1 yaşından böyük, bütün gecə süd əmmək istəyən uşaqlara
11 alternativ

Gecə tez-tez süd əmmək, yüksək tələbatlı körpələr üçün səciyyəvidir. Bunu, sevimli bir restoranda yeməyə bənzətmək olar. Sakit abu-hava, zövqünüzə yaxşı bələd olan ofisiant, ləzzətli yeməklər və effektiv menecment. Həyat gözəldir! Heç gecə qurmanından incimək olarmı?

Bu problemin həlli yolunu axtarmazdan əvvəl, özünüzdən sual verin, həqiqətənmi gecə əmizdirmələri problemdir? Bu dövr öz-özünə keçib gedəcəkdir. Bir gün, tezliklə, körpəniz daha bütün gecəni süd əmməyəcək və hər ikiniz səhərə qədər yatacaqsınız.

Amma əgər siz gecə həddən artıq narahat yatır və növbəti gün güclə ayaq üstə durursunuzsa, gecəyə, “gecə valideynliyinə” və gecələr körpənin özünə nifrət edirsinizsə və bu səbəbdən, ailənin digər üzvləri ilə münasibətləriniz korlanırsa, gecə əmizdirmələri cədvəlinə düzəlişlər etməyin zamanıdır. İllər öncə həyatımıza daxil etdiyimiz qayda budur: “Nifrət edirsənsə, dəyişdir”.

Körpənin səhərə qədər yatmasına nail olmasanız da, ona daha az süd əmməyi öyrətməyə yardım edə, bununla da öz vəziyyətinizi daha da asanlaşdıra bilərsiniz. Aşağıdakı 11 çözümdən istifadə edin:

1. Gündüz daha çox əmizdirin
Bir yaşdan sonra uşaqlar ana südünü həddən artıq sevir, lakin gündüzlər onların o qədər vacib işləri olur ki, tez-tez süd əmmək yadlarından çıxır. Və ya ananın o qədər vacib işləri olur ki, o körpəsini əmizdirməyi unudur. Amma gecə isə – budur ana! Lap yaxınlıqda! Və körpə gündüzlər ala bilmədiklərinin yerini doldurmaq istəyir (Bu, adətən ana işə çıxdıqda baş verir). Gündüzlər daha çox əmizdirmə, gecə körpənin daha az süd istəməsi ilə nəticələnə bilər.

2. Gündüzlər taktil təmasların sayını artırın
Körpəni slinqdə və ya digər şəkildə qucaqda gəzdirin, onunla daha çox bədən təmasında olun. Körpə böyüdükcə, siz özünüz də hiss etmədən, aranızdak məsafəni kəskin şəkildə artıra bilərsiniz. Körpənin gecə tez-tez süd əmməsi o deməkdir ki, ona ananın verdiyindən daha az “müstəqillik” lazımdır. Sağlam müstəqillik səviyyəsi təbii şəkildə formaladıqca, körpə gah “gedir”, gah “qayıdır”, gah “buraxır”, gah “yapışır” və beləliklə addım-addım, tədricən “getmək” dövrləri çoxalır, “yapışmaq” dövrləri azalır. Bir çox analar diqqət yetiribdir ki, körpələr hər yeni inkişaf mərhələsində, yeni bir bacarığa yiyələnəndə, məsələn iməkləməyi və ya yeriməyi öyrənəndə, analarına daha çox “yapışmaq” istəyi nümayiş etdirir və tez-tez süd əmmək istəyirlər.

3. Özünüz yatmazdan əvvəl körpəni oyadıb, onu yaxşıca əmizdirin
Yatıb, 1-2 saat sonra süd əmizdirmək üçün oyanmaq yerinə, özünüz yatmazdan əvvəl körpənizi əmizdirin. Beləliklə, ümid edirik ki, siz bir dəfə az oyanmış olacaq və bir bölünməmiş yuxu mərhələsini tam yatmış olacaqsınız.

4. Körpəni digər yuxuya getmə vasitələrinə alışdırın
Körpəni slinqdə gəzdirmək olar. Əmizdirmədən sonra, lakin körpə yuxuya getməzdən əvvəl, onu slinqə qoyun və evin içində və ya həyətdə gəzdirin. O dərin yuxuya gedəndə isə, çarpayısına qoyun. Körpəni slinqdə atası da gəzdirə və beləliklə axşam qrafikinin bir hissəsini öz üzərinə götürə bilər. Körpə, atası ilə yuxusunu assosiasiya edəcək və beləliklə gecə oyandıqda, döşə alternativ olaraq bunu daha həvəslə qəbul edəcəkdir. Slinqdən əlavə, körpəni döşsüz yatızdırmaq üsullarından da istifadə edə bilərsiniz: belini qaşımaq,massaj etmək, laylay demək, qolda yırğalamaq, qaranlıq otaqda yelləmək.

5. Körpə döşdə yatdısa, döşün giləsinin onun ağzından çıxarıb gecə köynəyinizi geyinin
Geyimli yatın. Körpə döşü axtarıb tapmasa, yuxuya gedə bilər. Əgər süd əmizdirdikdən sonra özünüz hələ yatmamısınızsa və döşü gizlətməyi unutmamısınızsa, bəlkə də o hələ döşdən belə tez yapışmayacaqdır.

6. “Məməşlər” də yatır
12-18 aylar arası yaşda olan körpələr, sadə cümlələri başa düşə bilərlər. Bu sözlərlə körpəyə izah edin ki, əgər o gecə oyansa, ona süd verilməyəcək: “Mən səni, gün çıxanda əmizdirəcəm”. Əsas odur ki, körpə “bayır qaranlıqdır” və “mətbəxin qapısı bağlıdır” anlayışları arasındakı fərqi anlasın (amma məsələn, yuxudan əvvəlki əmizdirmə istisna olmaqla).Körpəni çarpayıda yox, kürsüdə də əmizdirmək olar ki, o çarpayını əmizdirmə ilə assosasiya etməsin. Elə bilməyin ki, hər şey belə asandır. Bir neçə “şən” gecəniz olacaqdır. Lakin, bu, ağlamağa şərait yaratmaq kimi olmamalıdır. Siz körpənizin yanında olacaq, onu tək qoymayacaq və o sizə olan inamını itirməyəcəkdir.
Siz körpə yatmazdan əvvəl onu əmizdirəndə (və ya birinci və ya ikinci gecə əmizdirməsi zamanı), o yuxuya getməzdən əvvəl ona təkrar edin: “ana gedir yatmağa, ata gedir yatmağa. hamı gedir yatmağa, məməşlər də gedir yatmağa” (“yatmağa” və “məməşlər” sözlərini, ailənizdə qəbul olunmuş terminlərlə əvəzləyə bilərsiniz). Körpə gecə oyananda, ona nəvazişlə xatırladın ki, “məməşlər yatmağa gedib. Balam da yatsın”. Bu proqramın yeridilməsinə bir neçə həftə təkrar tələb oluna bilər. Körpə anlamalıdır ki, gündüz yemək yeyirlər, gecə isə yatırlar. Əgər “məməşlər” inadla “yatmağa getsələr”, körpə də nəticə etibarilə yatacaqdır. Bu modelin möhkəmləndirilməsi üçün, belə bir ideyadan istifadə edin: süd əmmədən, özləri yatan uşaqların şəkillərini çap etdirin. Gün ərzində bu şəkillərə baxın və körpələrin necə “məməşsiz” yatdıqlarını körpənizlə müzakirə edin.

7. Əvəz təklif etmək
Yüksək tələbatlı uşaqları aldatmaq o qədər asan deyil. Onlar döşün əvəzinə təklif olunanları elə də asanlıqla qəbul etmirlər. Lakin, cəhd eləmək olar. Yadda saxlayın, “əzizləmək”, heç də həmişə “süd əmizdirmək” demək deyil. Elə şərait yaradın ki, həyat yoldaşınız da valideynlik sevncini sizinlə paylaşsın ki, uşaq əzizlənməni təkcə əmizdirmə şəklində qavramasın. Ata uşağın gecə sakitləşdirilməsi üçün öz üsullar sistemini işləyib hazırlaya, uşaq isə münasib gecə “sakitləşdiricilərinin” siyahısını artıra bilər.
Müəllifin qeydləri: uşağın çox süd əmmək istədiyi dövrə tab gətirmək üsullarımızdan biri, növbə dəyişmək idi. Bill Stiveni slinqdə gəzdirirdi və Stiven o şəkildə yatmağa öyrəşdi. Stiven oyananda, Bill onu özü sakitləşdirirdi, qucağına alırdı, yellədirdi, laylay çalır və oyuncaq ayısını verirdi. “Dayə” ata ilə 3-4 gecədən sonra, Stiven yenə gecə ərzində 1-2 dəfə süd əmmək üçün oyanmağa başladı. Əvvəlcə uşaqlar ana əvəzinə ataya etiraz edə bilərlər, lakin, yadda saxlayın, sevgi dolu valideynin qucağında ağlamaqla, çarpayıda tək ağlamaq eyni şey deyil. Atalar, bilməlidirlər ki, bu cür gecə sınaqları zamanı siz tamamilə sakit olmalısınız. Əgər körpəniz sizin onu sakitləşdirmək cəhdlərinizə müqavimət göstərirsə, öz həyat yoldaşınızın və balanızın xeyri üçün hirslənməyin və acıqlanmayın.
“Ataya təhvil” üsulunu uzunmüddətli tətil və ya həyat yoldaşınızın işə səhər durmaq məcburiyyətində olmadığı digər vaxtlarda sınayın. Ola bilsin ki, həyat yoldaşınızı yola gətirməli olacaqsınız, lakin, sizi inandırıram ki, biz özümüz bu üsulu sınaqdan keçirmişik. Əlbəttə, bu üsulların istifadəsinə, yalnız uşaq kifayət qədər böyüdükdə və altıncı hissiniz sizə, onun döşü həqiqətən ehtiyacı olduğu üçün yox, vərdiş etdiyi üçün tələb etdiyini deyəndə başlaya bilərsiniz.

8. Yatmış bədənlər arasında məsafəni artırmaq
Əgər yuxarıda sadaladığımız məsləhətlər “gecə sorucusunun” iştahasını azaltmayıbdırsa, siz isə təslim olmamısınızsa, təzə yatış üslubuna keçin. Uşağı otağınızda yerə sərilmiş döşəkdə və ya hətta qardaşı və ya bacısı ilə digər otaqda yatızdıra bilərsiniz. Uşaq oyandıqda, ana və ya ata onu sakitləşdirmək üçün, yanında uzana bilərlər. Əgər anaya yaxınlıq, gecə əmizdirmələrinin sayını artırırsa, ana uşağı əmizdirə, daha sonra yenə öz çarpayısına keçə bilər.

9. Sadəcə “yox!” demək
Oğlumuz Metyu 20 aylıq olanda, Marta gecə ərzində iki dəfədən çox oyanmalı olduqda, yuxusunu ala bilmirdi. Mən tez-tez bu cür dialoqu eşidərək oyanırdım: “Məməəəşşş” – “Yox!” – “Məməəəşşş” – “Yox!” – “Məməəəşşş” – “İndi yox. Səhər. Ana yatır. Sən də yat”. Ciddi, lakin sakit səs tonu demək olar ki, həmişə işə yarayırdı. Siz, özünə inamlı, uşağınızı sarsıtmadığınıza qəti əmin olsanız, sakitliyinizi qorumuş olacaqsınız.

10. Digər otaqda yatmaq
Əgər uşaq ardıcıl əmməkdə israr edirsə, “gecə-gündüz dayanmadan çalışan restoran” digər otağa keçsin, uşaq isə bir neçə gecə atası ilə yatsın. Ola bilsin ki, döş əlçatmaz olduqda, körpə bu qədər tez-tez oyanmayacaqdır. Oyandıqda isə, atası ilə təskinlik tapmağı öyrənəcəkdir. Başqa otağa köçmə tədbirinə, ən son vasitə olaraq əl atın.

11. Uşaq-barometr
Uşağın davranış modelini dəyişməyə çalışdıqda, hər hansı bir üsulun pis işlədiyini görürsünüzsə, israr etməyin. Uşağın gündüz davranışları, sizin gecə təcrübələrinizin düzgün istiqamətdə işləyib-işləmədiyinin göstəricisi olmalıdır. Əgər, bir neçə “gecə ayırmalarından” sonra uşaq özünü əvvəlki kimi aparırsa, tədrici süddən ayırmaya davam edin. Amma əgər o sizdən yapışır, zarıldayırsa və ya əksinə, sizdən uzaqlaşırsa, bu vəziyyətə biganə qalmayın, süddən ayırma tempini yavaşladın. Bütün uşaqlar tez və ya gec döş əmməyi başa vurur və bütün gecəni yatmağa başlayırlar. Və bu gecə valideynliyi mərhələsi başa çatır. Uşaqların sizin qucağınızda, sinənizdə, çarpayınızda keçirdiyi dövr – onun həyatında çox qısa bir zaman kəsiyidir, lakin sevgi və əlçatan xoşbəxtlik haqqında xoş xatirələr əbədi olaraq onların yaddaşına həkk olunur.

Müəllif: Marta və Üilliam Sirs
Mənbə: www.gvinfo.ru
Tərcümə: Xumar Ərşadlı

1 Comment

  • senuber
    Posted 23 Yanvar 2014 22:46 0Likes

    Yarali yerimdir. Geceni demek olar ki, agzindadir. Burda sadalananlarin bezilerin etmisem neticesi olmayib. Allah razi olsun.

Şərh əlavə et

Anasudu.az © 2011 - 2024. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.