Bağla

Süni Qida və Ailə Büdcəsi-2024

Ana südü körpə üçün bioloji optimal, ekoloji etik və ailə üçün iqtisadi baxımdan əlverişli qidadır. Lakin müxtəlif səbəblərdən bəzən analar süni qidaya müraciət etmək məcburiyyətində qalırlar. Adətən bu səbəblər əksəriyyətin düşündüyü kimi ananın “südsüz” olmasında deyil, əmizdirmə məsələlərində dəstəyin az olmasında və ya olmaması ilə əlaqədardır.

2014-cü ildə anasudu.az saytının təşəbbüsü ilə Azərbaycanda quru süd qarışığının (süni qida məhsullarının) ailə büdcəsi miqyasında illik xərcləri hesablanmışdır. 10 ilin tamamında anasuzu.az saytının komandası olaraq, meta analiz keçirərək 2024-cü ilin göstəriciləri ilə yeni bazar araşdırması etmək qərarına gəldik.

İlkin araşdırma ilə əlaqədar məlumatları bu keçiddə ətraflı oxuya bilərsiniz. Məlum olmuşdur ki, 2014-cü ilin araşdırmalarına əsasən Azərbaycanda orta statistik ailə yalnız süni qidaya ildə minumum 442.80 manat, maksimum isə 1738.80 manat xərcləyir. Bu xərclər yalnız süni qidaya sərf olunan və müstəsna süni qida ilə bəslənən körpələrə şamil edilmişdir. Həmçinin bu xərclərə süni qida ilə qidalandırmaq üçün tutulan vəsait və vasitələr daxil edilməmişdir. Süni qidanı qarışdırmaq üçün adətən dükanlardan alınan içməli sular, su termosu, əmmə ehtiyaclarını qarşılamaq üçün əmziklər, qidalandırmaq üçün əmzikli butulkalar, qidalandırıcı vasitələri təmizləmək üçün əmzik və butulka sterilizatoru, yuyucu vasitələr, ailənin süni qida hazırlaması üçün sərf etdiyi elektrik enerjisi, təbii qaz və su məsrəfləri rəqəmlərdə əks etdirilməmişdir.

İlk növbədə son on illikdə Azərbaycanda doğulan körpələrin demokqrafik parametrlərini araşdırmağa çalışdıq. Məlum oldu ki, ölkəmizdə uşaqların diri doğuş sayı ildən-ilə azalmaqdadır. Bunun aşağıdakı qrafikdə aydın şəkildə izləmək mümkündür.

Diri doğulan körpələrin sayının azalmasına baxmayaraq, 1 yaşına qədər ölən körpələrin sayında diri doğulanlara faiz nisbəti ilə ildən-ilə azalması müşahidə edilir. Bu sevindici hal tibbin inkişafı, neonatal qayğının keyfiyyətinin yüksəlməsi ilə əlaqədar ola bilər. Belə ki, keçmiş illlərdə qlobal miqyasda neonatal qayğının aşağı səviyyədə olması səbəbilə tələf olan körpələrin müasir şəraitdə sağqalma imkanları daha yüksəkdir. Lakin bu uşaqların əksəriyyətinin səhhətini nisbi olaraq sağlam hesab etmək olar, beləki, məhz bu körpələrin əmizdirilməsində sağlam körpələrə nisbətdə daha çox dəstəyə ehtiyacı yaranır. Adətən həmin körpələrin səhhəti, əmmə refleksləri zəif, udqunma və tənəffüs qabiliyyətlərində məhdudluq sezilir, onların döşə qoyulması və ana südü ilə qidalandırılması çətinliklərlə müşayiət olunur. Bu tendensiyanın olması əslində həmin körpələrin əmizdirmə məsləhətçilərinə daha çox ehtiyaclı olmalarının göstəricisi də ola bilər. Bu səbəbdə yerli xəstəxanalarda ana südü və əmizdirmə məsləhətçiləri sahəsində olan işçilərin artırılması ana südü ilə qidalandırma faizlərinin yüksəldilməsində böyük rol oynaya bilər.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən Azərbaycanda 2024-cü ildə 102310 nəfər uşaq diri doğulmuşdur. Onlardan süni qida və ya qarışıq qidalanan körpələrin 0-3 ayına qədər sayı 59010, müstəsna ana südü ilə qidalananların sayı isə 43300 nəfərdir. Doğumundan 3 ayına qədər olan körpələrin yalnız 42.3%-i ana südü ilə bəslənmişdirlər.

3-6 ayına qədər isə uşaqların 77510 nəfər süni qida və ya qarışıq qidalananlar, 24800 nəfər isə müstəsna ana südü alan körpələrin sayıdır. 3 ayından 6 ayına qədər olan körpələrin yalnız 31.1% ana südü ilə bəslənmişdirlər.

6-12 aya qədər uşaqların 71310 nəfəri süni qida və ya qarışıq qialananlar, 31000 nəfər isə hələ də ana südü ilə bəslənənlərdir. Bu isə o deməkdir ki, yalnız 30.3% körpələr bu yaş aralığında ana südü ilə qidalananlardırlar.

2 yaşına kimi ana südü ilə bəslənməni davam edən körpələrin ümumi sayı isə 5400 nəfər olmuşdur. Bu isə bu isə həmin yaşda olan uşaqların yalnız 5.3%-ini təşkil etmişdir. Xatırladaq ki, bütün qlobal və yerli mötəbər səhiyyə qurum və təşkilatları körpələrin 2 yaşa qədər əmizdirilməsini israrla tövsiyə edir. Erkən yaşlı uşaqların qida rasionunda ana südünün 2 yaşa qədər olması sağlamlıq və inkişaf üçün vacib ünsürlərdən hesab edilir.

Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə 12 ayına qədər ana südü ilə bəslənən körpələrin faizi 35.5%, 2024-cü ildə isə 30.3% olmuşdur. 2014-cü ildə 2 yaşına kimi ana südü ilə bəslənməni davam edən körpələr 6.69%, 2024-cü ildə 5.3%-ini təşkil etmişdir. Həmçinin bu illərin digər ay qrupu üzrə müqayisəsini aşağıdakı qrafikdən aydın şəkildə izləmək olar.

Digər ölkələrdə körpə qidası bazarında baş verən dəyişikliklərə araşdırmaq üçün bir neçə rəsmi mənbələrini gözdən keçirdik. ABŞ Kənd Təsərrüfatı Nazirliyi İqtisadi Tədqiqat Xidməti, ABŞ Əmək Statistikası Bürosu, Hökumət Hesabatlılığı Ofisi mənbələrinin hesabat və bazar araşdırmalarına əsasən ABŞ-da körpə qidası və süd qarışığının qiyməti 1997- 2025-ci illər arasında 126,35% artmış, orta inflyasiya tempi ildə 2,96% təşkil etmişdir. ABŞ Əmək Statistikası Bürosunun məlumatına görə, körpə qidası və süd qarışığının 1997-2025-ci illərdə dəyər fərqi 25,27 dollardır. Perinatologiya Jurnalına görə, ABŞ-da ailələr körpə qidasına ildə təxminən 760 -2280 dollara qədər pul xərcləyirlər. Lakin, digər hesablamalara görə markadan, növdən və istehlak edilən miqdardan asılı olaraq ilk il üçün bu rəqəm 3600 dollara qədər dəyişə bilər. Nəticə etibarilə Amerikalı ailələr süni qidaya cari məzənnə ilə 1292-6120 manat ekvivalentində pul xərcləyirlər.

Böyük Britaniyada isə süni qida xərclərinin qiyməti 2021-ci ilin mart ayı ilə 2023-cü ilin aprel ayı arasında orta hesabla 24% artıb. Rəqabət və Bazarlar Qurumu (CMA) körpə qidası ilə bağlı bazar araşdırması aparmış və 2021-ci ilin dekabr ayı ilə 2023-cü ilin dekabr ayı arasında 18-36% qiymət artımları da daxil olmaqla, nəticələri barədə hesabatlar dərc etmişdir. Britaniyalı ailələr körpə qidasına ildə təxminən 720-1645 funt sterlinqə qədər pul xərcləyirlər. Cari valyuta məzənnəsi ilə bu qiymətlər təxminən 1631.74-3682.04 manatdır.

Yuxarıda sadalanan ölkələrin özlərinin süni qida istehsalçıları olduqları faktı diqqətdən yayınmamalıdır. Məsələn, Amerika Birləşmiş Ştatları ölkə olaraq iri süni qida istehsalçısı hesab olunur. Ölkədaxili istehlak edilən süni qidanın 98% elə ABŞ-ın özündə istehsal edilir. Dünyanın ən böyük 10 şirkətlərindən 2-si məhz ABŞ mənşəlidir.

Böyük Britaniya Krallığı da öz növbəsində iri süni qida istehsalçı şirkətlərə malikdir. Bu şirkətlər Avropanın 3 nəhəng süni qida istehsalçılarından biridir. Dünya üzrə ən böyük süni qida istehsalçı şirkəti İsveçrə, Fransa, Birləşmiş Krallıq olaraq ilk üçlüyə daxildir.

Azərbaycanda süni qidaların yerli istehsalı olmaması səbəbindən qiymətlər süni qidanın markasına, idxal və logistika xərclərinə görə də hesablanır. Uşaq qidası üçün quru süd qarışığının (süni qidanın) kiloqramı 2020-ci ildə 33.37 manat olduğu halda, 2024-cü ildə 41.5 manat təşkil etmişdir. Son dörd ildə süni qidanın artımı 18.50% artmışdır. Bu artım rəqəmi həmçinin Böyük Britaniya uşaq qidası bazarında baş verən qiymət artımına uyğun gəlir. Yerli bazarımızda son 4 ildə süni qida qiymətinin bahalaşması təqribən süni qidanın kiloqramına müvafiq olaraq 7.68 manat bahalaşma müşahidə edilmişdir. Bu rəqəm isə həmçinin ABŞ uşaq qidası bazarında son 4 ildə təqribən 4. 48 dollar (7.06 manat cari məzənnə ilə) bahalaşmasına uyğun gəlir.

Müqayisə üçün qeyd edək ki, 2014-ci ildə əczaxanalarda və ərzaq dükanlarında süni qidaların qiymətlərinə dair araşdırma aparılmış, nəticədə satışda mövcud olan ən ucuz 3.69 manat “Малютка” 0-6 ay, 300 qr), ən bahalı 19.32 manat “Kabrita” (0-6 ay 400 qr) müəyyən edilmişdir. Cari ildə də ən ucuz süni qida markası yenə də “Малютка” (0-6 aylıq 300 qr) 6.99 manat, ən bahalı marka isə Kabrita (0-6 aylıq 400 qr) 70.40 manat olaraq təyin edilmişdir.

UNİCEF hesablamalarına görə hər bir körpə ömrünün ilk ilində ortalama ayda 3-3.5 kq toz halında süni qida istehlak edir. Söhbət sözsüz ki, müstəsna süni qida ilə qidalanan körpədən gedir. Qarışıq qidalanan körpələrdə bu rəqəmlər daha aşağı göstəricilərə malik ola bilər. Nəticədə müstəsna süni qida ilə qidalanan körpə ildə toplam 36-42 kq toz halında süni qida istehlak edə bilir. Nəzərə almaq lazımdır ki, süni qidanın hamısı körpə tərəfindən bir qida qəbulunda istehlak olunmaya bilər və hazırlanan qarışıq qida təhlükəsizliyi məqsədilə adətən atılır. Amma bu fakt yenə də valideynlərin çəkdikləri xərcləri azaltmır. Araşdırmalara əsasən hər 1 kq süni qidanın hazırlanması üçün 4700 litr təmiz su tükədilməsi tələb olunur.

Nəticə etibarilə ən ucuz süni qida markasına ailənin büdcəsindən illik ortalama 909 manat xərc tələb edir. Ən bahalı süni qida markası isə ailə büdcəsindən ortalama 9152 manat xərc tələb edir. Nəzərə alaq ki, bu qiymətlər yalnız süni qida tozunun qiymətidir. Keyfiyyətindən və istehsalçı ölkədən asılı olaraq ortalama isti su üçün termos 17-35 manat, sterilizator 76-206 manat , əmizlikli şüşə 19-42 manat, süni əmzik 8-15 manat isə qiymətlər çərçivəsində dəyişə bilir. Həmçinin minimum hər 2-3 aydan bir əmzik və ildə ən azı 4 dəfə əmzikli şüşə gigiyena tələbatlarına uyğun olaraq dəyişdirilməsi nəzərə alınmalıdır. Ortalama süni qida ilə qidalandırmaq üçün lazım olan vasitələrə illik olaraq 217-499 manat xərclər tələb oluna bilər. Bu xərclərə süni qidanı hazırlamaq üçün alınan içməli su, vəsaitləri təmizləmək üçün yuyucu vasitələr, ailənin süni qida hazırlaması üçün sərf etdiyi elektrik enerjisi, təbii qaz və su məsrəfləri rəqəmlərdə əks etdirilməmişdir. Qeyd edək ki, süni qidanı hazırlamaq üçün suyun 70°C-yə qədər isidilməsinə ehtiyac var.

Azərbaycanda uşaq qidası üçün quru süd qarışığının (süni qidanın) 2024-cü ildə orta bazar qiymətinin 41,05 manat olduğunu nəzərə alsaq, ilk 12 ayda qarışıq və süni qida ilə qidalanan körpələrin istehlakını təmin edən süni qida distributorlarının ortalama illik dövriyyəsi 10 653 714 milyon manat təşkil etmə ehtimalı ortaya çıxır.

Süni qidaya keçid valideynlərin müstəqil seçimi və ya zərurətdən doğan bir addım ola biləcəyini göz önünə almaq mütləqdir. Lakin həmçinin unutmamalıyıq ki, ana südü ilə bəslənməni davam etmək, mütəxəssislərdən əmizdirmə dəstəyi almaq, körpə-ana sağlamlığına qısa və uzunmüddətli sərmayə, dövlət və ailə büdcəsinə qənaət, ətraf mühitə mərhəmətli yanaşma deməkdir.

Müəlliflər: Səltənət Zülfüqarova və Həcər Piriyeva

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Enter düyməsini basın
Follow Us
On Facebook
On Twitter
On GooglePlus
On Linkedin
On Pinterest
On Rss
On Instagram