Anoreksiya kimi tanınan qida pozuntusu haqda bir çoxlarımız məlumatlıyıq. Anoreksiya – kökəlməyə əsassız qorxu hissi, eyni zamanda arıqlamağa güclü və dayanıqlı meyl illə səciyyələnir. Müalicəsi uzun müddətli və ağır somatik pozuntuqlar zamanı stasionar şəraitdə pəhriz müalicəsinin, psixoterapiyanın, ümumi möhkəmləndirici vasitələrin, trankvilizatorların, neyroleptiklərin və s. tətbiq edilməsi ilə həyata keçirilir. Məhfumundan göründüyü kimi kifayət qədər ciddi bir qida davranışı pozuntusudur.

Preqnoreksiya özülüyündə tibbi termin olmasa da, 2008-ci ildə kütləvi informasiya mənbələrində geniş vüsət almağa başlamışdır. Sözün kökü “pregnancy (ing. hamiləlik)” və “anorexia” sözlərinin birləşməsindən yaranmışdır. Bu hal ilk dəfə hamiləlikdə artıq çəkidən qorxaraq, ideal bədənə sahiblənmək və ya onu itirməkdən qorxan Nyü Yorklu qadınlarla əlaqələndirilmişdir. Preqnoreksiya özülüyündə xəstəlik və ya diaqnoz olmasa da, qadınların hamiləlikdə əlavə çəki yığmaqdan ifrat qorxusunu və ağır idman məşqlərinə dəyişiklik etməmək niyyəti ilə şərtləndirilir.

Preqnoreksiyanın ümumi simptomları və hamiləlikdə qida davranışı pozuntularının bir sıra göstəriciləri mövcuddur:

  • İdman məşqlərinin ifrat yorğunluq halına qədər davam etdirilməsi
  • İdman məşqlərinin yüngülləşdirilməməsi
  • Qida qəbulundə yasaqların mövcudluğu
  • Qeyri-ixtiyari kalorilərin hesablanması
  • İfrat qidalanma halları
  • Özünü qusdurma və ya qarınaçıcı dərmanların qəbulu
  • Əlavə çəki yığmaqda günahkarlıq və utanc hissi
  • Tək yemək
  • Gündə bir neçə dəfə tərəziyə çıxmaq
  • Hamiləlikdə çox az çəki yığmaq və ya ümumiyyətlə sabit çəkidə qalmaq
  • Bədən ölçü, forma və çəkisi ilə bağlı qorxulara qapılmaq
  • Xroniki yorğunluq
  • Başgicəllənmələri
  • Ailə və dostlarla olmaqdan qaçmaq
  • Planlaşdırılmış həkim müayinələrindən qəsdən yayınmaq
  • Bətndə böyüyən uşaqla bağlılıq hissinin olmaması

Mütəxəssislər qeyd edirlər ki, bütün yuxarıda sadalananların mövcudluğu hamilələrdə depressiya, körpənin və özünün səhhəti ilə bağlı təlaş və ifrat qorxu hisslərinin artmasına gətirib çıxara bilər. Hamiləlik özlüyündə mürəkkəb hormonal və fiziki dəyişikliklərlə müşayiət olunan həssas bir dönəmdir. Hər bir qadın bu dövrü özünə məxsus tərzdə çətinliklərlə və dəyişikliklərlə keçirə bilir. İctimaiyyətin həmçinin ailə üzvlərinin qadınlardan hamiləlik dövründə arıq, baxımlı, yüksək əhvalda və bütün hamiləliyi fiziki fəal keçirmək gözləntisi düzgün deyil. Hamiləliyin hər trimesterinin özünəməxsus çətinlikləri və dəyişiklikləri uydurma deyil. Yuxululuq, ürəkbulanması, dəri problemləri, yeməklərə və qoxulara həssaslıq, bədənin əlavə çəki yığması, hərəkətlərin ləngliyi və yöndəmsizliyi, bədəndə, əl və ayaqlarda şişkinliyin yaranması, karbohidratlara xüsusən şirniyyata meyliliyin artması, hormonal əhval dəyişkənliyi, sentimentallıq, həftədən-həftəyə və aydan-aya körpə böyüdükcə gələcək ananın bədənində ağıqlıq hissinin artması və s. hamiləliyin “gözəlliklərindəndir”. Bütün bu halların bir çoxundan keçən qadın üçün baxımlı və arıq qalmaq fikri bir kabusa çevrilir.

Sosial şəbəkələrdə göstərilən “ideal” hamilə bədəni, fiziki fəal həyat tərzi və ya miniatur hamiləlik geyimləri, reklamlarda hamilə rolunda bəzən heç hamilə olmayan arıq qadınların çəkilməsi bir neçə ildir ki, artıq ictimai bir normaya çevrildiyindən qadınların əksər hissəsi xarici görkəmi ilə bağlı təzyiqlərə tab gətirə bilimirlər. Bu tendensiya daha çox qadını daha çox preqnoreksiya davranışlarına sürükləyir.

Psixiatr Leela Magavi qeyd edir ki, hamiləlikdə qidasının miqdarını qısnayan və ağır məşqlərlə özünü yükləyən qadınlar ifrat yorğunluq, başgicəllənmə, ürəkgetmə halları yaşayırlar. Həmçinin məşqlər vaxtı itirilən lakin kasad qida rasionu ilə lazımlı qidalandırıcıların təmin edilməməsi uzun çəkən doğuş və hətta hamiləliyin yarımçıq qalması və düşük risklərini artırır. Anada sümüklərin zəifləməsi, döldə inkişaf və böyümənin ləngiməsi və hətta qidanın çatışmazlığına görə azçəkili və zəif doğulması halları gözləniləndir. Körpədə xəstəliklərin və inkişaf problemlərinin izlənməsindən əlavə əmizdirmədə də ciddi çətinliklər baş verə bilir.

Preqnoreksiyanın səbəbilə əmizdirmə ilə bağlı çətinliklər iki istiqamətdə-ana və körpədə sezilə bilir:

  • Ananın məhdud qidası ilə kasad qidalandırıcılar deposunun toplanması
  • Zahılıqda fiziki bərpanın və sağalmanın gec getməsi əmizdirmənin erkən başlanğıcına maneələr yaradır.
  • Ananın preqnoreksik yanaşmasının hamiləlikdən sonra zahılıqda da davam etməsi
  • Ananın xarici görkəmi ilə bağlı depressiv fikirlərə qapılması fonunda uşağa maraq və meylin az olması və ya olmaması.
  • Körpənin azçəkili doğulması səbəbilə döş əmməsinin zəifliyi və ya mümkünsüzlüyü.
  • Körpədə kifayət qədər yanaq piyinin olmaması və bunun səbəbilə giləni ağızda saxlaya və balanslaşdıra bilməməsi.
  • Körpənin xəstə və zəif doğulması səbəbilə əlavə neonatal qayğıya ehtiyacı və bir başa döşdən əmmə məhdudiyyətlərinin qoyulması.

Sonda sual yaranır: Həqiqətənmi, hamiləlikdə normal həddə yığılan əlavə çəki gərəklidir? Beynəlxalq tibbi normalara əsasən qadının hamiləlikdə yığdığı çəki özünün və körpənin sağlamlığına bir başa təsiri var. Mütəxəssislərə görə 5-18 kq arasında əlavə çəkinin yığılması tamamilə normal hesab edilir. Ana ilk növbədə özünün səhhətinə və qəbul olunmuş fizioloji normalar çərçivəsində hamiləlik artımına fikir verməli və planlaşdırılmış müayinələrinə etinasızlıq göstərməməlidir.

Müəllif: Səltənət Zülfüqarova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.