Əmizdirənin oruc tutması. Sağlamlıq mütəxəssisindən ipucları
Öncədən qeyd edək ki, bu məqalədə Ramazan orucu ilə bağlı verilən məlumatlardan yalnız əmizdirən ana yox, həmçinin bütün ailə üzvləri də yararlana bilərlər. Əmizdirən ana digər oruc tutan insanlara nisbətdə daha həssas dönəm yaşadığından nisbətən çox qayğıya layiqdir. Onun qidalanması sadəcə bir qadının səhhətinə deyil, həmçinin onun qidalandırdığı körpəyə də təsir etməkdədir. Ana aşağıda sadalanan məqamları tətbiq etməklə orucunu asanlaşdırmaq üçün səbəblərə söykənə bilər.
Qidalanma mütəxəssisləri arasında oruc iki növ təsnif edilir: müalicəvi (terapevtik) və dini oruc. Qeyd edilən “müalicəvi oruc” zamanı bir az meyvə və çoxlu su qəbul etmək tövsiyə olunur. Bəzi insanlar “müalicəvi oruca” başlamazdan əvvəl parazit və ya yoğun bağırsaq təmizləmə terapiyası alırlar, digər zəhərli qalıqları təmizləmək üçün isə ağır metalların böyrəklər, qaraciyər və öd kisəsində təmizlənməsini həyata keçirirlər. Sağlam həyat tərzini seçmiş bəzi insanlar adətən yeməkdən əvvəl bədənin ifrazına vaxt vermək və yalnız bədənin tələb etdiyi qədər yemək üçün bunu edirlər. Bədənin qidanı həzm etməyə sərf etdiyi enerji azaldığından “müalicəvi oruca” alışmış insanlar özlərini daha yüngül və gümrah hiss edə bilirlər.
Dini oruc (bundan sonra məqaləmizdə sadəcə “oruc” kimi yazılacaq) sözsüz ki, həm tərzinə, həm də oruc tutanın niyyətinə görə müalicəvi orucdan fərqlənir.
Orucluq – Allaha ibadət məqsədi ilə dan yeri söküləndən gün batana kimi onu batil edən (pozan) şeylərdən özünü qorumaqdır. Orucluq Allahın öz qullarına buyurduğu böyük ibadətlərdəndir. Əməlisaleh bəndə nəfsinə güc gələrək axirət yurduna, onun gözəl nemətlərinə can atır və o, əbədi həyata özünü təmizləyərək hazırlayır. Sevinc hissi ilə aclıq və susuzluğu qarşılayır, ehtiyac içində olanların vəziyyətini hiss edir, nəfsini dünya ləzzətlərindən: yemək-içmək, eləcə də Allaha asi olmaqdan qoruyaraq şeytanın yollarını bağlayır. Bəndə bədənini və ruhunu itaətsizlikdən qoruyaraq onları cilovlayır. Oruc aləmlərin Rəbbi Allah xatirinə tutulur. Oruc tutan heç nə etmir, o, nəfsini həzz aldığı şəhvətdən, yemək-içməkdən çəkindirərək Allahı sevdiyinə görə özünü qoruyur. Oruc – qul ilə Rəbbi arasında olan bir sirdir. Elə bir sirr ki, onu Allah və qulundan başqa heç kəs bilmir.
Uzun illər sağlamlıqla bağlı araşdırmaların müəllifi kimi tanınan araşdırmaçı-alim Sue Visser Ramazan orucu haqqında olan məqaləsində belə yazır:
Hamımız bilirik ki, Ramazan ayında gündəlik oruc tutmaq bizim üçün faydalıdır. Bəs gün batımından gün çıxana qədər nə baş verir? Hər kəs tərkibində çoxlu şəkər, ağ un və bitki yağı olan ənənəvi, sağlam olmayan sevimli yeməklərdən imtina etmir! Xüsusi günlər üçün bəhanələr uydururuq, amma insulin tənzimləyici mexanizmimiz bunu başa düşmür! Bədənin sabit bir metabolik dövrü var və hər bir ifraz mərhələsi növbəti qida qəbulundan əvvəl tamamlanmalıdır. Təmiz və sağlam bədənə, nizamlı qidalanma vərdişlərinə sahib insanların Ramazanla bağlı heç bir problemi yoxdur. Hər səhər sahurda düzgün qidaları seçib su səviyyəsini tarazlaşdıraraq başlamaq, axşam iftarda isə düzgün qidaları seçmək ertəsi gün üçün maddələr mübadiləsinə heç bir yük yaratmır. İnsanların aclıq hiss etməsinin əsas səbəbi qidalarının bədənin ehtiyac duyduğu qidaya çevrilməməsidir. Lazımi qidaları düzgün vaxtda qəbul etməmək həzm sisteminin düzgün işləməməsinə gətirib çıxarır. Ramazan ayında bəzi insanlar kökəlməklərindən şikayətlənirlər. Bunun səbəbini gün batdıqdan sonra yedikləri qida miqdarında axtarmalıdırlar. İfratdan sonrakı vaxt o qədər də aktiv olmayan, idman və fiziki əməklə məşğul olmadığımız bir vaxtdır.
Ramazan ayı boyunca özümüzü daha rahat hiss etmək və ibadətə köklənmək üçün hansı hazırlıq tədbirləri edə bilərik?
Həm din, həm də sağlamlıq üzrə mütəxəssislər qeyd edirlər ki, oruc üçün öncədən edilən hazırlıqlar müsbət nəticələrdə özünü biruzə verəcəkdir. Ramazan orucunu tutmaqda narahatlıq və çətinliklərin səbəbinə daha ətraflı baxmaq məqsədəuyğundur. Sue Visser bunların kökündə duran bir sıra problemlər siyahısına nəzər salmağı təklif edir:
- Öncədən Ramazana hazırlığın edilməməsi: ilboyu oruc tutmaq vərdişini inkişaf etdirməmək. Bildiyimiz kimi orucun iki növü var: vacib və müstəhəb. Vacib oruca – Ramazan orucu, kəffarə və nəzir orucları daxildir. Müstəhəb oruc isə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ilin, ayın və həftənin müəyyən günləri tutduğu oruclardır.
- Yalnış rejim: düzgün təşkil olunmamış yuxu və qida rejimi tərtib etməmək. Axşam saatlarında ağır və ifrat miqdarda qidalanmaq. Sahura durmaqda etinasızlıq etmək və hətta sahuru ötürmək. Bir çox insan son dəqiqəyə qədər yatmağı üstün tutur, sonra da oyanan kimi yeməyə hücum edir.
- Kasad tərkibli qida: çoxlu şəkərli, nişastalı və yağlı yeməklər yemək. Yaşıl tərəvəzlər, təzə salatlar və meyvələri kifayət qədər yeməmək.
- Kaffeinli içkilərlə ifrata varmaq: qara çay, qəhvə, kola hətta yaşıl çay bədənin dehidrasiyasını yəni susuzlaşmasını artırır.
- Sahurda nişastalı və karbohidratlı qidalara üstünlük vermək: tezdən çoxlu nişasta yemək və meyvələrə üstünlük verməmək. Unutmayaq ki, nişastalı qidanı həzm etmək üçün bədənimizə 3 dəfə daha çox su tələb olunur. Karbohidratlar xolesterol səviyyəmizi artırır, çoxlu insulin tələb edir və bu da öz növbəsində gün ərzində daha çox aclıq hissi və şəkər istəyi yaradır.
- Yorğunluq əsas şikayətlərdən biridir: bədənin piy toxumalarında və qaraciyərdə beynin işləməsi üçün lazım olan və orucu kompensasiya edəcək dərəcədə qlikogen tədarükü var. Təəssüf ki, qanda kalium çatışmazlığı varsa, bu, qan dövranına buraxılmayacaq. Nəticədə ifrat yorğunluq özünü biruzə veəcəkdir. Bu səbəbdən mineralların iftar və sahurda qidalandırıcı ərzaqlarla bərpası mütləqdir.
- Qəbizlik. Meyvə və tərəvəz həqiqətən sağlamlığımızda faydalandığımız ünsürlərdəndir. Bu səbəbdən sağlam qidalar ümumiyyətlə yerini tortlara, şirniyyatlara və nişastalı qidalara verməməlidir. Qəbizliyin olmaması üçün mayenin optimal miqdarda qəbulu da mütləqdir.
- İftarı düzgün etməmək: Oruc təmiz su, xurma, yüngül təzə meyvə və tərəvəzlə açılırsa, yatmazdan əvvəl qaraciyərə və həzm sisteminə yük yaranmayacaqdır. Təəssüf ki, əksəriyyətdə gecə ərzində ağır qidalar, bol şirniyyatlar yemək istəyi müşahidə olunur. Bu da səhəri gün baş ağrıları və miqrenlə bağlı gündəlik şikayətləri eşitməyimizin səbəblərini izah edir; şirin qidalar, çoxlu ağ un və rafinə edilmiş karbohidratlardan olan qidaları yeməkdən qaynaqlanır.
Hazırladı: Səltənət Zülfüqarova
