Bir vaxtlar internetdə Reuters agentliyinə məxsus, 1999-cu ildə çəkilmiş əfsanəvi bir şəkil dolaşırdı. Şəkil belə adlanırdı: “Etnik alban qadın digər qaçqınlarla birgə yolda ikən övladını əmizdirir”. Bu şəkilə baxdıqda ana südünün həm sülh və həm də müharibə şəraitində ən yaxşı seçim olduğunu dərk etməmək mümkün deyildi.

Tarixə nəzər yetirsək, müharibələrin ana südünün arxa plana keçirilməsində böyük rol oynadığını görərik. Məsələn, II Dünya Mühribəsi zamanı tarixdə ilk dəfə olaraq qadınlar həqiqi işçi qüvvəsinə çevrildilər. Artıq təyyarələrin, bombaların, tankların və silah-sursatın hazırlanması üçün gecə-gündüz zavodlarda külüng çalan anaların öz övladlarını əmizdirməyə imkanı yox idi. Lakin, müharibələr bu gün də yalnız işləyən anaların özləri və övladlarına yox, həm də işləməyən anaların özləri və övladlarının sağlamlığına dağıdıcı təsir göstərir. “Müharibə xərclərinin azaldılması” kitabında 5 yaşdan kiçik uşaqların xəstəliklər səbəbi ilə böyüklərdən 2 dəfə daha çox həyatını itirdiyi qeyd olunub. Vankuver Universitetində həyata keçirilmiş araşdırmanın nəticələrinə əsasən, yalnız ana südü ilə qidalanan 6 aydan kiçik uşaqların süd yeməyən uşaqlarla müqayisədə ishaldan 7 dəfə daha az və pnevmoniyadan 5 dəfə daha az ölmə ehtimalı var. Pitsburq Universitetində həyata keçirilmiş araşdırmanın nəticələrinə əsasən isə məlum olub ki, bir qadın nə qədər çox əmizdirərsə, onun ürək tutması, infarkt və ya kardiovaskulyar xəstəliklər ehtimalı daha azdır. 1 ildən çox süd əmizdirmək bu riskləri 10% azaldır. Həmçinin südəmizdirmə döş xərçəngi, yumurtalıqların xərçəngi və 2-ci dərəcəli diabet xəstəliyinə yaxalanma riskini aşağı salır. Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq dənizi Regionu üzrə Qidalandırma Məsləhətçisi Doktor Kunal Bağçinin sözlərinə əsasən, ana südünün tərkibində fövqəladə hallarda uşaqları ishal və pnevmoniya kimi xəstəlklərdən qorunmağa kömək edən anticisimlərə malikdir.

Ümumiyyətlə südəmzdirmə, müharibə şəraitində, qaçqınlıq və məcburi köçkünlük zamanı və digər fövqəladə hallarda anaların və uşaqların həyatının xilasına səbəb olan əsas amil kimi nəzərdən keçirilir. Mütəxəssislər hesab edir ki, humanitar yardımla məşğul olan təşkilatların fövqəladə hallar zamanı süni qidaların paylaması ana və uşaqların həyatını təhlükəyə ata bilər və bu məqsədlə maarifləndirmə işləri aparılmalıdır. Stress və qeyri-kafi qidalanma səbəbi ilə qadınlarda süd ifrazını dayandığı barədə anlaşılmazlıqlar aradan qaldırılmalıdır. Südəmizdirmənin təşviqi və dəstəklənməsi, fövqəladə hallar zamanı insanlara yardım edən təcili yardım heyətləri və digər komandaların fəaliyyət planına daxil edilməlidir.

Fövqəladə hallarda uşaqların ölümünə əsas səbəb münaqişələrin və ya təbii fəlakətlərin özü yox, qida, təmiz su çatışmazlığı, qeyri-kafi tibbi xidmətlər və sanitariya və gigiyena şəraitidir. Süni qidalar daşınma, saxlanma zamanı korlana və nəticə etibarilə uşaqlarda zəhərlənməyə səbəb ola bilər.

Həmçinin, süni qidanın fövqəladə hal baş vermiş ərazilərə çatdırılması və paylaşdırılması vaxt aparan bir prosesdir. Ana südü daim əl altındadır.

Bundan əlavə, fövqəladə hallarda süni qidanı hazırlamaq üçün təmiz su tapmaq, onu qaynatmaq və uşağın yeyə biləcəyi dərəcəyə çatdırmaq o qədər də asan iş deyil. Ana südü isə daim eyni temperaturda ifraz olunur.

Ana südünün belə hallarda əlverişli olmasının səbəblərindən biri də odur ki, körpələr yarıyuxulu halda ikən ananın döşünü əmərək yenidən yuxuya dalırlar. Süni qidanın hazırlanması isə vaxt tələb edir və qida hazırlanana qədər yuxusu qaçan uşaq əsəbləri onsuz da tarıma çəkilmiş ana üçün əlavə əziyyətə çevrilir.

Beləliklə, qısa şəkildə fövqəladə hallar zamanı ana südü ilə əmizdirmənin üstünlüklərini belə sıralamaq olar:

– ana südü daim əl altındadır

– birbaşa döşdən içildiyi üçün hər hansı vasitələri sterilləşdirməyə ehtiyac yoxdur

– birbaşa döşdən içildiyi üçün qalıb xarab olma ehtimalı yoxdur

– təmiz su tapmağa ehtiyac yoxdur

– su qızdırmağa ehtiyac yoxdur

Fövqəladə hallarda ana keçirdiyi güclü stres səsəbi ilə “südünün qaçdığını” düşünə bilər. Lakin, süd frazında bu azalma müvəqqətidir və zaman keçdikcə sakitləşməyə çalışan ana südünün yenidən ifraz olduğunu görəcəkdir.

Ümumdünya Səhiyyə Təşkilatının digər həkimi Konstansa Vallenas de Villar bu məsələ haqqında aşağıdakıları deyir: “…əslində anaların stressli vəziyyətlərə düşdükləri üçün əmizdirə bilmədiklərini düşünmək yalandır. Əsas məsələ odur ki, onların dəstəyə ehtiyacı var. Digər bir geniş yayılmış yalnış fikir isə odur ki, analar qeyri-kafi qidalandığı üçün süd əmizdirə bilməzlər və ya südləri keyfiyyətsizdir. Bütün bunlar həqiqət deyil”.

“Südəmzidrməyə dair suallara cavabların məcmusu” 2003-cü il nəşrinin “Fövqəlada hallarda südəmizdirmə” fəslində qeyd olunub ki, araşdırmalara əsasən, bu hal ananın süd ifrazına və ya südün keyfiyyətinə yalnız o zaman təsir göstərə bilər ki, o, həftələr və ya aylar boyunca aclıq keçirsin (Perez-Escamilla 1995; Prentice 1994). Hətta belə olan halda da, aclıq keçirən ananı qida ilə təmin etmək, uşaqları süni qida ilə təmin etməkdən daha ucuz və daha sağlam bir strategiyadır. Fövqəladə hallarda fəlakət üz vermiş ərazilərdə övladlarını süddən kəsmiş və ya ümumiyyətlə süd əmizdirməmiş anaları relaktasiyaya təşviq etmək uşaq ölümlərinin qarşısını ala bilər (Helsing 1995; Jelliffe and Jelliffe 1977).

Bir sözlə, həyatına bu cür ağır başlanğıcla başlamış körpələrə daha parlaq gələcək fürsəti vermək üçün ana südü ən zəruri nemətdir. Körpələrin həyatı və sağlamlığı naminə ana südü dəyərincə qiymətləndirilməlidir.

Müəllif: Xumar Ərşadlı

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.