Qarışıq qidalanan körpə dedikdə, ana südü ilə əmizdirilən lakin ana südünün çatışmamazlığı səbəbindən əlavə olaraq sağılmış və ya süni qida ilə qidalandırılan körpə nəzərdə tutulur. Məqalədə qarışıq qidalandırılan körpənin rasionundan süni qidanın tamamilə çıxarılmasına dair tədbirlər qeyd edilibdir.

İlk öncə körpəni tez-tez döşə qoyun. Körpəni gün ərzində ən azı təqribən 10 dəfə əmizdirin. Əgər körpə yaxşı əmmirsə, əmizdirmə məsləhətçinizə müraciət edin.

Körpənin rasionunda süni qidanın azaldılması və kəsilməsi üsulları
Qarışıq qidalanan körpələri süni qidadan qəfil kəsməyin – bu tədrici bir proses olmalıdır və aşağıdakı mərhələlərdən keçməlidir:

1. Hazırlıq: Körpənin həkimi ilə danışın və onun da məsləhətlərindən yararlanın. Körpənin gün ərzində döşdənkənar nə qədər qida qəbul etdiyini müəyyən etmək üçün qəbul etdiyi qidanın miqdarını qeyd edin. Mümkündürsə, döşdənkənar qidalanma zamanı sağılmış südünüzdən istifadə edin. Əgər kifayət qədər sağılmış südünüz yoxdursa, donor südündən (həmçinin süd anasından) və ya süni uşaq qidasından istifadə edin.

2. 1-3-cü günlər: Süni qidanın miqdarını 30 ml azaldın. Nəzərə alın ki, siz hər qida zamanı yox, gün ərzində 30 ml azaltmalısınız. Körpənin yaş və çirkli bezlərini sayın. Əgər bezlərin sayı kifayət qədərdirsə, onda hər gün azaltdığınız miqdarı yenidən artırmayın – əgər körpə daha çox yemək istəyirsə, onu əmizdirin.

3. 4-6-cı günlər: Süni qidanın cari miqdarını daha 30 ml azaldın. Körpənin yaş və çirkli bezlərini sayın. Əgər bezlərin sayı kifayət qədərdirsə, onda hər gün azaltdığınız miqdarı yenidən artırmayın – əgər körpə daha çox yemək istəyirsə, onu əmizdirin.

4. 7-9-cu günlər: Süni qidanın cari miqdarını daha 30-60 ml azaldın. Körpənin yaş və çirkli bezlərini sayın. Əgər bezlərin sayı kifayət qədərdirsə, onda hər gün azaltdığınız miqdarı yenidən artırmayın – əgər körpə daha çox yemək istəyirsə, onu əmizdirin.

5.Əgər körpənin yaş və çirkli bezlərinin sayı kifayət qədərdirsə və çəkisi onun kifayət qədər süd əmdiyini göstərirsə, hər 2-3 gündən bir döşdənkənar qidanın miqdarını tədricən azaltmaqla, yuxarıda göstərilən üsula davam edin. Döşdən kənar qidanın yalnız sağılmış süd (süni uşaq qidası yox) olduğu məqama çatanda, daha sürətlə irəliləyə bilərsiniz – bu məqamda siz körpəniz üçün kifayət qədər süd ifraz edirsiniz və körpənizin südü artıq anadan ayrı olmadığı zamanda yalnız döşdən əmməsinə öyrəşdirməyə başlayın.

6. Əgər körpənin çəki artımı və ya yaş və çirkli bezlərinin sayı ən son həddədirsə və ya kifayət qədər deyilsə, o zaman döşdən kənar sağılaraq verdiyiniz südün miqdarını bir neçə gün eyni saxlamaqla davam edin və ya əvvəlki döşdənkənar qida miqdarı səviyyəsinə qayıdın və daha aşağı templə davam edin.

7. Körpənin artımına nəzarət edin. Onun kifayət qədər çəki yığdığına əmin olmaq üçün, həftədə ən az bir dəfə çəkin. Körpə tamamilə döşə qayıtdıqdan bir həftə sonra çəkisini ölçün ki, vəziyyətin qaydasında olduğuna əmin olasınız. Bütün proses boyunca, körpənin həkimi ilə əlaqədə olun.

Artım cədvəli burada(Qız üçün artım cədvəli – Oğlan üçün artım cədvəli).

Süd ehtiyatını artırmaq üçün südünüzü sağın
Südü sağmaq, sizə süd ehtiyatınızı daha tez artırmağa kömək edəcəkdir. Üstəlik, siz döşdənkənar qida kimi süni uşaq qidasından yox, südünüzdən istifadə etmiş olacaqsınız. Sizin süd sağmaqda məqsədiniz, döşlərinizdən daha çox süd çıxarmaq və/və ya döşlərinizi daha tez-tez boşaltmaqdır. Nə qədər çox süd çıxarsanız, bir o qədər çox süd ifraz etmiş olacaqsınız.

Xəstəxanalar üçün nəzərdə tutulmuş ikili südsağan vaxtınıza qənaət edəcək və südsağma səylərinizi artıracaqdır.
Süd ehtiyatınız yaxşı bərpa olunana qədər, 24 saat ərzində ən az 8 yaxşı əmizdirmə və/və ya südsağma sessiyasının olması vacibdir. Gün ərzində 10 sessiya lap yaxşı olar.

Əgər körpə əmmirsə, 20-30 dəqiqə ərzində və ya son süd damlasından sonra 2-5 dəqiqə ərzində sağın.
Əgər körpə südü əmirsə, lakin döşü yaxşı yumşaltmırsa, əmizdirmədən sonra 10-15 dəqiqə ərzində südünüzü sağın. Əgər körpə döşü yaxşı yumşaldırsa, o zaman əmizdirmələr arasında da südü sağmağın sizə böyük köməyi dəyəcəkdir.

Hər sessiya zamanı döşlərinizi mümkün qədər çox boşaldın. Südsağanın döşünüzdən kifayət qədər süd sağdığına əmin olmaq üçün, son süd damlasından sonra 2-5 dəqiqə sağmağa davam edin. Döşləri yaxşı boşaltmaq və yaxşı süd sağmaq üçün massajdan istifadə edin.

 [notification type=”notification_info” ]Bu, döşdən kənar qidalandırmaların azaldılması üsulu Kathy Kuhn məxsusdur – təşəkkürlər Kathy![/notification]

Müəllif: Kelly Bonyata
Mənbə: www.kellymom.com
Tərcümə: Xumar Ərşadlı

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.