Məlumdur ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə əsasən körpələrə həyatlarının ilk 6 ayı ərzində yalnız ana südü verilməli, 2 yaşına qədər isə uşaqlar əlavə bərk qida ilə yanaşı ana südü ilə qidalandırılmalıdır. Lakin bəzi istisna hallar var ki, bu hallarda anaya döşlə əmizdirməyə qarşı bəzi əks göstərişlər yaranır. Bunların bəzisi müvəqqəti, bəziləri isə daimi ola bilər. Əks göstəriş üçün səbəblərin ən çox rast gəlinənlərindən biri müasir dövrdə geniş yayılmış infeksiyalardir. İnfeksiya xəstəlikləri bakteriya, göbələk və ya virus tərəfindən əmələ gəlir, bir insandan digər insana, həmçinin heyvandan və bitkidən insana keçmək təhlükəsi yaranır. İstənilən mənşəli infeksiyalara yoluxmanın əksər hallarında əmizdirməni davam etmək mümkündür. Bu zaman analara sadə gigiyenik qaydalara riayət etmək tövsiyyə olunur:
- Ana əllərini tez-tez yumalı
- Açıq yara və səpgiləri örtməli və həmin nahiyyə ilə təmasa yol verməməli
- Körpənin anasının selikli qişasına xüsusən burun və ağzına toxunmasının qarşısı alınmalı
- Bəzi hallarda ana steril əlçək və maska geyməli
Ananın əmizdirməni davam etməli yoxsa dayandırmalı sualına cavab kifayət qədər mürəkkəbdir. İlk növbədə anada mövcud olan xəstəliyin mənbəyi araşdırılmalı və düzgün diaqnoz qoyulmalıdır. Aşkarlanan xəstəlik haqqında anaya və körpənin digər yaxın qohumlarına təfərrüatlı məlumat verilməlidir. Əgər infkesiya ana südü vasitəsilə keçirsə, o zaman əmizdirilmə dayandırılmalı və ana müalicə almalıdır. Əgər infeksiya ana südü vasitəsilə keçmirsə, lakin hava-damcı və təmas zamanı keçirsə bu halda ana və körpə biri-birindən təcrid edilir lakin ananın sağılmış südü körpəyə davamlı olaraq verilməsi həyata keçirilir. Əgər müalicə zamanı istifadə olunan dərman preparatları südə keçirsə, müalicə zamanı əmizdirmə dayandırılmalı və donor südü tətbiq edilməlidir. İnfeksion xəstəliklərin daha ətraflı təsnifi üçün Childbirth İnternational Təlim Təşkilatı tərəfindən tərtib edilmiş aşağıdakı cədvəllər verilmişdir.
Bakterial infeksiya
Xəstəliyin adı | Əmizdirmək | Körpəni təcrid etmək | Təhlükəsizlik |
Qarayara | Olar | Xeyr | Yara örtülməli |
Botulizm | Olar | Xeyr | |
Bruselyoz | Olmaz | Xeyr | Müalicə ərzində (48-72 saat) əmizdirilmə dayandırlır. |
Difteriya | Olar | Xeyr | Döş dərisi salamat olmalı |
Hemofil çubuğu | Olar | 24 saatlıq edilməli | Təcili müalicə başlanmalı |
Cüzam | Olar | Minimallaşdırılmalı | Uzun müddətli təmasla keçə bilər |
Listerioz | Olar | Xeyr | |
Mastit | Olar | Xeyr | |
Meninqokokk | Olar | 24 saatlıq edilməli | Ananın sağılmış südünü vermək olar |
Göyöskürək | Olar | Müalicə başlayandan 5 gün ərzində edilməli | Ananın sağılmış südünü vermək olar |
Stafillokokk | Olar | Müalicəyə başlayandan 24 saat ərzində edilməli | Ananın sağılmış südünü vermək olar |
Vərəm | Olmaz | Xəstəliyin kəskin və fəal dövründə edilməlidir | Anada vərəm mastiti olarsa, müalicə(2 həftə) tamamlana qədər südü vermək olmaz. |
Virus infeksiyaları
Xəstəliyin adı | Ananın südü | Körpəni təcrid etmək | Təhlükəsizlik |
Arboviruslar | Olar | Xeyr | Ehtiyat tədbirləri |
Arenaviruslar | Olar | Xeyr | Ehtiyat tədbirləri |
Sitomeqalovirus | Olmaz | Xeyr | Erkən doğulmuşlar üçün xüsusən təhlükəlidir |
Denge qızdırması | Olar | Xeyr | |
Epşteyn-Barr virusu | Olmaz | Məlum deyil | Müalicə mütləqdir |
Hepatit A | Olar | Xeyr | Ehtiyat tədbirləri |
Hepatit B | Olar | Xeyr | Ehtiyat tədbirləri |
Hepatit C | Olar | Xeyr | Ehtiyat tədbirləri |
Hepatit D | Məlum deyil | Xeyr | Peyvənd |
Hepatit E | Olar | Xeyr | Ehtiyat tədbirləri |
Hepatit G | Olmaz | Xeyr | Donor südü |
Herpes | Olar | Xeyr | Gilədə varsa əmizdirmə dayandırılmalı, yara ilə təmas olmamalı |
Papillomaviruslar | Olar | Xeyr | Döşdə infeksiya varsa əmizdirmə dayandırılmalı |
Qızılca | Olar | 72 saat edilməli | Ananın sağılmış südünü vermək olar |
Qulaqdibi xəstəliyi | Olar | Xeyr | Ana südündə buna qarşı anti-cisimlər var |
Parvovirus | Olar | Xeyr | |
Poliovirus | Olar | Xeyr | |
Rotavirus | Olar | Xeyr | Ana südündə buna qarşı anti-cisimlər var |
Məxmərək | Olar | Xeyr | |
Onkovirus | Olar | Xeyr | |
Suçiçəyi | Olar | İnfeksiya müddətində edilməli | Ananın sağılmış südünü vermək olar |
QİÇS | Olmaz | Xeyr | Donor südü |
Quduzluq | Olar | Mütləq | Peyvənd |
Ağrı kəskin respirator sindromu | Olar | Xeyr | |
Təbii çiçək | Olar | Mütləq | Ananın sağılmış südünü vermək olar |
Qərbi Nil qızdırması | Olar | Xeyr | Ana südündə buna qarşı anti-cisimlər var |
Digər yoluxucu xəstəliklər
Xəstəliyin adı | Ana südü ilə keçir | Körpəni təcrid etmək | Təhlükəsizlik |
Malyariya | Xeyr | Xeyr | |
Kandida | Bəli | Xeyr | Müalicə ilə birlikdə əmizdirmə davam edilməli |
Bağırsaq lyambliası | Bəli | Xeyr | Ana südündə buna qarşı müdafiə maddələri var |
Laym xəstəliyi | Naməlum | Xeyr | Müalicə müddətində əmizdirmə dayandırılmalı |
Sifilis | Xeyr | Açıq yara varsa, edilməli | Müalicədən 24 saat sonra sağılmış ana südü verilə bilər |
Toksoplazmoz | Xeyr | Xeyr | Əmizdirmək olar |
Vagina trixomonadı | Xeyr | Xeyr | Əmizdirmək olar |
Anada istənilən növ xəstəlik müşahidə edilərsə, valideynlər xəstəlik haqqında, onun körpəyə yetirəcəyi potensial risk və zərərlər haqqında həkimlər və tibbi personal tərəfindən məlumatlandırılmalıdırlar. Əmizdirmənin dayandırılması mütləqdirsə, anaya beynəlxalq səhiyyə standartlarına uyğun olaraq aşağıdakılar təklif edilməlidir:
- Ana körpədən təcrid olunmalıdır lakin südü yoluxucu deyilsə, bu halda ananın özünün sağılmış və ya dondurulmuş südü.
- Ana körpədən təcrid olunmasa da südü yoluxucudursa, bu halda donor südü. Əgər donor südü əldə etmək heç cür mümkün deyilsə, o zaman yeganə alternativ olaraq süni qida tövsiyə oluna bilər.
Müəlliflər: Nərgiz İsmailova Yusifli, Həkim-infeksionist.
Səltənət Zülfüqarova, Əmizdirmə məsləhətçisi.