Müqəddəs Quranın ən-Nisə surəsi, 23-cü ayəsi: “Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.”
Süd qohumluğuna görə evlənmək qadağan olunan qadınlardan Uca Allah təkcə süd analarını və süd bacılarını qeyd edir. Nəzərə alsaq ki, qadının südü ərinin mülkiyyətinə aiddir, buradan aydın olur ki, süd anasının əri, əmizdirilmiş uşağın süd atası olur. Əgər süd anası və süd atası müəyyən edilmişsə, onda süd valideynlərinin qardaşları və bacıları və həmçinin yüksələn və enən xətlər üzrə birbaşa qohumları əmizdirilən uşağın süd qohumları olurlar.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Qan qohumluğu ilə bağlı olan bütün qadağalar həmçinin süd qohumluğuna da şamildir”. Süd qohumluğu ilə bağlı qadağalar, qan qohumluğu ilə bağlı olan qadağalar kimi, süd valideynlərinin qohumlarına da aiddir, amma süd uşaqlarının qohumları arasında onlar təkcə uşaqların törəmələrinə aiddir. Lakin süd qohumluğunun vacib şərti uşağın həyatının ilk iki ili ərzində beş dəfə əmizdirilməsidir. Evlənməyi haram edən südəmmənin miqdarına gəldikdə
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: “Bir iki dəfə süd vermək və ya süd əmmək haram etmir”. Digər hədisdə isə Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə rəvayət edilir: “Süd əmizdirmə müddətində və süddən kəsilmədən öncə, mədəni dolduran südvermə haram (məhrəm) edir”. (Əmizdirmənin islami ədəbləri haqqında daha ətraflı buradan oxuyun.)
Südəmər tərəfdən qohumlara gəlincə, burada haramlıq süd əmənin nəslinə məxsusdur. Süd əmən uşağın doğma atası, anası və onlar tərəfdən olan qohumları bu qadağaya daxil deyillər.
Bu əsasla süd anası doğma ana kimidir. Oğlan uşağına ana tərəfdən nəsəb səbəbi ilə haram olanlar, süd əlaqəsi səbəbi ilə də haramdır. Beləliklə süd əmən oğlan uşağı bu qrup qadınlarla evlənə bilməz:
1. Süd anası.
2. Süd anasının anası.
3. Süd anasının qayınanası.
4. Süd anasının bacısı.
5. Süd anasının ərinin bacısı (baldız).
6. Süd anasının oğul və qız nəvələri.
7. Süd anasının qızı (süd bacısı).
Bu qaydaya görə süd atası da doğma ata kimidir. Eynilə qız uşağına ata tərəfdən nəsəb səbəbilə haram olanlar, süd əlaqəsi səbəbilə də haramdır. Beləliklə süd əmən qız uşağı böyüyəndə süd atasının analoji olaraq yuxarıdakı kimi süd qohumları olan kişilərlə ailə həyatı qura bilməz.
Qan qohumluğu ilə bağlı olan qadağalar nikah məsələlərində süd qohumluğuna şamil edilsə də, miras məsələlərində süd qohumları arasında heç bir vərəsəlik haqqları yoxdur. Yəni süd valideynlərininin ölümündən sonra süd uşaqlarına heç bir miras verilmir, həmçinin süd-bacı qardaşları arasında da eynilə. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Mirası, ona haqqı çatanlara verin. Nə qalarsa, onu yaxın qohum olan kişiyə verin.” Hətta əgər süd valideynlərinin öləndən sonra miraslarına haqqı çatan kimsə qalmayıbsa belə, süd uşaqlarına miras verilmir. (anasüdü.az saytı tərəfindən əlavə)
Mənbə: www.islamevi.az