Ana südünün əmizdirməyə təhlükəli dərmanlardan təmizlənməsi
Anaların adətən “Əmizdirməyə uyğun olmayan dərman istifadə etmişəm, bunu necə südümdən təmizləyə bilərəm?” kimi narahatlığına “Südü sağıb at” kimi bəsit bir cavab eşitmələri günümüzün reallığı olaraq qalır. Bəs doğrudanmı bu məsləhət effektivdir? Belə çətin bir suala, belə bəsit bir cavab vermək, özülüyündə yanlışdır. Bunu anlamaq üçün ilk növbədə dərmanın ana südünə necə daxil olduğunu izah etməyə çalışaq.
Dərmanların ana südünə təsirini öyrənən əfsanəvi alim Thomas W. Hale “Drug Entry into Human Milk” adlı elmi məqaləsində dərmanların ana südünə keçmə prosesini çox aydın şəkildə izah edərək bunun altı əsas amildən asılı olduğunu vurğulayır:
O bildirir ki, hər bir dərmanın ana südünə keçmə dərəcəsi ilk növbədə onun yağda həllolma xüsusiyyətindən asılıdır. Lipofilik, yəni yağda yaxşı həll olan maddələr südün yağ tərkibinə daha asan daxil olur və orada toplanmağa meylli olur.
Bundan əlavə, molekulyar ölçü də böyük rol oynayır — kiçik molekullu dərmanlar süd vəzilərinin baryerini daha asan keçir, böyük molekullar isə adətən keçə bilmir.
Hale həmçinin qeyd edir ki, ananın qan plazmasında preparatın konsentrasiyası nə qədər yüksək olarsa, onun orqanizm və süddən xaricolma müddəti daha uzun olar.
Lakin bu prosesə plazma zülalına bağlanma dərəcəsi də təsir göstərir: dərman zülallara nə qədər çox bağlanırsa, onun sərbəst fraksiyası bir o qədər azalır və bu da südə keçmə imkanını azaldır.
Bununla yanaşı, dərmanın oral bioyararlanması da mühüm amildir, çünki dərman süd vasitəsilə körpəyə keçsə belə, əgər o, körpənin mədə-bağırsaq sistemindən sovrulmursa və ya orada parçalanırsa, sistemik təsir göstərmir.
Nəhayət, dərmanın yarımparçalanma müddəti (t½) də prosesin davamlılığına təsir edir — yarımparçalanma müddəti uzun olan dərmanlar ananın orqanizmində daha çox qalır və nəticədə süd vasitəsilə daha uzun müddət ərzində keçə bilir. Beləliklə, dərmanın ana südünə keçməsi onun kimyəvi-fiziki xüsusiyyətləri ilə yanaşı, ananın orqanizmdəki vəziyyəti və dərmanın farmakokinetik göstəricilərindən də asılıdır.
Yuxarıda qeyd olunan amillər dərmanların süd vasitəsilə keçmə mexanizmini izah edir. Bununla belə, klinik praktikada daha vacib məsələ — dərmanın orqanizmdən xaricolma müddətinin və süddə qalma səviyyəsinin müəyyən edilməsidir. Yuxarıda qeyd etdiyimiz amillər dərmanların ana südünə necə keçdiyini izah edirdi. Amma indi başqa bir sual yaranır: əgər dərman artıq südə keçibsə, o, orada nə qədər qalır və bədəndən necə xaric olur? Xüsusən söhbət əmizdirməyə əks göstəriş olan dərman vasitələrindən gedirsə…
Bu suala Anderson və Sauberan adlı tədqiqatçılar öz elmi işlərində cavab verməyə çalışıblar. Onlar araşdırmalarında göstərirlər ki, dərman ananın bədənindən yalnız zaman keçdikcə və orqanizmdəki miqdarı azaldıqca təmizlənir. Yəni, dərman bədəndə azaldıqca, südün tərkibindəki miqdarı da eyni şəkildə azalır. Alimlərin fikrincə, dərmanın süddə tam yox olması üçün müəyyən vaxt keçməlidir. Bu vaxt dərmanın növündən, onun bədəndə parçalanma sürətindən və yağda həll olma xüsusiyyətindən yəni, Thomas W. Hale də vurğuladığı kimi lipofillik xüsusiyyətindən xeyli asılıdır. Bəzi dərmanlar bədəndə çox qalmır, bir neçə saat və ya gün ərzində tam təmizlənir, amma bəziləri yağda toplandığı üçün daha uzun müddət südün tərkibində də qala bilir.
Anderson və Sauberan hesab ediblər ki, dərmanların çoxu süd vasitəsilə çox az miqdarda körpəyə keçir və bu, çox vaxt təhlükəli sayılmır. Amma yenə də bu miqdar dərmanın növündən və ananın orqanizmindən asılı olaraq dəyişə bilər. Onlar bildirirlər ki, hər dərman üçün bədəndən təmizlənmə müddəti fərqlidir və bu müddət keçmədən südü “təmizləmək” mümkün deyil.
Bütün bunlarla yanaşı alim, həkimlər arasında geniş yayılmış “südü sağıb atmaq” tövsiyəsinə də toxunur. Bu, yanlış yanaşmadır: südü sağıb atmaq nə südün tərkibindəki dərman miqdarını azaldır, nə də dərmanın ananın bədənindən tez çıxmasına səbəb olur. Sağıb atmaq yalnız döşdə dolğunluğu azaltmaq və süd istehsalını sabit saxlamaq üçün faydalıdır. “Sağıb atmağın” isə dərman qəbul edən ana bədənindəki dərman miqdarına heç bir müsbət təsiri yoxdur.
Dərmanların südə keçməsini qismən azaltmaq və riski minimuma endirmək üçün ana imkan daxilində müalicənin vaxtını əmizdirmə intervalına uyğun qismən gecikdirə və ya düzgün zamanlaya bilər. Bu, əmizdirməni dayandırmaq demək deyil; sadəcə daha uyğun zaman seçməkdir. Eyni təsirə malik, südə az keçən və ya əmizdirməyə uyğun hesab olunan alternativ dərmanlardan istifadə etmək də mümkündür. Ana mütləq həkiminə əmizdirdiyini bildirməli, laktasiyanın onun və körpəsi üçün önəmini vurğulamalıdır ki, həkim təhlükəsiz seçim edə bilsin.
Alim həmçinin dərmanın qəbul formasının vacibliyini qeyd edir. Dəriyə çəkilən preparatlar, burun spreyləri və inhalyasiya (nəfəsə çəkilən) dərmanlar ümumən daha az təhlükəlidir, çünki bədənə daha az qarışır və nəticədə südə keçmə ehtimalı aşağı olur. Oral (ağızdan) və ya inyeksiya yolu ilə verilən preparatlar isə qanda daha yüksək səviyyə yarada bildiyi üçün südə keçmə ehtimalı nisbətən daha çoxdur. Müalicə planı hazırlanarkən bu fərq mütləq əmizdirən ana, onun ailəsi və ən əsası onu müalicə edən tibbi heyət tərəfindən ciddi nəzərə alınmalıdır.
Müəllif: Həcər Piriyeva
Əmizdirmə məsləhətçisi