Əlavə qidaya keçərkən edilən 6 səhv
Praktikamızda həm müşahidə etdiklərimizə, həm də anaların bizə ünvanladığı suallara baxanda görürük ki, əlavə qidaya keçid dövründə anaların beynində çoxlu suallar yaranır. Əksər hallarda analar bu mərhələdə eyni yalnış fikirlərlə prosesi davam etdirirlər və bu da əlavə qidaya keçidi çətinləşdirə bilir. Elə buna görə də bu yazıda əlavə qidaya keçid edərkən anaların ən çox yol verdiyi səhvlərdən yazmaq istədik.
1.
Ən başlıca səhv yanaşma körpənin yaşı ilə əlaqədar olur. Körpənin hələ 6 ayı tamam olmamış ona əlavə qidalar daddırmaqdır. Körpənin 6 ayınadək hər hansı qidanı onun ağzına, dilinə sürtmək qəti şəkildə yolverilməzdir, ən azından ona görə ki, hər bir körpənin allergiyası ola bilər və ya ümumiyyətlə onun bədəni ana südündən, süni qidadan əlavə nəsə həzm etməyə hazır deyil. Bunu otura bilməyən uşağın oturmağa, gəzə bilməyən uşağı gəzdirməyə, iməkləməyən uşağı iməkləməyə məcbur edilməsi ilə müqayisə etmək olar. Necə ki, biz bu sadalananları körpə müəyyən inkişaf həddinə çatmayanadək etmirik, eləcə də ona əlavə qida verməməliyik. 6 aya çatmamış körpənin mədə-bağırsaq sistemi hələ əlavə qidaya hazır deyil və bu aylardakı körpələrə hətta yemək daddırmaq olmaz. Bu haqda ətraflı “Təsləməyə dəyərmi?” məqaləmizdə oxuya bilərsiniz.
2.
Anaların yol verdiyi yalnış yanaşmalardan biri də körpənin əlavə qidaya hazır olub-olmamasının əlamətlərini izləməməsidir. Hazırlıq əlamətləri olmadığı halda, yalnız təqvimə əsaslanaraq, körpələrini əlavə qidayla qidalandırmağa başlayırlar. Erkən doğulmuş körpələrə bu yanaşma daha çox ziyan vura bilər, çünki, bildiyimiz kimi, vaxtından öncə doğulmuş körpələrin hələ də ana bətnində “yetişəcəyi” müəyyən həftələr vardır. 40 həftəsində doğulmuş körpəyə 6 ayında artıq əlavə qida vermək olarsa, erkən doğulan körpənin isə doğum tarixinə əsasən əlavə qidaya keçirilməsi düzgün deyil və buna görə erkən doğulmuş körpələrin yaşı korrektə edilərək hesablanmalıdır. Körpənin doğum yaşı 6 aydırsa, biz onun ana bətnində keçirmədiyi həftələri də hesablamalıyıq. Erkən doğulmuş körpələrin əlavə qidaya digər körpələrdən daha gec, yəni 6 ayından sonra keçirilməsi daha məqsədə uyğundur. Rəqəmlər bu məsələdə şərti anlayışdır, və standartlar bir rəqəm olaraq deyil, minimal və ya maksimal yaş həddini göstərir. Buna görə 6 ay olaraq verilən yaş həddi də şərti bir rəqəmdir, bu haqda ətraflı məqaləmizi oxuya bilərsiniz.
Bu şərti rəqəm sadəcə onu göstərir ki, adətən 6 ayınadək körpələrin əksər hissəsi əlavə qidaya hazırlıq əlamətlərini göstərməyə başlayır. Bu, hansı əlamətlərdir? Birinci və ən vacib əlamət odur ki, körpə oturmağa başlayır, yəni qucaqda, ətrafına yastıq, mütəkkələr döşəməklə deyil, özü müəyyən müddət sərbəst şəkildə oturmağı bacarmalıdır. Növbəti əlamət körpənin bir və yaxud bir neçə dişinin olmağıdır. Digər əlamət körpənin əlini, barmaqlarını tutmaq bacarığıdır, yəni öz əli, iki barmağı ilə hər hansı bir qidanı götürüb ağzına qoymaq bacarığıdır. Burda həm kiçik motorika, həm də uşağın koordinasiya qabiliyyəti işə düşür, yəni körpə götürdüyünü ağzına qoya bilir. Növbəti əlamət körpənin ağzına qoyulan qidanı, istər yumşaq olsun, istər də qismən bərk olsun, dili ilə itələyib çıxarmamasıdır. Bu, əsas əlamətlərdir. Əgər ana bu əlamətləri görürsə, bu, deməkdir ki, onun körpəsi artıq əlavə maye və əlavə qida qəbuluna hazırdır.
3.
Ana-ataların və yaxud nənə-babaların əlavə qidaya dair gözləntiləri ifrat ola bilər, yəni valideynlər düşünə bilər ki, uşaq əlavə qidaya başlayıbsa, artıq o bir dəfəyə bir meyvənin və yaxud onun üçün hazırlanan hər hansı bir porsiya sıyığın yarısını və ya hamısını yeyə bilər, axı “qonşunun uşağı belə edir” və ya “filankəs uşaqlıqda belə edirdi”. Əslində bu gözləntilər ifrat şəkildə şişirdilmişdir, və bunu əlavə qidaya keçid edən valideynlər, xüsusən analar nəzərə almalıdır.
Əgər biz böyüklər bir meyvəni yeyib doya biliriksə, bu, demək deyil ki, bu miqdar uşağın da doyacağı porsiyadır. Məsələn, bir banan, bir alma, bir şaftalı, bir ərik əslində böyük adamın porsiyasıdır, və uşaq ola bilsin ki, onun yarısını, hətta üçdə birini, dörddə birini yesin. Yəni 6 ayından təxminən 1 yaşına kimi körpənin qəbul etdiyi porsiyanın miqdarı daha çox dadmağa bənzəyir. Çox vaxt analar bunu uşağın qidanı istəməməsi ilə səhv salır və bunu “qida ilə oynayır” kimi təsvir edirlər, yəni ağzına götürür, dadır, sanki yemək istəmir. Əslində isə bu onun düzgün əlavə qidaya keçid etməsi prosesidir.
Analara tövsiyəmiz odur ki, əgər siz uşağınızın qida normasını viziuallaşdırmaq, gözəyarı ölçmək istəyirsinizsə, onun yumruğunun ölçüsünə baxın, çünki körpə yumruğunun yarısı qədər mədəsini doldura bilər. Məsələn, hazırladığınız sıyıq onun yumruğu qədərdir, və yaxud ondan böyük həcmdədirsə, sözsüz ki, uşaq onu yeyə bilməz, hətta istəsə belə, yeyə bilməyəcək. Əksər hallarda uşaq ifrat dərəcədə yedizdirilir və sonra o qidanın qaytarır, çünki mədəsi o miqdarda qidanı qəbul etməyə hazır deyıl. Əlavə qidaya keçid dövrü yumşaq və düzgün olması üçün analar uşaqları səbirlə, az-az, addım-addım, müxtəlif rəngli, müxtəlif dadda qidalarla tanış etməyə hazır olmalıdır. Sözsüz ki, qida seçimi nə qədər sağlam olsa, o qədər yaxşıdır.
4.
Növbəti yalnış yanaşmalardan biri də əmizdirməni əlavə qida ilə əvəz etməkdir. Bu, ən çox rast gəlinən səhv düşüncələrdən biridir çünki, analar hesab edir ki, körpə əlavə qidaya keçdisə, artıq əmizdirmə dayanmalıdır – xeyr, bu belə deyil. Burda bir neçə məqam var. Birincisi unutmayaq ki, ana südü kalori tərkibinə, faydasına, zənginliyinə görə dünyanın heç bir qidası ilə müqayisə oluna bilməz, ona görə körpələrin daha çox doyması üçün ana südü almağı hələ də mütləqdir. Əlavə qida ana südünü əvəz etməməlidir. Adətən əlavə qida növləri körpə əmizdirildikdən sonra və yaxud əmizdirmələr arasında ona mikroporsiyalarla təklif olunur. Qısacası, əlavə qidalar əmizdirməyə toxunmadan rasiona daxil edilir.
Əks halda nələr baş verir ?
- Birincisi, körpənin çəkisi azalmağa başlayır, çünki siz hətta əlavə qidaya, məsələn sıyığa kərə yağı, müxtəlif kalorili zəngin ərzaqlar qatsanız belə, yenə də o qidanı ana südü qədər kalorili və doyumlu edə bilməyəcəksiniz, buna görə də körpələr daha az kalorili qida yedikcə onların çəkisində azalmalar müşahidə olunur. Əgər əlavə qidaya başladıqda körpə çəkidə itirirsə, deməli əlavə qidanın həcmi çox, əmizdirmələrin sayı azdır və nəticədə yaranan mənzərə heç də xoşa gələn deyil. Bu halda əmizdirmə artılırmalı, əlavə qida azaldılmalıdır.
- Diqqət edilməli digər bir nüans ondan ibarətdir ki, ana əmizdirməni azaltdıqca, əlavə qidanı artdırdıqca, onun südünün miqdarı azalmağa başlayır. Ona görə də müraciət edən anaların ən çox verdiyi suallardan biri: “Əlavə qidaya keçən zaman necə edim ki, südüm azalmasın?” olur. Bunun həll yolu isə əlavə qidaya keçərkən əmizdirmələrin sayını azaltmadan, olduğu kimi davam etməkdir.
- Həmçinin nəzərə almalıyıq ki, körpələrin 2 yaşına qədər ana südünə ehtiyacı var. Mütəxəssis Kelly Bonyatanın hesablamalarına əsasən, 6-7 aylıq körpənin 700-800 ml, (digər mənbələrdə isə 500-900 ml) ana südünə ehtiyacı var. 11-16 aylıq körpənin 550 ml, 12-24 aylıq körpələrin isə 400-500 ml ana südünə ehtiyacı olur. Burada həmçinin qeyd etmək lazımdır ki, 6 aydan yuxarı uşaqlar fəal şəkildə hərəkət etməyə, çönməyə başlayır, iməkləməyə cəhd edir, oturmağa çalışır, daha sonra isə yeriməyi öyrənir ki, bu da körpənin enerji tələbatını artırır. Yəni, körpənin hələ də güclü və tutumlu qidaya ehtiyacı var ki, bu qida da, sözsüz ki, ana südüdür. Ona görə əmizdirməni dayandırmadan əlavə qidaya keçmək daha məqsədəuyğundur.
5.
Daha bir yalnış yanaşma bizə keçmişdən zamanlarda insanların yaşayış şəraitindən miras qalıbdır ki, bu da yayda əlavə qidaya başlamamaqdır. Mütəxəssislər arasında da belə bir fərziyə var ki, əvvəllər soyuducular olmadığına görə yayda qidanın daha tez xarab olması səbəbi ilə zəhərlənmə halları çoxaldığına görə, uşaqları yay aylarında əlavə qidaya keçirmirdilər. Hazırda isə mağazalarda düzgün saxlanma qaydalarına riayət edilir, həm də hər evdə soyuducu var və biz qidanı evə gətirəndən sonra düzgün şəkildə saxlaya bilirik, buna görə də yayda əlavə qidaya başlamaq özündə heç bir təhlükə daşımır.
6.
Yalnış, lakin cəmiyyətdə qəbul edilmiş fikirlərdən biri odur ki, körpənin isti havalarda suya ehtiyacı var. Nədənsə, əksər insanlar düşünür ki, erkən yaşlı körpələrin (6 ayı tamam olmayan körpələrin) də böyüklər kimi isti havalarda əlavə mayeyə ehtiyacı var. Əslində isə əmizdirən anaların əksəriyyətinə də məlumdur ki, əmizdirmə prosesində körpə öncə su ilə bol (təxminən 88-90 faizi sudan ibarət olan) ön südü qəbul edir və yalnız sonra yağlı-arxa süd gəlir. Bunu süni qidayla qidalanan körpələrə də şamil etmək olar. Belə ki, süni qida ilə qidalanan körpənin rasionunda olan süni qida təlimatlara uyğun hazırlanıbsa və tərkibindəki su miqdarı normalara cavab verirsə, körpənin də əlavə suya ehtiyacı yoxdur.
Ölkəmizə xas olan iqlimdən daha sərt, quraq, isti, səhra iqlim şəraitində yaşayan uşaqlar üzərində aparılmış beynəlxalq araşdırmalar da təsdiq etmişdir ki, hətta yüksək quraqlıq olan iqlimlərdə 6 ayınadək körpələrin əlavə suya, mayeyə ehtiyacı yoxdur. Deməli, havalar isindikcə uşaqlara su, maye verilməsi səhv yanaşmadır. Havalar gözlənilmədən isti keçdikdə, çalışın uşağı daha tez-tez əmizdirin. Hətta bəzən görəcəksiniz ki, uşaq özü də əmizdirilməyə meyllidir və əmizdirilmələr də öz-özlüyündə qısa vaxt aralıqları ilə baş verir, bu da deməkdir ki, körpə sadəcə ön südlə susuzluğunu yatırmağa cəhd edir. Yəni, əgər biz körpənin tələbatına uyğun olaraq onu əmizdirsək, ona lazım olan miqdarda həm maye verib susuzluğunu yatızdıracayıq, həm də qidalandırıb toxluğunu təmin edəcəyik.
Gördüyünüz ki, yayda əlavə qidaya başlamağın təhlükəli olması fikrinin elmi əsası yoxdur və müasir dövrdə tam normal və tam təhlükəsiz şəkildə əlavə qidaya keçid etmək olar. Bundan əlavə, yay aylarında müxtəlif çeşidli meyvələr, tərəvəzlər bol olduğu üçün düşünürəm ki, körpə və onun ailəsi bu mövsümdən daha səmərəli və düzgün istifadə etməyi bacarmalıdır. Buna görə körpənizin 6-8 ayı yay aylarına düşərsə və siz onda əlavə qidaya hazırlıq əlamətlərini görərsinizsə, narahat olmağa dəyməz. Ümumi gigiyena və təmizlik qaydalarına riayət edərək əlavə qidaya başlaya bilərsiniz. Əlavə qidaya keçid zamanı anaların diqqət etməli olduğu əsas məqamlardan biri isə il boyu, xüsusən də yay aylarında gigiyenik qaydalara riayət etməkdir. Məsələn, qida bir dəfə qızdırılıb körpəyə verilməli, təkrar qızdırılmamalıdır, körpənin ağzına dəyən qaşıq təkrar yeməyə dəyirsə, həmin yemək saxlanılmamalıdır, həmçinin qidanın toxunduğu səthlər düzgün şəkildə dezinfeksiya olunmalıdır, ananın da, körpənin də əlləri təmiz olmalıdır, – bu elementar gigiyena qaydalarıdır. Bu mövzuda ətraflı məlumatı “Qida hazırlanma gigiyenası” adlı məqaləmizdə oxuyun.
Qısacası, bütün bu məqamlara riayət edilməlidir. Bu haqda daha geniş məlumatları Ana südü.az saytının “Əlavə qida” bölməsində tapa bilərsiniz.
Hazırladı: Səltənət Zülfüqarova
Əmizdirmə məsləhətçisi