anaya verilməsi və erkən təmasın təmin olunmasıdır. Erkən təmas ana ilə körpə arasında fiziki və mənəvi bağların qurulmasını sürətləndirir, südvermənin erkən başlanmasına təkan verir və ananın psixoloji rahatlığını artırır.
“Açıq pəncərə” effekti nədir və nə üçün istifadə olunur?
Mülayim qeysəriyyədə istifadə olunan “şəffaf pərdə” əslində əməliyyat örtüyünün üst hissəsində yerləşən şəffaf plastik pəncərədir. Adi qeysəriyyədə ana ilə əməliyyat sahəsi qalın örtüklə tam ayrılır və ana prosesin heç bir hissəsini görə bilmir. Mülayim qeysəriyyədə isə körpə çıxan anda ana öz körpəsini həmin şəffaf pəncərədən görə bilir. Sterillik qorunur, çünki cərrahın işlədiyi sahə yenə tam örtülü qalır. Bu vizual təmas ananın doğuş prosesinə aidlik hissini artırır və körpə ilə bağlanmanın ilk addımını formalaşdırır.
Mülayim qeysəriyyə hansı ölkələrdə tətbiq olunur?
Bu yanaşma ilk dəfə Böyük Britaniyada tətbiq olunub. Daha sonra Avstraliya, Kanada, Almaniya və Skandinaviya ölkələrində yayılıbdır. ABŞ-da “ailəməramlı qeysəriyyə” (family centered cesarean) kimi tanınır. Tətbiq səviyyəsi ölkələr arasında fərqlidir. Bəzi klinikalarda standart kimi qəbul edilib, bəzilərində isə seçilmiş pasiyentlər üçün tətbiq olunur.
Niyə mülayim qeysəriyyə üstün sayılır?
Mülayim qeysəriyyənin ən mühüm üstünlüyü erkən təmas və südvermənin daha uğurlu başlamasıdır. Körpə doğulan kimi dərhal ananın sinəsinə qoyulur. Bu dəri təması anada oksitosinin artmasına səbəb olur. Oksitosin südün axmasını sürətləndirir və anada sakitlik yaradır. Körpənin əmmə refleksi erkən aktivləşir. Bu, prolaktin hormonunun artmasına və süd istehsalının güclənməsinə gətirib çıxarır. Ana bədəni körpənin temperatur və şəkər səviyyəsini təbii şəkildə tənzimlədiyi üçün körpə enerjisini qoruyur və daha effektiv əmir. Bu amillərin hamısı südvermənin daha rahat və təbii başlanmasına kömək edir.
Mənfi tərəflər və çətinliklər
Mülayim keysəriyyə hər hamilə üçün uyğun olmaya bilər. Təcili doğuş, yüksək risk və ya körpənin reanimasiya ehtiyacı olduqda bu model tətbiq edilmir. Əməliyyat otağında neonatal həkimin iştirakı, əlavə personalın cəlb olunması və əməliyyatın logistikasının dəyişməsi də müəyyən çətinliklər yarada bilər. Bəzi həkimlər standart protokollardan kənara çıxmaq istəmədikləri üçün bu cür qeysəriyyəyə ehtiyatla yanaşır.
Azərbaycanda nədən daha az yayılıbdır?
Klinikalarda struktur dəyişiklik, personal hazırlığı və neonatoloqun doğuşda tam iştirakı tələb oluna bilər. Sterillikdən kənara çıxmaq qorxusu və məsuliyyət hissi mütəxəssislərin ehtiyatını artırır. Mülayim qeysəriyyə üçün aydın, rəsmi protokolların olmaması da prosesin həyata keçməsinin gecikməsinə səbəb olur.
Mülayim qeysəriyyənin artırılması üçün nə edilə bilər?
Bu model üçün təhlükəsiz protokolların hazırlanması və personalın qısa təlimlərdən keçməsi kifayət edir. Hamilələrin maarifləndirilməsi və doğuş planına mülayim qeysəriyyə seçiminin daxil edilməsi də vacibdir. Klinikalar daxilində bu yanaşmanın steril qaydalarla ziddiyyət təşkil etmədiyi barədə informasiya verilməsi mütəxəssislərin ehtiyat davranışını azalda bilər.
Erkən təmasın südverməyə təsiri
Körpənin doğuşdan sonrakı ilk bir saatda ananın sinəsinə yerləşdirilməsi südvermənin başlanması üçün ən vacib mərhələdir. Dəri təması anada oksitosin və prolaktinin təbii artımına səbəb olur. Bu hormonlar südün axmasını və istehsalını gücləndirir. Körpə ananın sinəsində özünü təhlükəsiz hiss edir, ürək döyüntüsü və tənəffüsü stabilləşir, enerjisi qorunur və daha güclü əmmə refleksi ilə qidalanır. Bu mexanizmlərin hamısı südvermənin uğurlu və davamlı olmasına müsbət təsir edir.
Müəllif: Zivər Eldarova
Ginekoloq